Nizami Cəfərov: “Anti-plagiat sistemindən istifadə olunaraq bütün işlər yoxlanılır”
Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədr müavini Vəli Hüseynov elmi işlərdəki plagiatlıq hallarından danışıb. Sədr müavini bildirib ki, hər il 30-40 elmi işdə plagiatlıq aşkarlanır. Onun sözlərinə görə, Komissiyanın ilk iclası zamanı bir dəfəyə 6 iş ləğv olunub. Bundan sonra mütəmadi olaraq 2-3 tədbirdən bir plagiat hallarına rast gəlinir: "Komissiyada ayda 4 dəfə iclas keçirilir. Bundan başqa, ayda 2 dəfə Rəyasət Heyətinin toplantısı baş tutur.
Bu hesabla ildə 30-40 işdə plagiatlıq aşkar olunur. Təbii ki, bu məsələləri ekspertlər şurası qiymətləndirir. Məsələn, elə olur ki, plagiat faktı az olur və dissertasiyanın məzmununa xələl gətirmir. Ancaq bəziləri tam ləğv olunur. Bəziləri də var ki, plagiat faktına görə deyil, kənardan gəldiyinə, harada yazıldığı belə məlum olmadığına görə ləğv olunur. Hətta xaricdə müdafiə olunmuş işlərdə də plagiatlıq faktları müşahidə olunur. Belə dissertasiya işləri onlarla ölçülür”. Məsələyə münasibət bildirən millət vəkili, akademik Nizami Cəfərov "Şərq”ə açıqlamasında qeyd edib ki, V.Hüseynov bu işlərdə çox ciddi mütəxəssisdir və onun yaxşı təhlilləri, ümumilələşdirmələri olur: "Mən də komissiyanın rəyasət heyətinin üzvüyəm. Birincisi, ən yaxşı hal odur ki, AAK plagiat faktlarına qarşı çox ciddidir. Hansısa işdə plagiat aşkar olunarsa, onlar dərhal geri qaytarılır. Həmçinin Vəli müəllimin açıqlamasının ictimai əhəmiyyəti də var. Yəni bizim elmlə məşğul olanlar və yaxud gələcəkdə məşğul olacaq adamlar nəzərə almalıdırlar ki, bu sahəyə ciddi yanaşmaq lazımdır. Sənin yaradıcılığın, sənin öz fikrin varsa, buyur, gəl özünü müdafiə elə. Amma ordan-burdan köçürmək və oxşar fikirlər söyləmək olmaz. Birinci əsas məsələ budur. İkincisi, bəzən ümumi işlərdə plagiat meydana çıxır. Lakin bu o qədər böyük qüsur sayılmır. Çünki ümumi məsələlər istinad kimi getməlidir. Bunlar ola bilər. Təbii ki, onlar çox azlıq təşkil edir. Üçüncü ən təhlükəli amil xaricdə yazılmış əsərlərdən nəyisə köçürməkdir. İndi internet əsridir. Elmlə məşğul olan adamlarımız bir neçə xarici dil bilirlər. Bu, geniş informasiya məkanına daxil olmaq baxımından müsbət cəhətdir. Amma təhlükəli tərəfi də odur ki, köçürmələr olur. İstinad etmədən kiminsə fikri, mülahizəsi və ümumiləşdirməsini özününkü kimi təqdim edirlər”.
Professorun fikrincə, yalnız dissertasiya işləri deyil, monoqrafiyalarda da plagiat hallarına rast gəlinir:
"Şübhəsiz ki, komissiya buna çox ciddi münasibət göstərir. Anti-plagiat sistemindən istifadə olunaraq bütün işlər yoxlanılır. İndiki məqamda bütün məsuliyyət elm adamlarının üzərinə düşür. Bir sözlə, problem də var, ondan çıxış yolu da”.
Nihat Kərimli,
Ayyət Əhməd