"Ağzımdan söz qaçdı ki, münsifin 4-ü də mənim üçün döndü"
Emil Rəhmanoğlu: "Yerli kanalımızda olan bu kadr youtub kanalına yerləşdirilib. Bu görüntülər Türkiyədə, Acunun şirkətinə də göndərilib"
Bəzən həyat insanları müxtəlif hadisələrlə sınağa çəkir. Bu sınaq imtahanından çıxmağı bacaranlar da olur, o imtahandan kəsirlə çıxanlar da. Onu da həyat imtahana çəkib. Həyatın sınağıqonağımızı iki dəfə həbsxana qapısına aparıb. Dediyinə görə, dəmir barmaqlıqlar ona həyatın gerçək üzünü tanıda bilib. Səhvlərindən nəticə çıxardığını iddia edən müsahibimiz yenidən səhnəyə qayıdıb. «Şərq»in qonağı olan müğənni Emil Rəhmanoğlu (red: aktyor Rəhman Rəhmanovun oğlu) öz acı həyat hekayəsindən danışdı.
- Həyatınızın ağır dönəmləri olub. Səhnədə yeni tanınmağa başladığınız pillədə həbsxana qapısına salam verməli oldunuz…
- Bilirsiz, həyatdı. Heç kim özünü sığortalaya bilməz. Hər bir insanın səhvi olur. Mənim də səhvlərim olub, o səhvlərimin də cəzasını çəkmişəm. Bir insanı bir cəzaya görə bir ömür damğalamaq doğru deyil. Bəli, mən etiraf edirəm ki, ilk dəfə narkotika üstündə həbsxanaya düşdüm. Cəzamı da çəkdim. Bu mənim həyatdakı ən böyük səhvim idi.
- Bəs ikinci dəfə niyə həbsxanaya düşdün? Bu, alın yazısıdır, ya yenə də səhvləriniz sizi o qapıya aparmış oldu?
- İnanın səmimiyyətimə, ikinci dəfə böhtanın qurbanı oldum. Günahsız yerə cəza çəkdim. Mənə böhtan atdılar. Bəli, bizdə məhkumluğu olan insanı damğalamaq çox rahatdır. Mən bir dəfə həsxanada olmuşamsa, mənə böhtan atmaq rahatdı. Bəlkə də alın yazısıdır. Heç kim azadlığından imtina etmək istəməz. Amma həyatdı. Allah hərəni bir şəkildə imtahana çəkir. Mən də həyatın sınaqlarından keçirəm. Yenə də şükür edirəm.
- Dəmir barmaqlıqlardan sonra normal həyata, xüsusilə səhnəyə qayıtmaq çətin oldumu?
- Təbii ki, çətinliklərim oldu. Yaxşı dostlarım da oldu, naxələfləri də tapıldı. Həbsxanadan çıxdıqdan sonra yenidən həyatımda yeni səhifə açmalı idim. Çünki orda olarkən, düşünməyə kifayət qədər vaxtım, zamanım oldu. Qarşıma məqsəd qoydum. O məqsədimə doğru da gedirəm. Mənə dəstək olan dostum, prodüserim Orxana təşəkkür edirəm. O mənə qardaşlıq edib. Həbsxanadan çıxdıqdan sonra efirlərə çıxmağa dəstək oldu. İş danışıqlarımı da Orxan reallaşdırır.
- Bir müğənninin tanınmasında, uğur əldə etməsində prodüserin, yaxşı prodüserin olması vacibdimi?
- Təbii ki, hər işdə səriştəli, peşəkar insanlara ehtiyac var. Sənətimiz individual olduğu qədər də kütləvidir. Yəni bir istehsalçıyıq. Sənət istehsalçıları. Yaxşı istehsal üçün yaxşı menecerə, iş insanına, bu sahədə olana isə prodüser vacibdir. Müğənninin peşəkar prodüserlə iş birliyi varsa, o müğənninin uğurları çox olur. Mən Eltonla eyni səhnəni paylaşmışam, yəni təxminən eyni dönəmin sənətçiləriyik. İstedadla yanaşı, düzgün insanlarla iş birliyi qurulmalıdır. Eltonun yanında bu gün Tolik kimi peşəkar prodüser çalışır. Təbii ki, bu onun uğurlarını bir qədər də çoxaltmış oldu. Yəni dediyim odur ki, təkcə istedadım var deyib, uğur əldə etmək olmur. Təbii ki, peşəkar komanda lazımdır ki, böyük layihələrə imza atılsın.
- Bəs «O səs Türkiyə»dən niyə qovulmusuz?
- Mən «O səs Türkiyə»dən qovulmamışam. Qovulmaq başqadır. Mən müsabiqənin şərtlərini istəmədən pozduğum üçün «O səs Türkiyə»dən uzaqlaşdırılmışam. Bunlar eyni anlayış deyil. Məsələ ondadır ki, «O səs Türkiyə» dünya səviyyəsində olan yarışmadır. Hamı bilir ki, o müsabiqədə iştirak etmək üçün onlarla müqavilə bağlanır. Müqavilənin şərtlərinə görə, müsabiqədə iştirak dönəmində müsabiqə ilə bağlı heç bir açıqlama vermək olmaz. Mən də istəmədən, Azərbaycanda yerli kanallarımızdan birində aparıcının sualını cavablandırarkən, müsabiqədəki iştirakımla, seçimin nəticəsi ilə bağlı məlumat verdim. Seçim turundan keçdiyimi, hansı münsiflərin mənə səs verdiyini açıqladım. Seda Sayanı seçdim. Yenə deyirəm, ani oldu, ağzımdan qaçdı, bildirdim ki, seçimlərdə 4 münsifin 4-ü də mənim üçün döndülər, səsimi bəyəndilər. Yerli kanalımızda olan bu kadr youtub kanalına yerləşdirilib. Bu görüntülər Türkiyədə, Acunun şirkətinə də göndərilib, onlar bundan xəbər tutan kimi müsabiqənin şərtini pozduğum üçün məni ordan uzaqlaşdırdılar.
- Bu kadrların Acunun şirkətinə çatdırılmasında maraqlı insanlar olubmu?
- Təbii ki, olub. Mənim bu gün səhnədə varlığım artıq bəzilərini çox narahat edir. Bunu hiss edirəm. Çünki o paxıllıqlarını, kinlərini, qorxularını gizlətmirlər, hiss etdirirlər. Mənim səs imkanım, potensialım onları qorxudur. Ona görə də hər yola əl atırlar ki, mənim yolumu kəssinlər.
- Bundan sonrakı hədəfin haradır?
- Həyat mənə onu öyrətdi ki, dayanmadan çalışmaq lazımdır. Səni sıxsalar da, məğlub olmağı özünə yaxın buraxma. Ona görə də bütün çətinliklərə baxmayaraq bütün gücümü sənətimə sərf etməyə çalışıram. Yeni mahnılar üzərində işləyirəm. İnşallah, yay aylarında Yaşıl Teatrda konsert proqramı ilə çıxış etməyi nəzərdə tuturam. Yaxın müddətdə isə Teymur Əmrahın konsertində səhnədə yer alacam. Eyni zamanda Niyam Salami də Aynur Dadaşova ilə konsertə hazırlaşır. O konsertdə də qonaq müğənni ilə çıxış etməyi mənə təklif etdilər. Sağ olsunlar, mənə o dəstəyi göstərirlər. Səsimə və potensialıma inanıram. İnşallah, bir il müddətində ciddi layihələrlə tamaşaçı qarşısına çıxmağı nəzərdə tutmuşam.
Tahirə Məmmədqızı