Bəxtiyar Hacıyev: “Reytinq təşkilatının cədvəlində irəliləmək və keyfiyyətli təhsili təmin etmək üçün təhsilin maliyyələşdirilməsi sistemi dəyişməlidir”
Ali məktəblərimiz beynəlxalq reytinq cədvəlində aşağı yerlərdədir
Ramin Hacılı: “Çox yaxşı olar ki, universitetlərin təmirinə xərclənən pullar, müəllimlərin maaşının artırılmasına, kitabxanaların təkmilləşdirilməsinə və digər potensial resursların artırılmasına xərclənsin”
Bəxtiyar Hacıyev: “Reytinq təşkilatının cədvəlində irəliləmək və keyfiyyətli təhsili təmin etmək üçün təhsilin maliyyələşdirilməsi sistemi dəyişməlidir”
Bəxtiyar Hacıyev: “Reytinq təşkilatının cədvəlində irəliləmək və keyfiyyətli təhsili təmin etmək üçün təhsilin maliyyələşdirilməsi sistemi dəyişməlidir”
Beynəlxalq təhsil və elm aləmində reytinq müəyyənləşdirən bir neçə akademik qurum var. Həmin qurumlar oturuşmuş kriteriyaları və qiymətləndirmə mexanizmi ilə hər il dünya universitetlərinin beynəlxalq reytinq sıralamasını aparır.
Sözügedən təşkilatlardan biri də Ümumdünya Universitetlər Reytinq Təşkilatıdır (QS) ki, hazırladıqları reytinq cədvəlində ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin adı hər zaman arxa sıralarda olur. Qeyd edək ki, QS-in Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva Azərbaycan Dövlət İqtisad Universitetində mətbuat konfransı keçirib.
Z.Zaytseva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən 3 universitet QS-in reytinq cədvəlinə düşə bilib: "Bunlar Xəzər Universiteti, Qafqaz Universiteti və Bakı Dövlət Universitetidir. Bu 3 universitet bizim reytinq siyahısında stabil mövqeyə sahibdir”. Z.Zaytsevanın sözlərinə görə, Xəzər Universiteti dünya universitetlərinin reytinq siyahısında 651-700, Qafqaz Universiteti və Bakı Dövlət Universiteti isə 700-cü pillələrdə yer alıb: "Təhsil naziri Mikayıl Cabbarovla görüşdə Azərbaycan universitetlərinin reytinq cədvəlindəki yeri haqda ətraflı fikir mübadiləsi apardıq. Təəssüflər olsun ki, azərbaycanlı təhsil ekspertləri bizim təşkilatla intensiv münasibət qurmurlar. Eyni zamanda, Azərbaycan universitetlərinin reytinq cədvəlində qərarlaşdığı yerlər günümüzün tələblərinə adekvat deyil. Onu da qeyd edim ki, Azərbaycan universitetlərində xarici tələbələr və professorlarla bağlı vəziyyət pis deyil. Postsovet məkanındakı universitetlər arasında isə Azərbaycan universitetlərinin vəziyyəti bir qədər yaxşıdır”.
İctimaiyyət üzvləri isə hesab edir ki, Azərbaycanın ali məktəblərinin adının bu cür nüfuzlu reytinq siyahısına düşməsini əngəlləyən bir səbəb, məhz bizim ali təhsil ocaqlarının yataqxanalarının olmamasıdır. Belə ki, beynəlxalq səviyyədə ali məktəblərin reytinq siyahısını tərtib edən bir neçə akademik qurumun kriteriyalarına baxsaq görərik ki, ali məktəblərdə oxuyan əcnəbi tələbələrin sayı da əsas götürülür.
Azərbaycan Avropa Hərəkatının prezidenti, gənc fəal Ramin Hacılı deyib ki, Azərbaycanın təhsil ocaqlarının adının Ümumdünya Universitetlər Reytinq Təşkilatının reytinq cədvəlində yer almaması universitetlərimizin tələb olunan kriteriyaları ödəməməsi ilə bağlıdır: "Onların əsas tələblərindən biri müəllimlərə verilən məvacib və tələbələrin təhsili üçün yaradılan şəraitdir. Azərbaycanda isə hər iki sahə ilə bağlı mövcud vəziyyət QS-in standartlarına uyğun gəlmir. Dünyanın əsas universitetlərinin büdcəsi Azərbaycanın dövlət büdcəsindən daha çoxdur. Ona görə də, hazırkı mərhələdə QS-in reytinq cədvəlində Azərbaycan universitetlərinin adının ön sıralarda yer alması real görünmür. Təbii ki, biz də ali məktəblərimizin sözügedən cədvəldə ilk yüzlükdə yer almasına nail ola bilərik. Amma bunun üçün ilk növbədə təhsilə münasibət dəyişməli və bu sahədəki çatışmazlıqların aradan qaldırılması bizim üçün prioritet olmalıdır. Çox yaxşı olar ki, Azərbaycanda universitetlərin təmirinə xərclənən pullar, müəllimlərin maaşının artırılmasına, kitabxanaların təkmilləşdirilməsinə və digər potensial resursların artırılmasına xərclənsin. Bu zaman ölkədə təhsilin vəziyyəti düzələr və bizim ali təhsil ocaqları da dünya reytinq cədvəlində xüsusi yer tutarlar”.
Azərbaycanın ali məktəblərinin adının bu cür nüfuzlu reytinq siyahısına düşməsini əngəlləyən səbəblərdən birinin də bizim ali təhsil ocaqlarının yataqxanalarının olmaması olduğunu vurğulayan gənc fəal deyib ki, ali məktəb rektorları dövlətin vəsaitlərini özlərinin şəxsi cangüdənlərinin artırılması, universitetin mühafizə sisteminin gücləndirilməsi, eyni yerin hər il yenidən sökülüb-tikilməsinə xərcləyirlər: "Sanki yataqxana probleminin həlli onların fəaliyyət sahələrinə aid deyil. Azərbaycan iqtisadiyyatı şaxələnmiş iqtisadiyyata keçməlidir. Artıq dövlət məmurları, universitet rektorları nəzərə almalıdırlar ki, neft satışından havayı pullar gəlmir və heç kəsə əvvəlki kimi pul paylanmayacaq. Yaxşı olar ki, universitet rektorları gec olmadan əcnəbi tələbələri cəlb etməyin yollarını axtarıb-tapsınlar. Universitetlərin girişindəki mərmərin gələn il hansı daşla əvəzlənməsi yox, universitetin gəlir imkanlarını necə artıracaqları barədə düşünsünlər”.
"Müsbət Dəyişiklik” Gənclər Təşkilatının sədri, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev isə deyib ki, universitetlərin reytinqləri müxtəlif qurumlar tərəfindən müxtəlif kriteriyalara uyğun, müxtəlif metodologiyalarla aparılır. Buna baxmayaraq, bir çox halda bəzi universitetlər sıralamalarda kiçik fərqlər olsa da, dünyanın ən yaxşı yüz universiteti arasında təmsil olunurlar. Bu da onu göstərir ki, müxtəlif metodologiyalarla hesablansa da, həmin universitetlərdə uğur göstəricisi sayıla biləcək bütün meyarlara müsbət cavab var: "Bu meyarlar isə dəyişir. Universitetin akademik nüfuzu, tələbə-müəllim nisbəti, xarici tələbə və müəllimlərin sayı, nüfuzlu nəşrlərdə dərc edilmiş elmi məqalələrin sayı, məzunlarının işlə təmin olunması faizi, kampüs və yataqxana göstəriciləri və s. nəzərə alınır. Azərbaycanda isə bir çox ali məktəb tədrislə kifayətlənir, nüfuzlu nəşrlərdə elmi məqalələr dərc etmək barədə düşünülmür, bir çox ali məktəbdə təhsil alanların və dərs deyənlərin əksəriyyəti yerli müəllimlərdir, müəllim-tələbə nisbəti yüksəkdir, bir çox universitet tədqiqata üstünlük vermir, ayrıca kampüs və yataqxanaları, məzunları işlə təmin edəcək karyera mərkəzləri mövcud deyil. Bütün bunlara görə də, ali məktəblərimizin çoxu aşağı yerlərdə təmsil olunurlar”.
Bəxtiyar Hacıyevin sözlərinə görə, Ümumdünya Universitetlər Reytinq təşkilatının cədvəlində irəliləmək üçün və bütün bu faktorlara cavab verən keyfiyyətli təhsili təmin etmək üçün təhsilin maliyyələşdirilməsi sistemi dəyişməlidir: "Təhsil haqları yüksəldilməli, istedadlı tələbələrə təqaüd verilməli, dövlət hesabına oxuyan, sadəcə diplomlu şəxslərin sayının artmasına töhfə verənlərin sayı azaldılmalı, müəllimlərin maaşları onların dərslərini götürən tələbələrin sayı və qiymətləndirməsi əsasında verilməli, universitetlərə ayrılan dövlət vəsaiti universitetin elmi performansından asılı olmalıdır. Məhz, maliyyələşdirmə sistemi dəyişsə, universitetlər daha çox maliyyə ala bilmək, müəllimlər daha çox maaş ala bilmək, tələbələr yüksək təhsil haqqını ödəmək üçün daha çox təqaüd qazanmaq üçün keyfiyyətin artmasında maraqlı olacaqlar”.
Şəymən