Adil Əliyev erməniləri bu sualla SUSDURUB

"Dağlıq Qarabağ Azərbaycan ərazisidir, sizin əsgərlərin orada nə işi vardı?"


Rusiyada Ermənistan -Azərbaycan  nümayəndə heyətləri arasında qarşıdurma yaşanıb.

Bunu Sherg.az-a spiker Oqtay Əsədovun rəhbərliyi ilə bir sıra millət vəkilinin Rusiya səfərindən danışarkən deputat  Adil Əliyev deyib. 

Onun sözlərinə görə, səfərdə çərçivəsində ayrı-ayrı komitələrin iclası keçirildi. Toplantılarda ümumi olaraq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılmadı: 

"Lakin gündəliyə salınan məsələlərin müəyyən olunması zamanı erməni nümayəndə heyətinin rəhbəri Naida Zaqradyan adlı qadınla bizim aramızda konflikt yaşandı. Nümayəndə heyətimiz Qarabağla bağlı məsələni gündəmə gətirməyə çalışdıqda N. Zaqradyan etiraz etdi. Bildirdi ki, keçən iclaslarda onun aprel savaşları ilə bağlı təklif etdiyi müzakirələr qəbul edilməyib. Bundan sonra xanım dezinformasiyalara əl atdı. Azərbaycanın cəbhə xəttində guya ermənilərə qarşı savaş açdığını bildirdi. Biz öz növbəmizdə onu yerində oturtduq. İştirak edən digər nümayəndə heyətləri məsələdən bixəbər olduğundan biz də Dağlıq Qarabağ münaqişəsinin gündəmə daxil edilib, müzakirə edilməsini istədik. 

Bəyan etdik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad edilməsini istəyirik. Qaçqın və məcburi köçkünlərimizin öz torpaqlarında yaşamaq hüququ var. Ermənilərin Xocalıda törədikləri soyqırımı əsrin faciəsi hesab olunur. Aprel savaşı da Ermənistanın Azərbaycana qarşı təxribatı idi və layiqli cavabını aldı. Sonda isə xanıma belə bir sual ünvanladım ki, Qarabağ Azərbaycan ərazisidir, sizin əsgərlərin orada nə işi vardı? Bundan sonra ermənilər sakitləşdi və iclasımıza davam etdik”.

Qeyd edək ki, Spiker Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya səfəri zamanı Ermənistan nümayəndə heyəti növbəti dəfə təxribata əl atıb.


Ayyət Əhməd