Ac adamlar...

Onları pul təklif edib, yoldan çıxarırlar
Suriyaya çağırılan azərbaycanlılara verilən vədin heç biri yerinə yetirilmir


Azərbaycan gənclərinin Suriyaya axınının qarşısını almaq müşkülə çevrilib. Cihad adı altında və ya müəyyən miqdarda vəsait müqabilində aldadılaraq aparılan muzdluların sayı durmadan artır. Bu "qəhrəmanlar” vəhhabi məzhəbinə mənsub olan vətəndaşlarımızdır. Daha dəhşətlisi odur ki, həmin əməllərlə məşğul olan qüvvələr təbliğatlarını sosial şəbəkələrdə aparırlar.

Gəncləri döyüşə sövq edən videomateriallar paylaşırlar. Azərbaycan gənclərini "haqq yoluna” təhrik edən çağırışlar edirlər. Heç kimə sirr deyil ki, o gənclərin terrorçu qruplaşmalarda təşkilatlanmaları ölkəmizin gələcəyinə böyük təhlükələr vəd edir. Lakin hökumət və dövlət səviyyəsində önləyici tədbirlər görülsə də, axının qarşısı hələ ki alınmayıb. Görünən odur ki, proses getdikcə şiddətlənir. Onların hansı yollarla, kimin əli ilə keçməsi barədə birmənalı fikir yoxdur. İctimai-siyasi xadimlər bu cür tendensiyanın güclənməsini sosial təminatın zəifliyini və ölkədə islami maarifləndirmənin düzgün aparılmasında görürlər. Məsələ ilə bağlı "Şərq”lə fikirlərini bölüşən İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov söyləyib ki, onları müəyyən pul müqabilində aldadıb, aparırlar: "Bu gün (dünən) Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası və müvəqqəti saxlama kamerasında monitorinq keçirmişəm. Orada Suriyaya gedən bir neçə nəfər ilə görüşüb, danışıqlar aparmışam. Peşman olduqlarını bildirirlər. Deyirlər ki, Azərbaycanda verilən vədlər Suriyada öz təsdiqini tapmır. Müəyyən qrup insanlardır, gənclərə pul təklif edib, yoldan çıxarıb, aparırlar. Döyüş bölgəsinə çatan kimi sənədlərini əllərindən alırlar ki, qayıda bilməsinlər. Onları məcbur edib, təlimlər keçib, döyüşə göndərirlər. Hətta məcbur namaz qıldırırlar. Kim namaz qılmasa, öldürürlər. Söhbət budur”.

Suriyadan qaçanların ölkəmizdə həbsinə gəlincə, ekspert bildirib ki, onlar qanun qarşısında cavab verməlidirlər: "Onlar vəhhabi təriqətinə etiqad edənlərdir. Suriya ərazisinə Türkiyədən keçirlər. Nəzərə almaq lazımdır ki, həmin şəxslər bu gün həbs olunublarsa, deməli hamısı nəzarətdə olub”. Məhbuslara Yardım İctimai Birliyinin sədri Məmməd Zeynalov qeyd edib ki, bunlar heç də sadə vətəndaşlar deyil. Onun sözlərinə görə, "mücahidlər” bəzi iri təriqətlərə etiqad edənlərdir: "Onların əqidə arxasınca düşüb getdikləri inandırıcı deyil. Burda başqa maraqlar var. Söhbət maddi maraqlardan gedir. Sosial təminatın azlığı və ya işsizlik problemi bəzən gəncləri bu yolu seçməyə gətirib çıxarır. Etiraf edək ki, maliyyə çətinliyi ucbatından gedənlər də az deyil. Onlara böyük miqdarda pul verirlər”. Axının qarşısının alınmasına gəlincə, həmsöhbətimiz deyib ki, Suriya məsələsinə münasibətimiz aydın deyil: "Ona görə də heç bilmirəm bunun adını nə qoyaq. Niyə gedirlər? B.Əsəd rejimini müdafiə etməmişik ki, buna etiraz olaraq Suriyaya getsinlər”.

Suriyaya getmək barədə təbliğatların daha çox sosial şəbəkələrdə aparılmasına münasibət bildirən M.Zeynalov söyləyib ki, buna qarşı dövlət tərəfindən müəyyən addımlar atıla bilər: "Bununla belə sosial şəbəkəyə qadağa qoymaq olmaz. Bu, insan haqlarının pozulmasıdır. Bu işlə məşğul olan qüvvələr zərərsizləşdirilməlidir. Sosial şəbəkəni bağlamaqla axını dayandırmaq olmaz. Hər halda məsələnin kökü daha dərindədir”.

Ayyət Əhməd