
Afrika ölkələri Azərbaycanla əməkdaşlıqda maraqlıdırlar: Zimbabve idarəçilik təcrübəmizdən faydalanmaq istəyir
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva ölkəmizdə səfərdə oldu. Prezident İlham Əlieyavlə də görüşən Zimbabve lideri bir sıra məsələlərin müzakirəsinə qatıldı. Maraqlıdır ki, cənab Mnanqaqva xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib. Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələri seçib. O çıxışlarında da bunu təsdiqlədi.
Səfərdən öncə Zimbabve Prezidentinin mətbuat katibi açıqlama ilə çıxış edərək bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir. Məlumdur ki, Zimbabve təbii resurslarla, o cümlədən 60-dan artıq mineral növləri ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşib. Müstəmləkə siyasəti, xarici asılılıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə xidmət edib. Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xaraketrli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. Bu səfər də, ölkəmizdən örnək götürülməsi naminə Zimbabve lideri tərəfindən atılan addım kimi dəyərləndirilir.
Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünlümş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorununun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrəbə kimi nəzərdən keçirilir.
Təsadüfi deyil ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib. Bu da Afrika ölkələrinin bizim təcrübədən yararlanması marağının göstəricisidir.
1960-1990-cı illərdə Afrika ölkələrindən olan 7000-8000 tələbə Azərbaycanda təhsil alıb. Bununla yanaşı Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, o cümlədən Afrika ölkələri üçün Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin nəzdində yaradılan Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçirilib.
Nəzərə çatdıraq ki, Zimbabve Qoşulmama Hərəkatında fəal olan ölkədir. Məlumdur ki, 2019-2022-ci illərdə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatı üzv dövlətlərinin zirvə toplantısı Azərbaycanda keçiriləcək. Bu baxımda da Qoşulmama Hərəkatının fəal üzv ölkələrindən biri olan Zimbabvenin Prezidentinin ölkəmizə səfəri anlaşılandır.
Bütün hallarda isə, Azərbaycan beynəlxalq münasibətlərdə xoşməramla çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş ölkələrlə bölüşməyə hazırdır. Bu siyasətə görə də, etiabrlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olaraq, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır.

Millət vəkili Asim Mollazadə Sherg.az-a bildirib ki, nəinki Avropa ölkələrinin, eləcə də Afrikadakı dövlətlərin Azərbaycanla əməkdaşlıqda marağı var:
"Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı hər il artmaqdadır. Zimbabve də bu ölkələrdən biridir. Ölkəmiz beynəlxalq sahədə bir neçə istiqamətdə mövqelərini daha da gücləndirib. Güclü Azərbaycanla əməkdaşlıqda hər bir ölkənin marağı var və bu da təbiidir. Azərbaycan enerji sahəsində qlobal layihələrin müəllifidir. Zimbabve də resursları olan dövlətdir. Bu ölkə Azərbaycanın təcrübəsindən yararlanmaqda, struktur quruculuğumuzdan faydalanmaqda maraqlıdır. Bu baxımdan Zimbabve Prezidentinin ölkəmizə səfər etməsi anlaşılandır”.
Anar