Elnur Məmmədli dayısının nəşr etdiyi bir neçə qəzet nüsxəsini "Şərq"in muzeyinə hədiyyə edib
"Müxalifət" qəzetinin baş redaktoru, ictimai siyasi xadim, şair, nasir Ağamalı Sadiq Əfədninin bacısı oğlu Elnur Məmmədli "Şərq"in qonağı olub. Öncə redaksiyada yaradılan Azərbaycan Mətbuat Tarixi Muzeyi ilə yaxından tanış olan qonağımız dayısı A. Sadiqdən yadigar qalan çox dəyərli qəzet nümunələrini - "FV ÇR"-nin bir neçə sayı daxil olmaqla 4 nüsxəsini, Elçin Əfəndiyevin rəhbərlik etdiyi "Azərbaycan Vətən Cəmiyyəti" təşkilatının orqanı olan və Ramiz Əsgərin redaktorluğu ilə ərəb qrafikasında çap olunan "Odlar Yurdu" qəzetinin bir sayını, "Azadlıq" qəzetində Ağamalı Sadiq Əfəndi ilə bağlı çap olunan yazını muzeyə hədiyyə edib.
Bundan sonra muzeyin əhəmiyyətinə diqqət çəkən E.Məmmədli qeyd edib ki, təqdim etdiyi qəzet nüsxələri və onların içərisindəki məlumatlar çox dəyərlidir:"Bu qəzetlər uzun müddətdir ki, qorunub- saxlanılır. Hesab edirəm ki, onların muzeydə qorunması ev şəraitində saxlanılmasından daha münasibdir. Gənc və gələcək nəsil bilsin ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında Ağamalı Sadiq Əfəndinin çox böyük rolu və xidmətləri olub. Bu qəzetlərin muzeydə saxlanılması və ictimaiyyətin həmin qəzetlərdə yer alan yazılarla tanış olması daha məqsəduyğundur. Məhz bu mənada sözügedən qəzet nüsxələrini sizin muzeyə təqdim etdim. Tapacağım yeni nüsxələr olarsa, gətirib həddiyyə edəcəm".
Ziyarət və qiymətli sənədlər üçün qonağımıza minnətdarlıq ifadə edən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb ki, Azərbaycan mətbuatında və ya jurnalistika tariximizdə Ağamalı Sadiq Əfəndinin məxsusi yeri var:
"Ağamalı bəy ölkəmizdə demokratik mətbuatı formalaşdıran və eyni zamanda demokratik mətbuatın əsasını qoyan qeyri-leqal nəşrlərin əsas yaradıcılarındandır. mətbuatın başlıca stunlarındandır. Azərbaycanda fikir müxtəlifliyini publisistikaya gətirən görkəmli yazarlarımızdan olan Ağamalı bəy həm də Azərbaycanda ilk parlament qəzetinin baş redaktorudur. "Müxalifət" qəzeti Azərbaycanda ilk parlament qəzeti olub və bu qəzeti Ağamalı bəy yaradıb. Həmçinin Ağamalı bəy Azərbaycanda parlamentarizm jurnalistikasının və azad fikirliliyin çox gözəl nümunələrini qələmə alıb. Onun 70 yaşı tamam olacaq.

Arzu edərdik ki, onun yetmiş yaşı da əlamətdar səviyyədə qeyd olunsun. Çünki A.Sadiq çox dəyərli qələm adamlarındanm biridir, ölkə mətbuatı üçün çoxsaylı jurnalistlərin yetişməsində onun müstəsna əməyi olub. Mən özüm "Müxalifət" qəzetində çalışmışam və jurnalistikanın qızıl qayda-qanunlarını və sirlərini onun yaratdığı məktəbdən mənimsəmişəm.
Dayısından xatirə qalan nümunələri bizə hədiyyə etdiyi üçün Elnur müəllimə təşəkkür edirəm. Həmin sənədlər muzeyin qiymətli eksponatları olaraq qorunacaq və gələcək nəsillərə çatdırılacaq. Bu günlərdə həmin sənədləri muzeyimizə yerləşdirəcəyik. Ziyarət v hədiyyə üçün Elnur bəyə bir daha təşəkkür edirəm".
Ayyət Əhməd