Ahıl jurnalistlər mediamızın dəyəridir

Məzahir Süleymanzadə: “İndiyə qədər Ahıl Jurnalistlər Məclisinin xətti ilə təxminən 25-ə yaxın jurnalistin qapısını döymüşük”
Vüqar Rəhimzadə: “Məclisin fəaliyyəti təkcə maddiyyatla bağlı deyil, həm də gənc jurnalistlər üçün bir örnəkdir”

Azər Həsrət: "Onlar bizim üçün mayakdır, yol göstərəndir. Özlərini jurnalistikaya fəda etmiş adamlardır”





İyunun 29-da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fondun icraçı direktoru Vüqar Səfərli müzakirəyə çıxarılan məsələlər barədə danışarkən "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 33 qəzetin müsabiqəyə sənəd təqdim etdiyini diqqətə çatdırıb. Həmin qəzetlərin layihələrinin 2018-ci ilin I yarısında da Fond tərəfindən maliyyələşdirildiyini xatırladan icraçı direktor müsabiqədə yeni iştirak edən qəzetlərin olmadığını bildirib.

Müvafiq araşdırmalardan sonra sənəd təqdim etmiş 33 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə cavab verdiyi müəyyən edilib. Sonra qəzetlərdən daxil olmuş sənədlər ətrafında müzakirələr başlayıb. Fondun Müşahidə Şurasının sədri Həsən Həsənov, sədr müavini İlqar Hüseynov, üzvlərdən - Cəmaləddin Quliyev, Bəhruz Quliyev, Rasim Həsənov, İntiqam Hümbətov və Ayaz Mirzəyev Fondun maliyyə yardımlarının qəzetlərin maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər. Müzakirələrin sonunda 33 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2018-ci ilin ikinci yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib. Gündəlikdəki ikinci məsələ barədə məlumat verən Vüqar Səfərli bildirib ki, Azərbaycan Mətbuat Şurasının "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün təcrübə qaynağımızdır” mövzusunda layihəsinin məqsədi mediamızın inkişafında xidmətləri olmuş veteran jurnalistlərin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması, onların sosial müdafiəsinin gücləndirilməsidir. İcraçı direktor qeyd edib ki, layihənin həyata keçirilməsi üçün 12.000 manat vəsaitin ayrılması təklif olunur. Müzakirələr zamanı Müşahidə Şurasının sədri, sədr müavini və üzvləri də veteran jurnalistlərin sosial qayğılarının həlli baxımından həyata keçirilən layihələrin əhəmiyyətli olduğunu vurğulayıblar. Şura üzvləri layihənin maliyyələşdirilməsi üçün 12.000 manat məbləğində vəsaitin ayrılması təklifini yekdilliklə qəbul ediblər. Bu o deməkdir ki, Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi ötən ildən həyata keçirməyə başladığı "Ahıl jurnalistlərə qayğı: keçmişimizə ehtiram gələcək üçün tərbiyə qaynağımızdır” layihəsini bu il də uğurla davam etdirəcək.

Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə, kütləvi informasiya vasitələrində Azərbaycan Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin adı tez-tez çəkilir. Məclis tərəfindən təşkil olunan tədbirlər, keçirilən görüşlər barədə ətraflı söhbət açılır. Prezident İlham Əliyevin verdiyi tövsiyələri uğurla həyata keçirən Ahıl Jurnalistlər Məclisi ötən müddət ərzində hazırladığı layihələr hesabına öz fəaliyyətini xeyli genişləndirib. Hazırda Əməkdar jurnalist Yusif Kərimovun sədrlik etdiyi Ahıl Jurnalistlər Məclisinin yüzlərlə üzvü var. Məclis məhdud imkanları daxilində mətbuatımızın "qızıl fondu” olan veteran jurnalistlərə daim qayğı göstərir, onların iştirakı ilə mühüm tədbirlər reallaşdırır. Məclis üzvləri xəstəlik və yaşlılıq ucbatından tədbirlərə gələ bilməyən ahıl jurnalistləri evlərində ziyarət etməklə, onların problemləri ilə də maraqlanırlar. Ümumiyyətlə, son illər ərzində yaşa dolmuş, fiziki imkanları xeyli məhdudlaşmış jurnalistləri evlərində ziyarət etmək və onlara qayğı göstərmək Mətbuat Şurası ilə birgə həyata keçirilən xüsusi layihədir. Bundan öncə, Ahıl Jurnalistlər Məclisi tərəfindən "Həyat işığında” layihəsi həyata keçirilib. Layihə çərçivəsində Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan, ömrünü-gününü peşəsinə sərf edən qələm sahiblərinə baş çəkilib, onlarla maraqlanılıb. Layihənin məqsədlərinə eyni zamanda jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yaradıcılıq gecələri, dünyasını dəyişmiş qələm sahibləri ilə bağlı anım mərasimləri və şəhid jurnalistlərin məzarlarını ziyarət etmək fəaliyyəti də daxildir.

Ahıl Jurnalistlər Məclisinin sədr müavini, əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı laureatı Məzahir Süleymanzadə "Şərq”ə verdiyi açıqlamada 5-6 ildir Məclis tərəfindən bir sıra mühüm layihələrin keçirildiyini deyib. Qocaman jurnalist bildirib ki, Ahıl Jurnalistlər Məclisinin qısa zamanda təşkil etdiyi tədbirlər bütün cəmiyyətə məlumdur: "Bizim tədbirlərimiz ölkə ictimaiyyəti və mətbuat aləmi tərəfindən razılıqla qarşılanır. İndiyə qədər Ahıl Jurnalistlər Məclisinin xətti ilə təxminən 25-ə yaxın jurnalistin qapısını döymüşük. Məclis üzvləri ilə bərabər veteran jurnalistləri ziyarət etmişik. Onların qayğıları ilə maraqlanmışıq, dərdlərini dinləmişik. Gördüyümüz işlər həm Mətbuat Şurasının üzvləri tərəfindən, həm də ümumilikdə ictimaiyyət tərəfindən çox müsbət reaksiya doğurub. Layihələrimiz xeyirxah addım kimi qiymətləndirilib. Ahıl Jurnalistlər Məclisinə uzun müddətdir ustadımız, gözəl jurnalistimiz Yusif Kərimov rəhbərlik edir. Mən də bu Məclisin sədr müavini vəzifəsini icra edirəm”.

M.Süleymanzadənin sözlərinə görə, müəyyən problemlər səbəbindən keçən il Ahıl Jurnalistlər Məclisinə vəsait ayrılmayıb:

 "Ancaq bu il Məclisin fəaliyyəti üçün 12 min manat vəsait ayrıldı. Əlbəttə, bu, bizi çox sevindirir. Çünki vəsaitin ayrılması o deməkdir ki, Ahıl Jurnalistlər Məclisi öz faydalı fəaliyyətini bundan sonra da davam etdirəcək. Biz həm ahıl jurnalistləri sevindirəcəyik, həm də dövlətin göstərdiyi qayğıya cavab olaraq öz fəaliyyətimizi genişləndirəcəyik. Ən əsası isə jurnalistlərlə daim təmasda olacağıq. Ona görə də, vəsait ayrılmasını çox vacib addım hesab edirəm. Qeyd edim ki, Ahıl Jurnalistlər Məclisi cənab Prezidentin xeyir-duası ilə yaradılıb. Məclisin yaranmasında və fəaliyyətində dövlət başçısının xüsusi qayğısı və nəzarəti olub. Biz də çalışmışıq ki, qarşımıza qoyulan vəzifənin öhdəsindən layiqincə gələk”.

Qocaman jurnalist bildirib ki, 2 min manat ay ərzində min manat deməkdir. Bank xərclərini və digər məsələləri çıxdıqda vəsait bir qədər də azalır:

 "Hələlik, bu vəsaitlə fəaliyyətimizi qurmağa çalışırıq. Amma daha yaxşı çalışmaq və ahıl jurnalistlərin qayğısı ilə daha yaxından maraqlanmaq üçün ayrılan vəsaitin iki-üç qat artırılması çox yaxşı olardı. Görünür, hələlik, imkan buna çatır. Biz də təbii ki, aldığımız vəsait çərçivəsində mümkün olan işləri görməyə səy göstəririk”.

KİVDF-nin Müşahidə Şurasının sədr müavini, Mətbuat Şurası İdarə heyətinin üzvü Vüqar Rəhimzadə də "Şərq”ə deyib ki, ahıl jurnalistlərə diqqət və qayğı göstərilməsi çox vacibdir və dövlətin gündəmindədir: 

"Mətbuat Şurası və KİVDF də daim bu məsələni diqqətdə saxlayır. Ahıl Jurnalistlər Məclisinə davamlı vəsaitin artırılmasının tərəfdarıyam. Çünki ahıl jurnalistlər uzun müddət ərzində Azərbaycan jurnalistikasına mühüm töhfələr veriblər və mətbuat aləmində öz sözlərini deyiblər. Qələmləri, prinsipial mövqeləri ilə daim dövlətə, millətə xidmət nümunəsi ortaya qoyublar. Bu baxımdan yaşlı jurnalistləri davamlı şəkildə ziyarət etmək, onlara müəyyən mənada diqqət göstərmək zəruridir. Ahıl Jurnalistlər Məclisi Mətbaut Şurasının nəzdində fəaliyyət göstərən mötəbər bir qurumdur. Onların fəaliyyətini yüksək qiymətləndirirəm. Mən də bir neçə dəfə Ahıl Jurnalistlər Məclisinin üzvləri ilə birlikdə qocaman jurnalistləri evlərində ziyarət etmişəm. Ziyarət əsnasında onları müxtəlif fərmanlarla, diplomlarla təltif etmişik. Doğrudan da onların unudulmaması çox vacibdir. Ahıl jurnalistlər mediamız üçün böyük dəyər və təcrübə məktəbidirlər. Düşünürəm ki, Məclisin fəaliyyəti təkcə maddiyyatla bağlı deyil, həm də gənc jurnalistlər üçün bir örnəkdir: "Onlar reallaşdırdıqları tədbirlərlə yeni nəsil media nümayəndələrinə yol göstərirlər. Gənclər bu prinsiplərdən nümunə götürməli və təcrübəli jurnalistlərə necə önəm verildiyinin şahidi olmalıdırlar”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət də qəzetimizə açıqlamasında bildirib ki, bizdən öncə jurnalistikaya gəlmiş və ömrünün böyük bir hissəsini mətbuata həsr etmiş insanlar Azərbaycan mediası üçün dəyərdir: 

"Onların təcrübəsi bizim üçün daim əhəmiyyətlidir. Ahıl jurnalistlər sıradan media adamı deyillər. Onların hərəsinin 50-60 illik jurnalistika təcrübəsi var. O adamlar bütün ömürləri boyu, yəni ağılları kəsəndən jurnalistika ilə məşğul olublar. Təbii ki, öyrəndikləri çox şeyləri yeni nəsil jurnalistlərə ötürmələri çox vacibdir. Bu baxımdan Mətbuat Şurasının tərkibində Ahıl Jurnalistlər Birliyinin fəaliyyət göstərməsini təqdirəlayiq hesab edirəm. Məclisin fəaliyyətini yaxından izləyirəm və bir neçəsində iştirak edirəm. Açığını deyim ki, qocaman jurnalistlərdəki böyük həvəsi, şövqü, Azərbaycan jurnalistikasına hələ də töhfə verməyə can atmaq istəyini görəndə bizlər də ruhlanırıq. Təcrübəli olduqlarına görə, ahıl jurnalistlərə mayak kimi baxırıq. Onlar bizim üçün mayakdır, yol göstərəndir. Özlərini jurnalistikaya fəda etmiş adamlardır. Bu baxımdan, KİVDF-nin Ahıl Jurnalistlər Məclisinə vəsait ayırması təqdir olunmalıdır. Çünki ahıl jurnalistlərin başqa mənbələrdən maddi yardım əldə etmək imkanları yoxdur. Onlara qayğı göstərəcək yeganə qurum isə KİVDF-dir, Azərbaycan dövlətidir. Çox sevinirəm ki, Fond Ahıl Jurnalistlər Məclisinin ayaqda durması və fəaliyyətini genişləndirməsi üçün maliyyə yardımı ayırır”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb