İstanbulda xəstəxanada yanğın nəzarətə alındı - xəsarət alan yoxdur - YENİLƏNDİ

Türkiyənin İstanbul şəhərində yerləşən Kartal Koşuyolu Yüksək İxtisas Təhsil və Araşdırma Xəstəxanasının inzibati binasında baş verən yanğın söndürülüb. Hadisə zamanı tüstüdən təsirlənmə ehtimalı olan xəstələr təhlükəsizlik məqsədilə təxliyə edilib.

Sherg.az xəbər verir ki, yanğın oktyabrın 10-da saat 19:27 radələrində Kartal rayonunun Cevizli məhəlləsində, Denizer küçəsində yerləşən xəstəxananın inzibati binasında başlayıb.

İstanbul Valiliyinin məlumatına görə, ilkin araşdırmalar yanğının inzibati işlər bölməsindəki havalandırma boşluğunda başladığını və binanın damına yayıldığını göstərib. Güclü tüstü poliklinikaların giriş mərtəbələrinə də yayılıb.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov nəzarət altına alınıb. Hazırda ərazidə soyutma işləri davam etdirilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində tüstüdən təsirlənmə ehtimalı olan D blokundakı xəstələr təxliyə edilib. Valilik yanğının inzibati binada baş verdiyini, poliklinikalarda, xəstələrin və əməkdaşların olduğu sahələrdə alovun qeydə alınmadığını bildirib.

Rəsmi açıqlamaya əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb, həmçinin yanğından zərər çəkən xəstə və ya vətəndaş qeydə alınmayıb.