“Ağ Partiya” siyasi yola qədəm qoyur

Tural Abbaslı: “Müxalifət partiyası olaraq meydana çıxmaq niyyətindəyik”



"Ağ blok” artıq siyasi həyatını başa vurmalıdır”. Bunu təşkilatın gələcək taleyi ilə bağlı "Şərq”ə danışan blok rəhbəri Tural Abbaslı deyib. Onun sözlərinə görə, "Ağ blok” öz fəaliyyətini "anti-böhran koalisiyası”nın tərkibində davam etdirir:

"Koalisiya tərkibində hər həftə iclasımız keçirilir. Ümumiyyətlə seçki olmayan dönəmlərdə siyasi aktivlik hiss olunmur. Xüsusən son vaxtlar gündəmi ancaq Qarabağ mövzusu məşğul etdiyindən, bu fonda ortaya çıxmaq mümkün olmur. Amma partiya istiqamətində işlər dondurulmayıb. Sadəcə olaraq görülən işlər cəmiyyətə ötürülmür. Qurumun siyasi, hüquqi və texniki məsələləri daha çox cari işlər kimi görülür və təbliğ olunmur. Təşkilatlanma istiqamətində işlərimizi davam etdiririk. Çalışırıq ki, hüquqi məsələləri həll edək, bloku "Ağ Partiya”ya çevirək və qeydiyyatdan keçək. Bu istiqamətdə bəzi irəliləyişlər var. Yəqin ki, bir-iki həftə ərzində qeydiyyatla bağlı məsələmiz həll olacaq”. T.Abbaslı bildirib ki, üzvləri bloka yox, "Ağ Partiya”ya cəlb edəcəklər: "Ötən müddət ərzində sıralarımıza qoşulanlar yoxdur. Çünki biz növbəti mərhələ üçün insanlarla əlaqə qururuq. Yəni dəvətlərimiz əsasən "Ağ Partiya” üzərindən edilir. Bu gün blokun üzvü olan hansısa şəxs sabah siyasi mənsubiyyətindən dolayı bizim partiyada təmsil olunmaya bilər. Belə problemlər yaşamamaq üçün birbaşa partiya təbliğatı aparırıq. Bildiyiniz kimi, cəmiyyətdə siyasi proseslərə maraq çox aşağıdır. 20 ildir müxalifət heç bir uğur əldə etməyib. Bunun səbəb olduğu bir ruh düşkünlüyü, etimadsızlıq var. Biz də müxalifət partiyası olaraq meydana çıxmaq niyyətindəyik. Ona görə də daha ciddi hazırlaşmalıyıq”.

İsmayıl