“Açıq söz”ün tarixi - Akif Aşırlı yazır






(Əvvəli ötən saylarımızda)

Anadolu qaçqınlarının bir hissəsi 1915-ci ilin əvvəllərindən İrəvan quberniyasında, Sürməli qəzasında məskunlaşdığından bölgədə humanitar fəlakət yarandı. İrəvandan Məhəmməd Hadi, M.E.Nasir və başqaları bu barədə qəzetə mütəmadi məlumatlar göndərir, problemin həllinin çətin olduğunu göstərirdilər.

M.Hadinin bu mövzuda məqalələrinin bir neçəsi "Hərbzədə müsəlmanlar” rubrikası altında dərc olunub (30 dekabr 1915-ci il, № 73). Qeyd edək ki, Anadolu qaçqınlarının vəziyyəti barədə xəbərlər qəzetdə adətən bu rubrika altında oxuculara çatdırılırdı. 3-5 yaşlı kimsəsiz, yetim uşaqlar üçün İrəvanda müxtəlif xeyriyyə tədbirləri keçirilir, bəzən bu körpələr yetimləri evi ilə yanaşı, ailələrə övlad kimi verilirdi. Müsəlmanların müqəddəs bayramlarında kimsəsizlər üçün ianə kampaniyaları təşkil olunurdu. Bu barədə verilən xəbərlərin birində deyilirdi: "Bu il axır çərşənbə münasibətilə martın birinci günü İrəvan Müsəlman Cəmiyyəti Xeyriyyəsi yetim uşaqlar üçün bayram düzəltmişdir” (8 mart 1916-cı il, № 130). Qaçqınların ərzaqla təmini üçün bütün vasitələrdən istifadə olunur, hətta cəmiyyətin səlahiyyətli nümayəndələri İrana gedib, ərzaq almaq üçün müvafiq orqanlarla danışıqlar aparırdılar: "İrəvandan. Bizə yazırlar ki, bu günlərdə Bakı Cəmiyyəti Xeyriyyəsi hərbzədələrə yardım şöbəsi nümayəndəsi Əhməd bəy Pepinov Cəmiyyətdən böyük bir məbləğ alıb, qaçqınlar üçün buğda almaq məqsədilə Maku xanlığına gedəcəkdir” (5 aprel 1916-cı il, № 151). Yetim qalmış uşaqların Qars, Ərzurum, Ərdahan ətrafından toplanaraq Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti tərəfindən müxtəlif bölgələrdəki yetimlər evinə və şəxsi ailələrə təhvil verilməsi barədə qəzetdə çox sayda xəbərlər dərc olunub. Belə məlumatlardan biri qəzetin 7 iyun 1916-cı il tarixli sayında nəşr edilib: "Trabzon dairəsində Soyuz qorodok nümayəndəsi Bakı Cəmiyyəti Xeyriyyəsinə məktub yazıb Trabzon dairəsində sahibsiz qalmış yetimləri qəbul etmək təklifi edir. 

Cəmiyyəti-xeyriyyə dün doktor Xosrov Paşa Sultanov məlum yetimləri Tiflisə gətirmək üçün ciddi təklif etmişdir. Bu barədə Soyuz qorodoka dəxi xəbər verilir ki, yetimləri doktor Sultanov tərəfindən göndərilən adamlara versinlər”.


Dini və milli hisslərin getdikcə insanların davranışlarına, dünyagörüşünə müsbət təsiri nəticəsində İrəvan müsəlmanları qaçqın soydaşlarının vəziyyətini nisbətən yüngülləşdirmək üçün öz xeyir işlərində yığılan vəsaiti xeyriyyə cəmiyyətinin hesabına köçürürdülər. 

Bu barədə Əhməd Pepinov az qala gözyaşardıcı tərzdə yazırdı: 

"Möhtərəm müdir, Sürməli mahalında, bütün İrəvan quberniyasında məlum olan kimi kəndlərdə toy edib, toy sahibinin nəfinə pul yığmaq qədim adətdir. Müharibə bütün fikirləri dəyişdiyi kimi, adətləri də pozdu. Bu axır vaxtlarda kəndlilərin varlı qismi eylədikləri toylarda qonaq çağırdıqlarından yığılan pulları kəndi mənfəətləri üçün götürməyib, qaçqınlar və hərbzədələrə paylamaq üçün cəmiyyəti xeyriyyəyə göndərirlər... Sürməli mahalından Əli Əkbər Ramazanov qardaşı üçün toyda yığdığını xeyriyyə cəmiyyətinə keçirib” (12 may 1916-cı il, № 183).

Mülki insanların qaçqın həyatı yaşaması Qafqazda yeni, həm də həlli müşkülə çevrilən xeyli sosial problemlərin yaranması ilə nəticələndi. Məhz buna görə qaçqınların məskunlaşdıqları ərazilərdə çalışması üçün qərar qəbul olundu. Qəzetin "Qaçqınlar haqqında” məqaləsində Qafqaz canişinliyi tərəfindən verilən qərar şərh olunurdu: "Canişin dəftərxanası Bakı qubernatoruna xəbər vermişdir ki, şurai-vəziradə xəzinə tərəfindən Bakı qubernatoruna xəbər verilmişdir ki, daxiliyyə vəziri tərəfindən daxil olmuş təklif müzakirə olunmuşdur. Qərara alınmışdır ki, işləməyə imkanı olan qaçqınlar camaat işlərində çox çalışsınlar” (6 mart 1916-cı il, № 128).

Bakı və ətraf bölgələrdə "Qardaş köməyi”, "Möhtaclara kömək”, "Əsirlər günü” adlı ianə kampaniyaları təşkil olunur, "Açıq söz” bu tədbirlərlə bağlı mütəmadi xəbərlər verir, təbliğat aparır, ardıcıl materiallar çap edirdi. 1916-cı ilin aprelin 5-də Bakıda bir günlük ianə yığımı ilə bağlı "Açıq söz”də elan dərc olundu və əhaliyə çağırış edildi: "Bakı Müsəlman Cəmiyyəti Xeyriyyəsi qorodnaçalnikə ərizə verərək, pərşəmbə günü may ayının 5-də keçən ilki kimi "Qardaş köməyi” adı ilə bir günlük cümə ianəsi yığmağa izn istəmişdir”. Hər bir müsəlmanı yardıma dəvət edən qəzet təbliğat aparmaqla yanaşı, kampaniyanın necə təşkil olunduğunu diqqətdə saxlayırdı. Dövrün tanınmış ziyalıları, qələm sahibləri də bu ianə toplanışında fəallıq göstərir, insanlarda mərhəmət duyğuları yaradırdılar. "Açıq söz”çü, Azərbaycanın ilk peşəkar qadın publisisti Şəfiqə Əfəndizadə ötən ilki qardaş köməyini xatırlayır, qadınları bu cür ianə yardımlarında fəallığa səsləyirdi.

"Qardaş köməyi” günündə ianə kampaniyasını müşahidə edən "Açıq söz”çü bu barədə yazır: "Qəzetəmizin əvvəlki nüsxəsində "Qardaş kməyi” günü barəsində təfsilat veriləcəyi vəd edilmişdir. Biz bu təfsilatı "Qardaş köməyi” gününün təsvirləri ilə vermək istəyiriz. Bu təsvirlər bəzi sinif və təbəqələrin əhval-ruhiyyəsini təsvir edir” (11 may 1916-cı il, № 182). Bəzi imkanlı müsəlmanların bu cür yardımlardan uzaq olduğunu təəssüflə qeyd edən məqalə müəllifi müşahidəsini faktlarla zənginləşdirir, bəzi varlı insanları qınayırdı.

Fəaliyyət sferası geniş, əhatəli olan Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti digər cəmiyyət və təşkilatlardan fərqlənirdi. Azərbaycanın ilk xeyriyyə cəmiyyətinin maliyyə hesabatları, idarə quruluşu, şöbələrin fəaliyyəti "Açıq söz”ün səhifələrində tarixiləşib. Cəmiyyətin 1915-ci ildə 10 illik yubileyi ilə bağlı qəzetdə bir sıra tanınmış qələm sahibinin yazıları işıq üzü görüb. Baş mühərrir M.Ə.Rəsulzadə 15 noyabr 1915-ci ildə "Cəmiyyəti Xeyriyyənin 10 illiyi” məqaləsi ilə təşkilatın faydalı işinə yüksək qiymət verirdi.

Bakıda, Gəncədə və ölkənin digər şəhərlərində fəaliyyət göstərən "Nəşri-maarif” Cəmiyyəti barədə də qəzetin müxtəlif nüsxələrində xeyli sayda materiallar dərc olunub. İdris Axundzadənin müəllifliyi ilə çap edilən materillar "Nəşri-maarif”in Gəncədəki fəaliyyəti barədə fikir yürütmək imkanı verir. Qəzetin 30 oktyabr 1915-ci il tarixli sayında millət fədaisi Ələkbər bəy Rəfibəylinin savadsızlığın ləğvi təşəbbüsü barədə deyilir: "Gəncədə "Nəşri-maarif” Cəmiyəti bütün məsuliyyəti öz üzərinə götürərək, kişilər üçün axşam kursları açmışlar. Milliyyətpərvər Ələkbər bəy Rəfibəylinin xeyirxah əməli nəticəsində və Məhəmməd Axundovun səyi ilə bu münasibətlə kursların uzunmüddətli keçirilməsi barədə qərar verilmişdir”. Cəmiyyətin ilk sədri Nəsib bəy Yusifbəylinin 1914-cü ildəki illik yekun hesabatından sonra istefa verməsi barəsindəki xəbərdə isə deyilir: "Noyabr ayının 21-də "Nəşri-maarif” Cəmiyyətinin sədri Nəsif bəy Yusif bəy Yusifbəyzadə Gəncə əhalisi maarif fədailərini dəvət edib, 1914-cü illlik hesabatını verərək istefa verib. Haman gün "Nəşri-maarif” Cəmiyyətinə Həsən bəy Ağayev sədr seçildi” (4 dekabr 1915-ci il, № 53). 1916-cı ilin 8 yanvar tarixində isə Ə.Tofiq Əfəndizadənin "Nəşri-maarif” Cəmiyyəti barəsində geniş məqaləsi dərc olunub.

"Açıq söz”ün əsas missiyasından biri də üzərinə müxtəlif istiqamətli maarifçilik missiyası daşımaq məqsədi qoyan yeni yaranan ictimai təşkilatlar barəsində oxuculara məlumat vermək idi. Gənc müsəlman ədiblər üçün "Ədəb yurdu” Cəmiyyətinin təsisi barədə məlumat verərək qəzet yazırdı: "Müsəlmanlar üçün, ələlxüsus, cavanlar üçün boş vaxtlarını keçirmək üçün "Ədəb yurdu”, rusca "Müsalmanskiy literaturnıy xudojestvennıy krujok” - yəni "Ədəb yurdu” təsis etmək fikri doğurmuşdur. Bu, fikir kimi qalmayıb, təsis olunmuşdur. Nizamnamə hazırlanmışdır. Başda İbrahim bəy Heydərov cənablarıdır. İcazə almaq üçün Bakı qorodnaçalnikinə müraciət edilmişdir” (23 dekabr 1915-ci il, № 68).

"Ədəb yurdu”nun fəaliyyətinə görə icazə verilməsi barədə qəzetin növbəti saylarının birində xəbər verilir, təşkilatın rəhbərliyinin tanınmış şəxsiyyətlər olduğu bildirilirdi. Təşkilatın idarə quruluşu haqqında xəbər verilirdi ki, çoxsaylı müsəlman ziyalılarının qatıldığı iclasda İbrahim bəy Heydərov sədr, doktor N.Nərimanov sədr müavini, Nurəli Əliyev isə xəzinədar seçilib. (31 oktyabr 1916-cı il № 315). Mərkəzi rus mətbuatı da bu hadisə barədə məlumatlar yayıb. "Baku” qəzeti 12 oktyabr 1916-cı il tarixli sayında "Ədəb yurdu”nun təsisi barədə xəbər verərək yazırdı ki, təşkilatın ilk iclasında N.Nərimanov yığıncaqda iştirak edən ziyalılara dərnəyin qarşısında duran vəzifələrdən danışıb.
Təkcə Azərbaycanda deyil, Rusiyada yaşayan, təhsil alanların da ədəbi cəmiyyətlər yaratması ideyasını yüksək qiymətləndirən "Açıq söz” Xarkovdan Tağı Şahbazi Simurqun göndərdiyi məlumatlara diqqətlə yanaşırdı. T.Şahbazi Xarkovda ali təhsil alan gənclərin ədəbi cəmiyyət yaratdığı barədə xəbər verərək yazırdı: "Milli ədəbiyyatımızın rövnəq tapması və müsəlman tələbələrinin haman ədəbiyyatla aşina olmaları üçün cəmiyyət var qüvvəsilə çalışacaqdır. Cəmiyyətin xüsusi kitabxanası və qiraətxanası olacaqdır”. (15 aprel 1916-cı il № 160)
"Nicat”, "Səfa”, "Mətbəə əmələləri” cəmiyyətlərinin yaradılması, iş metodları üçün qəzetdə kifayət qədər əhəmiyyətli faktlar əksini tapıb və bu, araşdırıcılar üçün olduqca maraqlı məlumatların əldə olunmasına imkanlar yaradır. Mədəni-kütləvi tədbirlərin keçirilməsinə öncüllük edən, savadsızlığa qarşı mübarizə aparan ictimai birliklərin önündə gedən "Nicat”ın fəaliyyəti barədə də yetərincə qəzetdə məlumatlar var. Bu məlumatları ümumiləşdirərək qeyd etmək olar ki, "Nicat”ın tədbirləri barədə öncədən verilən elanlar, tədbirə həsr olunan yazılar və hesabat xarakterli qeydlər qəzetin nəşri müddətində diqqətdən kənarda qalmayıb. 1906-1907-ci illərdə Müəllimlər Qurultayında qəbul olunan qərarların icrası da "Nicat”ın əsas qayəsini əhatə edir ki, bu yöndə də "Açıq söz”də maraqlı məlumatlar var. Xəbərlərin birində qurultayın qərarlarının icrası və təhsil sistemindəki problemlər barədə məlumat verilir: "”Nicat” nəşri-maarif cəmiyyətində dekabrın 11-də tədbir keçirilib və 1906-1907-ci illərdə Müsəlman Müəllimlər qurultayında qəbul olunan qərarların icra vəziyyəti barədə mükalimələr aparılıb.

(Davamı var)


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb