
“Ailəmin maddi durumu yaxşı deyildi”
“Bir türk tələbə gitaranı öyrətməyə məndən aylıq pul istədi”Əhməd Mustafayev: “Mən isə tələbə idim, o gitaranı təqaüdümü yığıb güclə almışdım”

Elə səslər var ki, onları üzdən tanımasan belə sevirsən, hörmət edirsən, dəyər verirsən. Hələ də sənin siman tamaşaçıya tanışdısa onda sevilmək daha asan olur. Əgər bir az da görünüşün buna imkan verirsə, səsinin sehrinə daha tez düşürlər. Bəziləri isə danışığına görə sənin xətrini istəməyə başlayırlar.
Bir müddət əvvəl "Xəzər” radiosunda cavan oğlan "Əhməd hardadır?” deyib dinləyiciləri ilə salamlaşdı. Elə mən də bu gənc radio aparıcısını sükan arxasında maraqla dinləyə bilirəm. Söhbət müğənni-aparıcı Əhməd Mustafayevdən gedir. Bir vaxtlar məşhur "Dostlar” qrupunun üzvlərindən biri, bu gün solo karyerası ilə yanaşı, radio aparıcısı kimi də sevilən bu gənc oğlanla həmsöhbət olduq.
Onu tanımağa dəyərmiş. Çünki intellekti, həyatla mücadiləsi, iddiası ilə bir az da rəğbətimi qazandı.
- Əhmədi bir az tanımaq istəyirik...
- Sadə, kasıb ailədə dünyaya gələn bir insan. Tələbəlik illərindən bu günə qədər Bakıdayam. Musiqiyə hər zaman marağım olub. Elə ona görə də yolumu İncəsənət universitetindən saldım. Tar sinfini bitirmişəm. 5 il muğam sənətindən dərs almışam. Belə deyək də, musiqi köküm, bünövrəm bərkdi. Həm də mənim babam tanınmış aşıq olub. Aşıq Cəbi Göyçaylının nəvəsiyəm. Düzdü, onu görməmişəm. Amma illər sonra onun bəzi lent yazıları əlimə keçdi, dinlədim. Aşıq Əhməd Rüstəmovun yanında dərs almışam. Məşhur, "Gəl gedək Qazaxa bir salam verək” aşıq musiqisinin müəllimlərindən dərs almışam. 83 yaşı var idi. Ondan saz ifa etməyi öyrəndim. Əslində mənə çətin olmadı, çünki tar sinfini bitirmişdim deyə, rahat oldu. Aşıq sənətinin incəliyini də aşıq Əhməddən öyrəndim. Bilirsiniz ki, aşıq sənəti iki qolda inkişaf edir. Qərb aşıq məktəbi və Şirvan aşıq məktəbi. Yəni çalışmışam ki, nə öyrənirəmsə kökünü öyrənim.
- Aşıq sənətindən, muğam sənətindən xəbərin var. Amma Əhməd tamamilə başqa bir janrda ifa edir.
- Bəli, elədi. Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi vermişəm. Aşıq sənəti üzrə təhsil almışam. İxtisas müəllimim də Şirvan məktəbinin ən parlaq ustadlarından sayılan aşıq Əhliman müəllimim olub. Amma 4 il müddətində mən universitetə saz aparıb gətirmədim.
- Niyə? Sazı əlində daşımaq bəzi gənclər üçün o vaxtlar səviyyəsizlik kimi görünürdü? Yəni sazı o qədər küçələrdə, çayxanalarda gözdən salanlar olub ki, birmənalı qarşılanırdı saz ifaçısı.
- Yox, qətiyyən. Düzü, niyə görə saz götürmədiyimi söyləyə bilmərəm, yəni bilmirəm niyə. Amma heç bir musiqi alətini əlində daşımaqdan çəkinməmişəm. Sadəcə universitetə daxil olduqdan sonra artıq orda məni piano özünə çəkdi. Piano ifa etməyə maraq göstərdim. Türk tələbələr var idi, onlar fərqli musiqi alətləri gətirirdilər. Onlara marağım yarandı. Mən ilk dəfə canlı ney alətini universitetdə türk tələbələrində gördüm.
- Bəs gitaraya maraq hardan yaranıb? Axı Əhməd gitara ifaçısı kimi sevilib həm də.
- Universitetdə türk tələbələri gitara ifa edərdilər. Maraq yarandı. Pianoda ifa etməyə başladım. Mahnıları özüm pianoda müşayiət edərək oxumağa başladım. Amma sonra hiss etdim ki, mən musiqilərimi pianoda təqdim edəndə tam özümü hiss edə bilmirdim. Gitara ruhuma yaxın oldu. Əlaçı təqaüdü alırdım. İki ay təqaüdümü yığdım və bu günə qədər yadımdadı, o pulla özümə gitara aldım. Gitaranı gətirdim, ifa edə bilmirəm, kökləyə bilmirəm. Sadəcə alıb gətirmişəm. Baxıram ona.
- Sadəcə onu almaqla rahatlıq tapmış oldun...
- İnanın çox rahatlıq tapdım. Bildim ki, mənimdi. Mən universitetdə ilk dəfə gördüm, əlimə aldım. Udu ifa etmək digər simli alətlərdən daha çətindi. Çünki udun pərdələri yoxdu. Onu ifa edərkən ruhunla o alət arasında bir bağlılıq yaratmalısan, vəssalam. Sazda pərdələr var. Daha asandı. Udda çətindi. Mən ud ifa etməyi də öyrəndim. İlk dəfə yadımdadı ki, xalq mahnısını ifa etdim - "Atlandım keçdim daşdan, gəl-gəl, ay aman” bu mahnını oxudum. Udu da əlimə alan kimi ifa edə bildim. Çünki tar məktəbini bitirmişəm. Tar da musiqi alətlərinin şahı sayılır. Düzünü desəm, gitaranı ifa etmək üçün bir türk tələbə var idi, ondan xahiş etdim ki, öyrətsin. O məndən bunun üçün pul istədi. Aylıq pul istədi. Mən tələbəyəm, o gitaranı da güclə almışdım. Yəni özümü sıxıb, təqaüdümlə 95 manata gitara almışdım. Bu mənim üçün böyük məbləğ idi. Hələ də yadımdan çıxmır. Başladım evdə özüm yavaş-yavaş öyrənməyə. Universitetdə də həmin türk tələbələrin orkestri fəaliyyət göstərirdi. Gedirdim onların dərslərində otururdum, əllərinə diqqətlə baxırdım, oğurlayırdım yavaş-yavaş. Mənə dərsdə niyə oturursan deyə bilməzdilər. Ona görə də gedib otururdum o dərslərdə ifalarını izləyib özüm üçün oğurlayırdım. Sonra internet köməyimə gəldi. İnternetdəki dərsliklərdən öyrənməyə başladım. Evimdə şəxsi kompüterim yox, onu almağa imkan da yoxdu. Tələbəyəm. Dəsdən gəldim bir tikə nəsə yedim, qaçırdım internet klubuna ordan izləyirdim, sonra həmin yaddaşıma köçürdüyümü gəlib gitarada tətbiq edirdim. Evdə internetim də yox idi. Çətin idi. İnternet klubunda izləyib evdə gəlib onu tətbiq etmək o qədər rahat deyildi. Amma ki, o istək məni məcbur etdi ki, gitaranı ifa etməyi özüm öyrəndim. Sonra dostlarım dedilər ki, "Yeni ulduz” müsabiqəsinə qatıl. Düzünü desəm, əvvəl ciddi qarşılamadım. Tələbə dostlarımızdan qatılanlar olmuşdu. Eşitmişdim ki, turlardan keçmək üçün pul söhbəti var. Ona görə də qatılmaq istəmirdim. Amma uşaqlar məni həvəsləndirdilər. Getdik, qeydiyyata alındıq. İlk dinləmədən sonra məni çox bəyəndilər. Hərçənd 30-dan çox gitarist var idi. Dedim bu qədər insanın içindən seçilmək çətin olar. Amma məni hətta ilk turdan 4-cü tura keçirmək istədilər. Hətta 2 turdan keçəndə hamı çalışırdı ki, mənim ifa etdiyim mahnıları oxusun. Sonra qərara gəldilər ki, onsuz da istedadı var deyə hər turdan keçmək imkanı olacaq. Gəldim 4 turdan da keçdim. Evdəkilərə dedim ki, mənə dəstək olun ki, heç olmasa 1 turdan çıxmayım. O həyəcanı yaşayım. Düzünü desəm ailəmin də maddi durumu elə çox deyildi ki, mənə dəstək olsunlar. Amma ailəm 1 həftə mənə səs göndərdilər. İstədim özümü ilk həftə tanıda bilim. Sonra o biri həftə qalmağa çalışdım. Evdəkilər sonrakı həftə mənə dəstək ola bilməsələr də, Azərbaycandan uzaqda olan bir neçə dost, tanış mənə dəstək oldular. Hətta İzraildə yaşayan yerlilərimiz var idi ki, uzaqdan qohum idilər mənə, bank hesabı ilə pul göndərdilər ki, özünə səs göndər. Sonrakı həftələrdə də tamaşaçılar məni saxladılar. Yəni onların sevgisi mənə imkan verdi ki, finala qədər gedib çıxa bilim. Ailəmin isə o imkanı olmadı ki, mənə sonrakı dönəmlərdə də səs göndərsinlər. Tamaşaçı dəstəyi ilə müsabiqənin 2 yerinə sahib oldum. Müsabiqədən sonra bir müddət fasilə oldu. O pauza məni geri saldı. Sonra Çingiz Mustafayevlə qrup yaratdıq. "Palmas qrupu”. Sonra mən öz solo-karyeramı qurmaq istədim. Elə alındı ki, sonra biz 3 nəfər qrup yaratdıq. Dostlar qrupu. Mən, digər gitara ifaçısı, bir də kanon ifaçısı. İki gitarist idik. Oxuyan isə mən idim ancaq. ATV kanalındakı "Nömrə 1” yarışına qatıldıq. Orda prodüserimiz Turalla dost olduq.
- Yəni dostlar qrupunu tanıdan insan. Tural olub.
- Tural müsabiqə zamanı bizə çox dəstək olub. Mən prodüser demirəm, dostumdu, qardaşımdı. Özünə də demişəm ki, bir gün mənimlə işləməkdən yorulsan, çəkinmədən de, qardaşlığımız isə qalacaq. Tural yarışda bizim geyimimizdən, görünüşümüzə qədər bizə dəstək oldu. Müsabiqədən sonra da ona bizimlə işləməyi təklif etdik. Çalışmağa başladıq. O müddətdə qrup kifayət qədər maraq yarada bilmişdi.
- Bu qədər maraq yarada bildiniz ki, Azərbaycan estradasında sənətinə və şəxsiyyətinə hörmət etməyi bacaran Xalq artisti Faiq Ağayevlə də duet ortağı ola bildiniz.
- Faiq Ağayev həqiqətən sənətə ciddi yanaşan, hər səsi, ifaçını qəbul etməyən bir sənətkardı. Müsabiqə zamanı münsif kimi də onun dəstəyini hiss etmişdik. O bizə konsertində çıxış etməyi təklif etmişdi. Konsert alınmadı. Əvəzində duet dəstəyi oldu. Bu gün də mənə şəxsən dəstək olur. Hətta bu yaxınlarda bir mahnı yazdım. İnşallah, Faiq Ağayevin repertuarında yer alacaq.
- Bəs qrup niyə dağıldı? Axı kifayət qədər sevilirdiz.
- Bilirsiz, qrup birgəliyi sevir. Qrupda olan hərə bir ailənin tərbiyəsini görüb gəlib. Hərənin bir zövqü var. Hərə bir mədəniyyətə sahibdi. Baxmayaraq ki, bizi birləşdirən musiqi idi. Amma hərənin öz kaprizi var idi. Qrup isə elədir ki, onu idarə edən olmayanda dağılmağı gün məsələsidir. Elə alındı ki, qrupda fikir ayrılığı yarandı. Hamı öz sözünü keçirməyə çalışdı. Hərə öz eqosunu göstərməyə çalışırdı.
- Bəs Tural sizi bir arada saxlaya bilmədi.
- Tural bizdən bir ara incidi. Haqqı da var idi. Çünki Turalın sözünü eşitmədilər. Mən görürdüm ki, bu belə davam edə bilməz. Çalışdıq ki, qrup dağılmasın. Amma o şəxsi eqolar qrupun dağılmağını tezləşdirdi. Mən səhnəyə çıxanda biz deyə müraciət edirdim. Onlarda isə mən sözü çoxalmağa başladı. Mən etdim, mənim işim, mən... mən... bu qrupu dağıtdı. Mən də solo fəaliyyətə başlayanda Turala təklif etdim ki, bir yerdə çalışaq.
- Bu gün Əhməd göz qabağındadır. Bəs onlar hardadı?
- Onlardan biri Belorusiyada yaşayır. Kaxon ifaçısı isə Bakıdadı. Amma Bakıda varlığı ilə yoxluğu bilinmir. Kaxon ifaçısı müğənnilik etməyə başladı. Oxumaq əsas deyil. Hamı oxuyur. İstedad olmalıdı. İstedad da yoxdusa pulun olmalıdı. Səndə ikisi də yoxdu.
- Əhmədin pulu var?
- Şükür ki, bu gün mənə yetəcək qədər pulum var. Əhmədin puldan əlavə yaxşı dostları var. Elə dostlar ki, pulla həll olunacaq çətinliyi o dostluq həll edir.
- Səni görürlər bu gün?
- Yəqin ki, görürlər.
- Narahatdılar?
- Onu mən dəqiq deyə bilmərəm. Hər halda ola bilər narahat da olan var, paxıllıq da çəkən.
- Əhməd hardadı?
- Əhməd indi "Şərq”dədi. Açıqlama verir. Elə açıqlamalar ki, indiyə qədər heç vaxt bu barədə danışmamışam. Bu gün ilk dəfə Əhmədi sizin müsahibənizdən sonra tanıyan olacaq...
- Çətin olmadı aparıcılıq etmək.
- Əvvəllər məsuliyyətə görə ehtiyat etdim. Bacara bilərəmmi? Sonra düşündüm ki, niyə də yox. Danışıq qabiliyyətim var, söz bazam pis deyil. Ünsiyyəti sevirəm. Niyə bacarmayıb.
- Əlində olan efir imkanlarından istifadə edib kiməsə söz atırsan.
- (Gülür) atmaca atmaq tərzim deyil əslində. Efirdən heç vaxt vasitə kimi istifadə etməmişəm. Amma insanıq da. Lazım olanda sözümü də deyirəm. "Xəzər” radiosundan mənə təklif gələndə də heç vaxt piar olacaq deyə düşünmədim. Mənim mahnılarımı, ifamı təqdim etməyə, o ifaları bölüşməyə ehtiyacım var idi. Evdə də oturanda xəyal edərdim ki, mən ifa edirəm tamaşaçı məni dinləyir. Yəni mənim üçün əsas o idi ki, məni 5-10 dinləyici eşitsin. Bir də mən əsas sözümü ifamla, mahnılarla deməyi sevirəm. Həmişə istəmişəm ki, oxuyanda məni dinləsinlər. Mənim öz səhnə dünyam var, mən xəyallarımda o dünyamla yaşayıram. Radio o xəyallarımın gerçəyi oldu. Mən ürəklə ifamı dinləyicilərimlə bölüşürəm.
- Piarı düşünmədin. Bəs nə düşündün? Həyatında dəyişiklik yaratdımı aparıcılıq?
- Təbii ki, dəyişdi. Həyatımın axarı dəyişib. Çox dəyişiklik oldu. Bu həyatımın yeni dönəmidi. Bilirəm də hələ dəyişikliklər olacaq da. Bu gün Əhməd hardadırsa, o yerindən razıdı əsas.
(davamı var...)
Tahirə