Adil Əliyev: "Niyə balalarımız qırılmalıdır?"





Millət vəkili Adil Əliyev cəbhə bölgəsinə səfər edib. Bu barədə "Şərq"-ə deputatın özü bildirib. Hazırda Füzuli rayonunda olduğunu deyən parlament üzvü qeyd edib ki, əsgərlər arasında, eyni zamanda mülki əhalidə yüksək əhval ruhiyyə və döyüş əzmi var: "Son günlər cəbhədə yaşanan gərginliklər Azərbaycan insanının milli və vətənpərvər ruhda olduğunu bir daha sübut etdi. Torpaqlarımızın işğaldan azad olunması üçün hazır olduğumuzu nümayiş etdirdik. Hər kəs Ali Baş Komandanın səfərbərlik əmrini gözləyir. Cənab Prezidentin qeyd etdiyi kimi uzun illərdir münaqişənin sülh və danışıqlar yolu ilə həllini istəyirik. Lakin məsələ diplomatik vasitələrlə həllini tapmasa, güc yolu ilə olsa da, torpaqlarımızı düşmən tapdağından azad etməyə qadirik. Son hadisələr bu fikirlərimizə şübhə yeri qoymadı. Biz hər zaman hazırıq".
Millət vəkili sosial şəbəkələrdə yer alan "atəş dayandırılmamalı idi" iddiasına da münasibət bildirib: "Bu fikirlər milli hisslərdən irəli gəlir. Ancaq böyük risklər edə bilmərik. Təbii ki, şəhid vermədən torpaqlarımız işğladan azad etmək imkanı varsa, nəyə görə, müharibə etməliyik? Niyə balalarımız qırılmalıdır?".

Ayyət Əhməd