Ağaxan Abdullayevin xəstəliyi dostlarını üzüb

Mənsum İbrahimov: “Onu əlil arabasında görmək təsirlidi” “Ən çox Orxanın toyu üçün narahat idi.



Şükürlər olsun ki, toyu görmək ona qismət oldu” Muğam sənəti peşəkar musiqi mədəniyyətimizin şifahi ənənəli irsinin mühüm hissəsini təşkil edir. Bu sənət Azərbaycan xalqının tarixində dərin köklərə malikdir. Muğam anlayışı sözün əsl mənasında bir dəryadır. Bu dəryaya baş vurmaq nə qədər çətindirsə, bir o qədər də məsuliyyətlidir. 

Böyük tarixə sahib bu sənətin öyrənilməsi, tədris və təbliğ olunması, eyni zamanda onun sirlərinin açılması ilə bağlı bir çox insanların əməyi danılmazdı. Xalq artisti Ağaxan Abdullayevin də Azərbaycan muğam sənətinin inkişafında danılmaz xidməti olub. Onlarla tələbələri, muğam sənətində fəaliyyəti, pedaqoq olaraq müstəsna xidmətləri ona milyonların sevgisini bəxş edib. Ağaxan Abdullayev kifayət qədər böyük hörmət və nüfuza malik muğam ustadlarından sayılır. Xalq artisti eyni zamanda pedaqoq kimi də çoxsaylı gənc xanəndələrin ustadı kimi tanınır. Onun pedaqoq olaraq da fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Ağaxan Abdullayev bir çox müsabiqələrin əsas söz sahiblərindən olub. Beynəlxalq muğam müsabiqəsinin münsiflər heyətinin üzvləri sırasında Ağaxan Abdullayevin xüsusi yeri olub. Ağaxan müəllim təmkini ilə də seçilən, böyük daxili mədəniyyətə malik olan ustadlardan sayılır. Sevilən xanəndə artıq bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir. Xalq artisti Türkiyədə müalicə alıb. Bu günlərdə Ağaxan Abdullayevin sosial şəbəkələrdə yayıldığı şəkli Xalq artistinin səhhətinin pis olduğuna işarə idi. Paylaşılan şəkillə bağlı rəylər də az olmadı. Xalq artistinin xəstəliyi üzündənbugünkü durumu bir çoxlarının ürəyini sızlatdı. Hətta sonbeşiyi olan oğlunun toy mərasiminə əlil arabasında gəlməsi Ağaxan Abdullayevi sevənləri bir az da məyus edib. 

Xalq artisti Mənsum İbrahimov Ağaxan Abdullayev barədə fikirlərini dilə gətirdi: 

"Ağaxan Abdullayev Azərbaycan muğam sənətində dəyərli, hörmətli ustadlarımızdan sayılır. Həqiqətən şəxsiyyəti, hörməti olan sənətkarlarımızdan sayılır. Ağaxan müəllim ustaddır. Muğam sənətini dərindən bilən insandı. Əsas odur ki, Ağaxan müəllim böyük şəxsiyyət, örnək göstərilən ailə başçısı, mükəmməl atadır. Allah ona şəfa versin! Həqiqətən onun xəstəliyi biz sənət dostlarını da üzür. Dövlət tərəfindən də böyük ustada diqqət göstərilib. Biz ancaq Allahdan ona şəfa diləyə bilərik. İmkan olanda evinə gedib baş çəkirik. Bilirsiz, insan bu gün var, sabah yox, əsas olan özünə hörmət qazanmaqdır. Ağaxan müəllim xalqın hörmətini qazanan sənətkardı. Türkiyədə müalicəsini davam etdirək. Heydər Əliyev Fondu da ustadımızın müalicəsi üçün şərait yaradıb. Ağaxan müəllim sonbeşiyi olan Orxanın toyunu görməyi çox arzu edirdi. Allah bu toyu görməyi ona nəsib etdi. Düzdü, bizləri o görüntü kövrəldir. Onu əlil arabasında görmək təsirlidi. Çünki Ağaxan müəllim şux qaməti ilə seçilən xanəndə olub. Amma neyləmək olar? Həyatda xoş günlər də olur, xəstəlik də. Əsas odu nəfəsi övladlarının üstündədi. Atanın quru nəfəsi də övlad üçün mənəvi dəstəkdi. Ən çox Orxanın toyu üçün narahat idi. Şükürlər olsun ki, toyu görmək ona qismət oldu. İnşallah, Türkiyəyə getməlidir. Müalicələrin yəqin ki, təsiri olar. Ağaxan Abdullayev kimi sənətkarlar az-az dünyaya gəlir. Onun şəxsiyyəti ilə sənəti biri-birini tamamlayır. Onu bu qədər xalqa sevdirən də bu olub. Allah ustadımıza şəfa versin. Həqiqətən onun musiqi sənətində, muğam məktəbində əməyi böyük olub”. 

Tahirə