“Adını yazdırıb, dərslərdə iştirak etməyən müəllimlər var”

“Əsas cinayət xarakterli əməl direktorun addımı hesab olunur”



Təhsil Nazirliyi informasiya şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən təlimdəki çıxışı zamanı müəllimlərin bir çox hallarda işinin başında olmaması məsələsinə diqqət çəkib.

Məktəblərdə, təhsil sistemində yüzlərlə, minlərlə adları gedən, lakin özləri olmayan müəllimlərin olduğunu deyən nazirlik rəsmisi hesab edir ki, müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi bu cür problemlərin aradan qalxmasına kömək edəcək. E.Əliyevin sözlərinə görə, ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir.
Təhsil eksperti Nabatəli Qulamoğlu isə hesab edir ki, proqramın nə dərəcədə effektiv olub-olmayacağı gələcəkdə bilinəcək: "Müəllimlərin diaqnostik qiymətləndirilməsinin maaş artımına heç bir aidiyyəti yoxdur. Bu mövzu ilə bağlı yazılan sənədin girişində yazılıb ki, diaqnostik qiymətləndirilmədə iştirak edən müəllimlərin qiymətləri artırılır. Əgər maaş artımı müəllimin bu qiymətləndirmədən müsbət və ya mənfi almasından asılı deyilsə, deməli, bunun üzərində dayanmağın bir o qədər də fərqi yoxdur. Bu proqramın nə dərəcədə effektiv olub-olmayacağı gələcəyə planlaşdırılıb.
Düşünürəm ki, Təhsil Nazirliyində də hesab edirlər ki, ilk növbədə diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin maaşları artırılır. Bundan sonra isə normal bal toplaya bilməyən müəllimlər növbəti mərhələdə yenidən qiymətləndirmədən keçməlidir. Növbəti mərhələdə müsbət qiymət alan müəllimlər bir kadr kimi istifadə olunacaqlar. Hələlik diaqnostik qiymətləndirmədən keçən müəllimlərdən kadr kimi istifadə olunması nəzərdə tutulmayıb”.
Adı olub özü olmayan müəllimlər məsələsinə gəldikdə isə ekspert deyib ki, məktəbdən aldığı maaş müəllimlərin ailəsinin dolanmasını tam təmin etməyəndə onlar müxtəlif vasitələrlə özlərinə iş axtarıb tapırlar: "Gələcəkdə təqaüd məsələsində heç bir problem yaşamasın deyə məktəbdən çıxmaq istəmirlər. Bu zaman məktəb direktoru ilə müəllimlər arasında qeyri-qanuni bir razılaşma olur. Müəllim adının məktəbdə getməsi şərti ilə aylıq maaşının hamısını direktora verir. İnanmıram ki, məktəbə gəlib, dərslərdə olmayan müəllimlər buna rəğmən maaşlarını özləri alsın. Direktorlar buna heç vaxt göz yummaz. Çox təəssüf ki, bu cür hallarda paytaxt, xüsusən də rayon məktəblərində daha çox rast gəlinir”. Ekspertin sözlərinə görə, aşkarlanacaqı halda bu saxtakarlığa görə məktəb direktorları birbaşa məsuliyyət daşıyır: "Bu məsələdə direktorlar ikiqat məsuliyyət daşıyır. Birincisi, vəzifə saxtakarlığıdır. İkincisi isə bu faktların maliyyə maxinasiyası hesab olunmasıdır ki, belə hadisələr ancaq istintaq orqanları tərəfindən öz həllini tapmalıdır. Adını yazdırıb, dərslərdə iştirak etməyən müəllimlər isə işdən xaric oluna və ya tənbehlənə bilər. Əsas cinayət xarakterli əməl direktorun addımı hesab olunur”.

Şəymən