Ağdaşda İlqar Məmmədovla İqbal Ağazadə rəqib ola bilər

YAP da seçkiyə qatılacaq, ancaq digər partiyalarda hazırlıq gözə dəymir



Prezident İlham Əliyev bir neçə gün əvvəl 90 saylı Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən təkrar seçkilər 2016-cı il iyunun 18-nə təyin edilib. Məlumat üçün bildirək ki, adıçəkilən dairədən Azəriqaz Bankın (AGB) rəhbəri Çingiz Əsədullayev deputat seçilsə də, seçkidən 10 gün sonra nəticələr ləğv edilib.

Prezidentin sərəncamından sonra mandat uğrunda mübarizə yenidən başlayıb. Artıq bir neçə siyasi təşkilat həmin dairə üzrə namizəd irəli sürəcəyini açıqlayıb. Hakim Yeni Azərbaycan Partiyası 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar parlament seçkilərində iştirak edəcək. Bu barədə partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib. YAP rəsmisi bəyan edib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədin kimliyi yaxın günlərdə açıqlanacaq. REAL Hərəkatının sədri İlqar Məmmədov da bu yay keçiriləcək təkrar seçkidə iştirak etmək niyyətindədir. Bu barədə təşkilatın həmsədrlərindən Natiq Cəfərli məlumat verib. O bildirib ki, aprelin 14-də İlqar Məmmədov həbsxanadan ona zəng edərək sənədlərini hazırlamağı tapşırıb: "Söylədi ki, təkrar deputat seçkilərinə qatılmaq istəyir. Mən də dedim ki, yaxşı fikirdir, Ağdaşda gözəl kampaniya apara bilərik”. N.Cəfərli vurğulayıb ki, İlqar Məmmədovun deputatlığa namizədliyini irəli sürməyə haqqı çatır, çünki o, hazırda məhkum deyil, təqsirləndirilən şəxs statusundadır: "Ali Məhkəmənin qərarı əsasında İlqar Məmmədovun işi Şəki Apellyasiya Məhkəməsinə geri qaytarılıb. Apellyasiya instansiyası isə məhkəmə gününü təyin etməyib. Beləliklə, hazırda təqsirləndirilən şəxs statusunda olduğundan qanun İ.Məmmədova seçkidə namizədliyini irəli sürmək hüququ verir”. Bir neçə çağırış Milli Məclisin deputatı olmuş, son seçkilərdə isə mandat ala bilməyən Ümid Partiyasının sədri İqbal Ağzadənin də Ağdaş seçki dairəsindəki təkrar seçkilərdə namizədliyini irəli sürəcəyi bildirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə birmənalı olaraq o dairədən seçkiyə qatılmayacaqlarını bildirib: "Bizim növbəti parlament seçkilərinə qatılmaq fikrimiz yoxdur”. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə isə partiya seçki ilə bağlı yekun qərar verməyib: "Bu barədə qəti qərar yoxdur. Təbii ki, öncə məsələ müzakirə olunmalıdır. Ona görə də indidən deyə bilmərik ki, iştirak edəcəyik, yoxsa etməyəcəyik. Yəqin ki, müvafiq kollegiya qurumlarında müzakirə olunduqdan sonra qərar veriləcək”. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı da partiyada seçkilərlə bağlı müzakirə aparmadıqlarını deyib. 90 saylı Ağdaş seçki dairəsindən verilən məlumata görə, hələlik heç bir şəxs namizədliyinin qeydə alınması üçün rəsmən müraciət etməyib.

İsmayıl