Ac ölkə, yalavac millət...

Paşinyanın haylı-küylü şüarları nəyisə dəyişmək iqtidarında deyil
Ermənistanda durum daha da kəskinləşə və qarşısıalınmaz faciələrə səbəb ola bilər

Sosial durumu getdikcə daha da pisləşən Ermənistanda insanlar yenidən küçələrə axışıblar. Budəfəki etiraz aksiyalarının səbəbi maaşların aylardır verilməməsidir. Ötən gün "Nairit” zavodunun əməkdaşları paytaxt İrəvanda hökumət binasının qarşısına toplaşaraq yeddi aylıq əmək haqlarının ödənilməsini tələb ediblər. Zavod işçiləri etiraz əlaməti olaraq hökumət binasına giriş-çıxışı bağlayıblar və öz tələblərini səsləndiriblər:

"Paşinyanın əmək haqlarımızın verilməsinə dair vədindən aylar keçib. Amma hər dəfə "bu gün, sabah” deyə-deyə bizi aldadıblar. Fövqəladə hallar naziri baş nazir Paşinyana qarşı hərəkət edir. "Tsarukyan” bloku artıq seçki kampaniyasına başlayıb və bizim məsələ ilə məşğul olmur. Paşinyan isə problemin həlli ilə maraqlanmır. Əgər istəklərimiz nəzərə alınmazsa, daha kəskin addımlar atacağıq”. Zavod işçiləri digər fabriklərdə də eyni durumun olduğunu, həmin işçilərin də mitinq keçirəcəklərini bildiriblər. Ümumiyyətlə, işğalçı ölkədə iqtisadi vəziyyətin nə qədər bərbad olduğu hamıya məlumdur. İnqilab yolu ilə hakimiyyətə yiyələnən Nikol Paşinyan ilk günlərdə bütün problemlərin öhdəsindən gələcəyini açıqlasa da, bir neçə aydan sonra heç bir şey edə bilməyəcəyini anladı. Çünki başdan-başa korrupsiyaya bulaşmış, özbaşınalığın padşah olduğu bir rejimdə qısa zaman ərzində nəyisə dəyişmək mümkünsüzdür. Görünən odur ki, əvvəllər ağız dolusu rüşvətin aradan qaldırılmasından danışan Paşinyan hazırda belə bir problemin mövcudluğunu qəbul etmək istəmir.

Düşmən ölkədə yaşanan etirazlarla bağlı "Şərq”ə fikirlərini bölüşən politloq Tofiq Abbasov deyib ki, Paşinyanın hay-küyçü şüarları nəyisə dəyişmək iqtidarında deyil: 

"Əlbəttə, vəd vermək çox asandır, amma həyata keçirmək çətindir. Ermənistanın sosial-iqtisadi vəziyyətinin nisbətən dirçəlməsi üçün Paşinyan hökuməti şəffaf anti-böhran proqramı həyata keçirməlidir. Lakin ölkənin olan-qalan sərvətini köhnə silahlara sərf edən, saxta təbliğat hazırlayan ac hökumət hansısa islahat düşüncəsində deyil. Hazırda Ermənistan dövləti və xalqı ən ağır dönəmini yaşayır. Dözülməz vəziyyətə düşən əhali küçələrə çıxmaqdan, yarıtmaz hökumətə etiraz etməkdən başqa çarə tapmır. Problem ondadır ki, artıq etiraz aksiyaları da nəticə vermir. Xalqın mitinqləri ilə hakimiyyətə yiyələnən Paşinyan əhalinin tələblərini gözardı edir. İrəvan sadəcə siyasi deyil, iqtisadi sahədə də başını itirib. Şübhə yoxdur ki, Ermənistanda durumun daha da kəskinləşməsi qarşısı alınmaz faciələrə səbəb ola bilər”.

Analitik bildirib ki, Paşinyan hakimiyyətə yeni gəldiyi vaxtlarda özünə tərəfdar toplamaq məqsədi ilə saysız-hesabsız yalan vədlər verirdi:

 "Bəlkə fikirləşirdi ki, Sarkisyan rejiminin əhalidən taladığı var-dövləti, oliqarxların sərvətini əllərindən alaraq nəsə iş görə biləcək. Amma proseslər göstərdi ki, Nikol kiməsə güc yetirə, hansısa islahatın öhdəsindən gələ bilmir və getdikcə aciz duruma düşür.
Ermənistanın nicat yolu ancaq Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir. İşğalçı ölkə öz ambisiyalarından imtina edərsə, torpaqlarımızı qeyd-şərtsiz azad edərsə, o halda qaranlıqdan çıxar. Əgər İrəvan hökuməti Azərbaycanla barışığa can atmasa, əsassız iddialarından geri durmasa, düşmən ölkənin ayağa qalxması mümkün olmayacaq”.

İsmayıl