“Alim güclü zəlzələ olacağını deməyib...”

Qurban Yetirmişli: “Bu cür əsassız informasiyalarla cəmiyyətdə qorxu yaratmaq xoşagələn hal deyil”



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın Yer Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti müzakirə edilib. İclas zamanı AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov deyib ki, 2015-ci ildə Yer Elmləri Bölməsinə daxil olan institutlar tərəfindən radon təhlükəsinin azaldılması istiqamətində ölkə üzrə tədqiqatlar aparılıb, təhlükəli zonalar ayırd edilib:

"Aparılan tədqiqatlar göstərdi ki, Şamaxıdan başlamış Gürcüstan sərhəddinə qədər böyük proseslər gedir, gərginlik toplanır. Belə qərara gəldik ki, proses belə getsə, bu güclü zəlzələlərin baş verməsinə yol aça bilər. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə Fəxrəddin Qədirovun dediklərinin mediada yanlış anlaşıldığını vurğulayıb:

- Həmin iclasda mən də iştirak etmişəm. Akademik -katibi öz məruzəsində Şamaxıdan başlamış Gürcüstan sərhəddinə qədər böyük gərginliyin toplanması, güclü zəlzələ ehtimalı ilə bağlı heç bir fikir səsləndirməyib. Belə məsələlərdə jurnalistlərimiz bir az diqqətli olmalıdırlar. 2015-ci illik hesabatda Yer Elmləri Bölməsinin ayrı-ayrı institutlarının fəaliyyəti, eyni zamanda da bizim işlərimiz haqqında məruzə olub. Ötən il ərzində daha çox hansı zonada, hansı gücdə zəlzələnin baş verməsi açıqlanıb, dağıntılar göstərilib. Akademik - katib ən güclü zəlzələnin 2015-ci ilin sentyabrın 14-də Şəki-Oğuz ərazisində baş verdiyini qeyd edib. Düzdür, Fəxrəddin müəllim öz məruzəsində gərgin sahələrə də diqqət çəkdi. Amma biz bunu hər zaman deyirik ki, seysmik aktiv zonalarda gərginlik hər zaman var və az qala hər gün xırda təkanlar qeydə alınır. Bütün bunlar güclü zəlzələ ehtimalı anlamına gəlmir axı? Bu cür əsassız informasiyalarla cəmiyyətdə qorxu yaratmaq xoşagələn hal deyil. Yerdə qalan zəlzələlər isə ancaq cihazlar tərəfindən qeydə alınan təkanlardır ki, həddindən artıq zəif olduğuna görə hiss olunmayıb. Yer daxilində daima hərəkətlər var və blokların, plitələrin hərəkəti müşahidə olunur. Qırılmalar boyu bloklar arasında parçalanmalar gedir və bunların nəticəsində də zəlzələlər baş verir. Respublikanın hər yerində elə gün yoxdur ki, zəlzələ olmasın. Sadəcə, onların gücü, maqnitudası 3-dən yuxarı olduqda bu barədə məlumatlar verilir.

- Ümumiyyətlə, hazırkı mərhələdə ölkədə seysmoloji durum necədir?

- Azərbaycanda seysmik aktivlik fon səviyyəsindədir. İlin əvvəlindən bu günə qədər baş verən təkanların heç biri hiss olunmayıb. Hansı ki, bizimlə həmsərhəd olan ölkələrdə 780-dən çox təkanlar qeydə alınıb. Bu zəlzələlərdən yalnız yanvarın 12-də İranın Kirman əyalətinin Faryab şəhərində baş verən 4,6 maqnitudalı zəlzələ həmin sərhəddə yaxın yaşayış məntəqələrində 3 bal gücündə hiss olunub.

- Bəs, seysmik cəhətdən hansı bölgələr daha aktiv hesab olunur?

- Xəzər dənizinin cənubi, mərkəzi və şimali hissəsində daha çox təkanlar olur. Azərbaycan ərazisində, əsasən, Abşeron yarımadasının cənub hissəsi, Şamaxı, Lənkəran, Şəki, Balakən, Zaqatala aktiv zonalardır. Həmçinin, Kiçik Qafqazın Kəlbəcər, Gədəbəy zonasında müəyyən təkanlar var. Naxçıvan və tarixi Zəngəzur ərazisində də potensial gücə sahib zəlzələ ocaqları var. Kiçik Qafqaz aktivliyi ilə fərqlənməsə də, burada enerji toplanması var. Bizdə ən çox enerji toplanan yerlər Abşeron yarımadasının cənub hissəsi, dəniz tərəf, Şamaxı-İsmayıllı zonasıdır, qırılmalardan biri də Ağdaşdan Ağcabədiyə tərəf keçir. Bu hissələrdə zəlzələ mümkündür və ola bilər.

- Hansısa bölgədə güclü zəlzələ baş verəcəyinə dair məlumat əldə edən zaman qabaqlayıcı tədbirlər görülür?

- Zəlzələ təbii fəlakətdir. Ondan qaçmaq, qarşısını almaq mümkün deyil. Belə bir mexanizm, hələ ki, əldə olunmayıb. Ancaq mümkün qədər qorunmaq, seysmik riski minimum həddə endirmək olar. Zəlzələ hər yerdə ola bilər, insanlar onunla yaşamaq bacarığına sahib olmalıdırlar. Hər hansı infrastruktur yerləşdirilən zaman yer seçiminə diqqət edilməlidir. Mühəndis seysmoloji çalışmalar aparmalıdır. Biz, cihazlar vasitəsilə əvvəlcədən müəyyən edirik ki, hansı zonada, hansı bölgədə ən güclü təkan ola bilər və ya hansı gücdə olar? Bundan sonra həmin yaşayış məntəqələrindəki tikililərin proqnozlaşdırdığımız gücə davamlılığını təmin etməyə çalışırıq. Bundan əlavə görə biləcəyimiz bir tədbir yoxdur. Yuxarıda da qeyd etdiyim kimi, baş verə biləcək zəlzələnin qarşısını almaq heç cür mümkün olmur.

- Zəlzələni hansı müddətdə proqnozlaşdırmaq mümkün olur?

- Hələlik zəlzələnin qabaqcadan pronozlaşdırılması mümkün deyil. Tək-tək işlər var, bunun üzərində alimlər çalışır. Ancaq bu hələ mümkün deyil. Buna baxmayaraq biz təxmini enerji toplanan yerləri, zəlzələnin harada ola biləcəyini deyə bilərik. Ancaq onun başvermə anını deyə bilmərik. Xüsusən də, qısa müddətli proqnozlar vermək heç bir halda real deyil. Daha doğrusu, zəlzələnin 3 parametrini - onun yeri, baş verəcəyi an və gücünü dəqiq demək mümkün deyil. Bunun qarşısında təkcə bizim yox, bütün dünya seysmoloqları acizdir. Hələ bu günə qədər eşitməmişik ki, hansısa alim proqnoz versin ki, filan ayın filan tarixində filan ərazidə filan gücdə zəlzələ baş verəcək. Amma müəyyən qədər orta və uzun müddətli zəlzələlərlə bağlı proqnoz vermək olur ki, hansı zona daha təhlükəlidir. Binaların tikintisi üçün rəy verməzdən əvvəl həmin ərazidə tədqiqat apararaq müəyyən edirik ki, orada neçə bal gücünə dayanıqlı bina tikmək olar. Beləliklə də, nə zamansa baş verəcək güclü zəlzələ riskini minimuma endiririk ki, dağıntılar, insan itkiləri olmasın.

Bizim institutda GPRS ölçmələr aparılır, qravimetlərlə deformasiyaları ölçməyə çalışırıq. Bunlar bizə imkan verir ki, Azərbaycan üçün təhlükəli bölgələrin hansı ərazilər olduğunu müəyyən edək. Bunun üçün bizim çox sayda GPRS stansiyalarımız var. Orada kəsilməz olaraq ölçülər alınır, emal edilir və bundan sonra harada deformasiyaların çox getdiyi, enerjinin harada çox toplandığı müəyyən edilir. Daha sonrakı tədqiqatlarda həmin bölgələrə diqqət yetiririk.

Şəymən