Çünki dövlət tərəfindən onun saxlanılması mümkün deyil, ona tibbi yardımı və şəxsi qulluq edən lazım olur
Azərbaycanda son beş gün ərzində 4 məhkum vəfat edib. Onların hamısının Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə olunan məhkumlar olduğu bildirilir.
Müalicə olunan 1949-cu il təvəllüdlü Saraxanım Babayeva, 1976-cı il təvəllüdlü Nurlan Həmidov,
1970-ci il təvəllüdlü Sədaqət Musayeva və 1962-ci il təvəllüdlü Marayev Yevgeni dünyasını
dəyişiblər. Məhkumlardan S.Babayeva tanınmış falçıdır. O özünü "ilahi qüvvəyə malik falçı” kimi
təqdim edərək müxtəlif şəxslərin etibarından sui-istifadə edib, onları aldadıb. Törətdiyi cinayət
əməlinə görə S.Babayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə
təqsirləndirilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Məsələ ilə bağlı "Şərq”ə danışan vəkil İradə Cavadova bildirib ki, Penitensiar Xidmətin Müalicə
Müəssisəsindən vəfat edən məhkumların ölüm səbəbi və onların hansı xəstəlikdən müalicə olunması mütləq qeyd olunmalıdır:
"Müalicə müəssisəsində adətən xəstə məhkumlar saxlanılır. Mən İctimai Komitənin üzvü olduğum zaman dəfələrlə demişdim ki, orda ankoloji, çox ağır xəstə olan
məhkumların buraxılması məsələsinə çox zaman baxılmır. Hesab edirəm ki, bu, düzgün deyil. O cür
ağır xəstə məhkumların orda saxlanması, fikrimcə, qanuna ziddir. Çox yaxşı olardı ki, MüalicəMüəssisəsi təqdimat göndərsin, xəstəliyin ağırlıq dərəcəsi müəyyən olunsun və həmin insanlar evə buraxılsın. Yəni, ev dustaqlığı kimi olsunlar. Yaxud vaxtından əvvəl azadlığa buraxılslınlar. Amma
bir neçə il bundan qabaq biz İnsan Hüquqları üzrə Maarifləndirmə İB-də monitorinq keçirəndə
Müalicə Müəssisəsində bir məhkum var idi. O, ümumiyyətlə yataqdan qalxa bilmirdi və ona xüsusi
qulluq lazım idi. Düşünürəm ki, bu, düzgün deyil. Həmin xəstə məhkum buraxılsa, daha
məqsədəuyğun olardı. Çünki həm də dövlət tərəfindən onun saxlanılması mümkün deyil, ona tibbi
yardımı və şəxsi qulluq edən lazım olur”.
Vəkilin sözlərinə görə, çox güman ki, məhkumların ölümündə işgəncə faktı olmayıb. Lakin ölümün nədən baş verməsi dəqiq araşdırılmalıdır: "Adətən, Müalicə Müəssisələrində belə faktlar olmur. Ölən məhkumlar elə də yaşlı deyillər. Amma orda işgəncə faktı varsa və işgəncədən sonra müalicə müəssisəsinə gətirilibsə, bu artıq ciddi məsələdir və burda Penitensiar Müalicə Müəssisəsi
məsuliyyət daşıyır. Fikrimcə, belə hallarda, müalicə müəssisəsi ölümün hansı səbəbdən olmasının
açıqlamasını verməlidir. Onlar tibbi ekspertizadan keçirilməli və həm ictimaiyyətə, həm də
yaxınlarına məlumat verilməlidir . Dövlət müəssisəsi elə bir müəssisədir ki, hər hansı bir faktın
qaranlıq qalmaması üçün dərhal cavab verilməlidir. Çünki bu, olduqca ciddi bir məqamdır və
açıqlama olmalıdır”.
Yeganə Bayramova