Putin beynəlxalq təcriddən çıxış yolu tapdı? - Tramp və Cinpinlə gizli hesablar

“Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpin arasında mümkün görüşlə Kreml sahibinin beynəlxalq təcriddən çıxmağa çalışacağını bildirib”.

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu söyləyib.

“Təəssüf ki, Putinin təcriddən tədricən çıxması prosesi artıq başlayıb və bu, heç də ilk addım deyil”, - deyən Ukrayna lideri mümkün görüşdə konkret hansı məsələlərin müzakirəsindən xəbərdar olmadığını vurğulayıb.

Volodimir Zelenski əlavə edib ki, görüşdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaqsa, Kiyevlə məsləhətləşmələr aparılacağına inanır.

ABŞ dövlət katibi Marko Rubio isə “Fox News”a müsahibəsində ölkəsinin Rusiya və Çinlə dialoqun davamı vacibliyini belə əsaslandırıb: “ABŞ, Çin və Rusiya dünyanın ən güclü üç ölkəsidir. Bu səbəbdən üç ölkənin dialoqu davam etdirməsi vacibdir. Hər üç ölkə nüvə silahına malikdir. Nüvə silahlarına nəzarət baxımından da üç ölkə arasında müzakirələrin aparılmasına ehtiyac var. ABŞ, Çin və Rusiya arasında dialoq dünya üçün də faydalıdır”.

Elxan Şahinoğlu hesab edir ki, üç nüvə dövlət arasında dialoq anlaşılan olsa da, illərdir davam edən bu dialoq Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəni dayandırmasına səbəb olmayıb:

“Dialoqda iştirak edən Çinin də xarici və təhlükəsizlik siyasətində dəyişən heç nə yoxdur. Çin ABŞ-nin bölgədəki müttəfiqlərini narahat edən səviyyədə hərbi fəaliyyətini artırıb. Bundan başqa, Çin nüvə arsenalını artırmaqda davam edir.

Putin və Cinpin noyabrın 18-19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT) sammitində Trampla üçtərəfli görüş keçirmək istəyir. Bu görüş Putin üçün həm də ona görə əhəmiyyətlidir ki, o, ilin sonunda ABŞ-də keçiriləcək “Böyük İyirmilər”in sammitinə qatılmayacaq. Halbuki Putin Trampdan həmin sammitə dəvət alıb. Ancaq Rusiya lideri digər ölkə liderlərinin onunla eyni masada oturmaq istəməyəcəyini anladığından sammitdə iştirakda maraqlı deyil. Putin bunun əvəzinə Trampla Çində görüşmək istəyir. Tramp Çində üçtərəfli görüşdə iştirak edəcəyini bildirib. Ancaq üçtərəfli görüşdən nəticə çıxacağını söyləmək çətindir. ABŞ ilə Rusiya və Çinin təhlükəsizlik maraqları fərqli olaraq qalır”.

Politoloq Çin mənbələrinə istinadla qeyd edib ki, ABŞ hərbi gəmisi Cənubi Çin dənizində Çinin özününkü hesab etdiyi adaya yaxınlaşıb:

“Pekinin iddiasına görə, ABŞ hərbi gəmisi qeyri-qanuni şəkildə Çin sularına daxil olub. Çin hava qüvvələri ABŞ gəmisini hərəkətini nəzarətə götürüblər. Çin Müdafiə Nazirliyi son hadisəni “ABŞ-nin Çinin suveren hüquqlarına hörməsizlik və bölgədəki sülh və sabitliyə təhlükə” kimi qiymətləndirib. Filippin Müdafiə Nazirliyininin yayımladığı açıqlamada isə ABŞ hərbi gəmisinin Çinin ərazisinə daxil olmadığı bildirilib. Məsələ budur ki, Çinin Cənubi Çin dənizində iddia etdiyi adalara Filippinin də iddiası var”.