Ailə quran gənclə əmrlə danışmaq olmaz

İstər qız olsun, istər oğlan, onların da düşüncələrini dinləmək lazımdır



Cəmiyyətimizdə valideynlərin məsuliyyətsizliyi, qızların zorla ərə verilməsi və bundan yaranan
problemlər hər zaman gündəmdədir. Konstitusiyamızda hər kəsin nəzərdə tutulmuş yaşda ailə
qurmaq hüququ var.

Buna baxmayaraq ölkəmizdə hər il çoxsaylı məcburi evliliklər baş tutur. Bu evliliklərin səbəbləri
adət-ənənələrimiz, bəzi hallarda isə cahillikdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova erkən nikahlarla bağlı problemlərə toxunub. Komitə sədri
bildirib ki, Azərbaycanda valideyn məsuliyyətinin artırılması üçün qanunvericiliyə yenə də
dəyişikliklər edilməlidir. Əgər ata qızını ərə getməyə məcbur edirsə, o, artıq cinayətə yol verir:
"O, bir tərəfdən qanunvericiliyi, digər tərəfdən qızının hüquqlarını pozur. Bəzi valideynlər elə
fikirləşirlər ki, uşaq onlarındırsa, kimə istəsələr, ərə verə bilərlər. Bu, tamamilə yanlış
düşüncədir. Böyüklərin əsas məqsədi o olmalıdır ki, uşaqlarını sağlam mühitdə böyütsünlər”.
H.Hüseynova ailədaxili problemlərə də toxunub. O deyib ki, bir çox hallarda valideyn-uşaqlar
arasında olan münasibətlər düzgün qurulmur, onlar biri-birlərini başa düşmürlər. 

Cinsindən asılı olmayaraq ailə quranda valideynlərin müdaxilə etdiyini deyən psixoloq Azad İsazadə bu gün cəmiyyətimizdə ünsiyyət probleminin olduğunu söyləyib: "Əsas məsələ cəmiyyətimizdə işləyən qeyri-rəsmi adət-ənənələrdir. Valideynlərin fikirlərində pis bir şey görmürük. Düşünürük ki,
böyüklərin məsləhətini eşitmək pis olmaz. Lakin bu, sonradan problemlərə də gətirib çıxara
bilər. Ailə həyatı qurarkən gənclə əmrlə danışmaq lazım deyil. Gəncin düşüncələrini də dinləmək
vacibdir. Bu gün istər oğlanların, istərsə də qızların ailə qurmasında çox problemlər olur. Burada
əsas məsələ ciddi təbliğat və maariflənmədir. İstər valideynlərlə, istərsə də gənclərlə işləmək
lazımdır. Bəlkə də nikahqabağı hansısa ailə psixoloqu və həkimi söhbət edib onları bu məsələyə
hazırlamalıdır. Valideyn və övlad vahid bir fikrə gəlməlidir. Bu gün cəmiyyətdə əsas problem
insanların biri-birini dinləmək istəməməsidir. Ümumiyyətlə, biz biri-birimizi dinləməyi
bacarmalıyıq. Görməliyik ki, əks tərəf nə deyir”.

Yeganə Bayramova