Ağamalı Sadiq Əfəndinin oğlunun evini ələ keçiriblər

Yasamal MTK-nın qanunsuz əməlləri 100 nəfəri evsiz qoyub
Milli azadlıq hərəkatının fəal öncülü, müasir, demokratik mətbuatın qurucularından olan Ağamalı Sadiq Əfəndinin ailəsi dələduzlar tərəfindən dolandırılıb. Ağamalı bəy qısa ömrünün ən mənalı illərini yorulmadan Azərbaycanın Milli istiqlal mücadiləsinə və müasir Azərbaycan, demokratik mətbuatın intibahına həsr edib. Ancaq gəl-gör ki, istiqlal mücahidinin oğlu öz haqlarının bərpasına nail ola bilmir, məhkəmə qapılarında haqq və ədalət axtarır.
Belə ki, Ağamalı bəyin kiçik oğlu Orxan Əfəndiyev 2012-ci ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün "Yasamal” MTK-ya üz tutub. Və böyük qanunsuzluqlarla üz-üzə qalıb. Anası Nabat xanımla birlikdə redaksiyamıza müraciət edən Orxan "Yasamal MTK”dan aldığı mənzilin, eyni zamanda bir neçə şəxsə satıldığını deyib.
Sözügedən mənzili almaq üçün o, 2012-ci ildə atasından qalma mənzili satıb, üstünü isə banklardan götürdüyü kreditlə düzəldib: "Məcburiyyət qarşısında ata evimizi satdıq, 2 bankdan pul götürüb aparıb "Yasamal” MTK-ya verdim. Bu gün də kirayələrdə yaşayıram. MTK ilə aramızda müqavilə bağlandı, mənə maliyyə arayışı verdilər. Çünki mənzilin pulunu - 55 min 200 manatı tam ödəmişdim. Dedilər ki, binanı 3 aya təhvil verəcəklər. Hər dəfə müddət bitəndə gedirdim, deyirdilər ki, 3 ay sonra binanı təhvil veririk. Təxminən 1 il 3 ay əvvəl növbəti dəfə binaya gedəndə gördüm ki, mənzilimə qapı qoyublar. Orada Faiq adlı MTK işçisi var, ona yaxınlaşdım. Soruşdum ki, mənzilimə qapı niyə qoyulub? Cavab verdi ki, MTK-ya borcunuz var. Əlimdə müqavilə, maliyyə arayışı olduğunu diqqətinə çatdırdım ki, borcum yoxdur. Bundan sonra da dedi ki, mənzilini başqasına satmışıq. Etirazımı bildirdim, şikayətlər etdim, xeyri olmadı. Polisə, prokurorluğa yazdıq, nəticə olmadı. Üstəlik, MTK-da məni hədələdilər, dedilər ki, binaya gəlmə”.
Baş verənlərdən sonra məhkəməyə üz tutduğunu vurğulayan O.Əfəndiyev işin uzadılmasından şikayətçidir: "Cahangir Alışovla əlaqə saxlaya bilmədiyim üçün evimin kimlərə satıldığını dəqiqləşdirə bilmədim. Ancaq MTK işçisi mənə mənzilin başqasına satıldığını deyəndən sonra bu barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova 29 avqust 2014-cü il tarixli şikayət ərizəsi ilə müraciət etdim. Şikayət ərizəm Baş Prokurorluğu tərəfindən Bakı Şəhəri Yasamal rayon Prokurorluğuna, oradan isə Yasamal rayon Polis İdarəsinə göndərildi. Şikayət ərizəmə əsasən, Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparıldı və müstəntiq Fatma Hüseynova tərəfindən "cinayət işinin başlanmasının rədd edilməsi” barədə 29 oktyabr 2014-cü il tarixli qərar qəbul edilib. Həmin qərarda qeyd olunur ki, mübahisə mülki olduğundan aidiyyəti üzrə məhkəmədə baxılmalıdır. Lakin mən hesab edirəm ki, Cahangir Alışovun əməlində cinayət tərkibi var. O, mənzilimdən istifadə etməyə imkan verməməklə, mənim hüquq və azadlıqlarımı pozur. Faktiki olaraq, o etibarımdan sui-istifadə edərək əmlakımı ələ keçirib, həmçinin mənzilimi başqa şəxsə satıb və aldığı pulun müqabilində mənə qarşı məhkəmədə iddia qaldıraraq mənzilimi geri tələb edir.
"Yasamal” MTK-da qanunsuzluqla üzləşən təkcə biz deyilik. 100-ə yaxın vətəndaş faktiki zərərçəkmişdir. Hətta evi bir neçə şəxsə satılan insanlar arasında ingilis vətəndaşı da var. Biz hər bazar günləri binanın qarşısına yığışıb, haqqımızı tələb edirik. Amma heç bir faydası yoxdur. Cahangir Alışovu ümumiyyətlə tapa bilmirik. Yaxın qohumu Samir adlı şəxs isə bizə hər şeyin yaxşı olacağına dair vədlər verməklə vaxt qazanır.
İddiamız tam haqlıdır. "Yasamal” MTK tamamilə qanunsuzluq edir, vətəndaşı tam qanuni mənzilinə buraxmır”.
Orxan Əfəndiyevin sözlərinə görə, qarşı tərəf müxtəlif bəhanələrlə məhkəmə işini uzatmağa çalışır: "Məhkəmə araşdırmaları sona çatmaq üzrə olduğu bir zamanda MTK qarşılıqlı iddia verib ki, guya maliyyə arayışını səhv edib veriblər. Bu qədər gülməli iddia vermələri başadüşüləndir. Digər tərəfdən, Cinayət Prosessual Məcəllənin tələbinə görə, qarşılıqlı iddia məhkəmənin hazırlıq iclasında verilə bilər. Ona görə də hakim həmin iddianı icraata qəbul etməkdən imtina etdi. Mənim nümayəndəm də iddiadan şikayət vermək niyyətindədir. Süni şəkildə prosesin uzanmasına çalışırlar”.
Şəymən