Aliment Fondunun yaradılması birmənalı qarşılanmır

Mehriban Zeynalova: “Hətta Fond faizli olsa yaxşıdır. Əgər aliment vaxtında ödənilmirsə, dövlət bu vəsaiti ödəyir. Sonradan isə vətəndaşdan alimentlə bərabər onun faizi də alınır”
Kəmalə Ağazadə: “Valideynin özünü tapıb məsuliyyətə cəlb etmək rahatdırsa, o zaman sözügedən fondun yaradılmasına ehtiyac yoxdur”


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycanda Aliment Fondunun yaradılması ilə bağlı Nazirlər Kabinetinə rəsmi şəkildə təklif göndərib. Komitənin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bu işdə başqa ölkələrin təcrübəsinin öyrənildiyini qeyd edib.

Aliment Fondunun yeni bir struktur olacağını vurğulayan Şöbə müdirinin sözlərinə görə, Azərbaycanda Aliment Fondunun yaradılması mexanizmi bir qədər fərqli olacaq. O deyib ki, mexanizmin özündə yeni bir təşkilatın yaradılması əks olunub. Yeni təşkilatın yaradılması üçün isə yeni büdcə olmalıdır.

E.Səfərov onu da deyib ki, Aliment Fondunun yaradılması ilə Azərbaycanda sosial risk qrupunda olan şəxslərə yardım etmək imkanı yaranacaq. Onun sözlərinə görə, alimentlə bağlı qanunvericilikdə təkmilləşdirmə işləri də davam etdirilməlidir. Elektron baza yaradılmalı, cinayət məsuliyyətinə cəlbetmə prosesi daha da gücləndirilməlidir. Aliment beş ay müddətində ödənmirsə, həmin şəxs avtomatik olaraq cinayət məsuliyyətinə cəlb olunmalıdır.

Qeyd edək ki, Azərbaycanda Aliment Fondunun yaradılması ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Alimentin dövlət tərəfindən ödənilməsini yüksək qiymətləndirən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, ata alimenti ödəmirsə, bunun cəzasını uşaq çəkməməlidir: "Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu addımını təqdirəlayiq hesab edirəm. Ölkədə Aliment Fondu yaradılmalıdır. Hətta bir müddət əvvəl bu mövzu müzakirə olundu, ancaq heç bir nəticə əldə olunmadı. Aliment Fondu yaradılarsa, yayınma halları olanda dövlət işə qarışacaq. Aliment ödənmədikcə, borclar yığılıb qalır və bu zaman hökumət strukturları fəaliyyətə keçir. Cavabdeh tərəf tapılaraq ondan dövlətə olan borcların ödənməsi tələb edilir. Alimentlərlə bağlı məhkəmə qərarlarının icrasının həll variantlarından biri də məhz Aliment Fondunun yaradılmasıdır. Hətta Fond faizli olsa yaxşıdır. Əgər aliment vaxtında ödənilmirsə, dövlət bu vəsaiti ödəyir. Sonradan isə vətəndaşdan alimentlə bərabər onun faizi də alınır. Artıq vəsait isə müvəqqəti olaraq aliment ala bilməyən digər qadınlara ödənilir. Aliment Fondu olarsa, qadın biləcək ki, stabil bir vaxtda pul alacaq.

Ata ilk növbədə övladını düşünüb, onun heç olmasa minimum yaşayışını təmin etməyə borcludur. Bir ata kimi borcludur. Bir halda ki, atadan hökumət güclə aliment alır, onun özünü ata adlandırmağa mənəvi haqqı çatmır. Ancaq vəziyyət belə kritikdirsə və atalar get-gedə uşaqlarına çörəkpulu verməkdən yayınırlarsa, Aliment Fondunun yaradılması aktuallaşır və dövlət strukturlarının məsələyə ciddi müdaxilə etməsi zərurəti artır”.

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə indiki dövrdə Aliment Fondunun yaradılmasını məqsədəuyğun hesab etmir. AUB sədri bunu bir sıra səbəblərlə əlaqələndirib: "Ümumilikdə bizim qanunvericiliklə hər bir şey etmək olar. Sadəcə olaraq, qanun işləməlidir. Bununla belə Aliment Fondunun yaradılmasının o qədər də əsaslı olduğunu düşünmürəm. Aliment tətbiq ediləndə valideynlərdən biri onu verməkdən imtina edirsə, burada hər bir halda fərdi qaydada alimentin məbləği müəyyənləşdirilir. Çünki bu, həmin şəxsin leqal gəlirlərindən asılı olan bir məsələdir. Buna uyğun olaraq da aliment məbləği müəyyənləşdirilə bilir. Ona görə də aliment fondunun yaradılmasına nə ehtiyac var? Valideynin özünü tapıb məsuliyyətə cəlb etmək rahatdırsa, o zaman sözügedən fondun yaradılmasına ehtiyac yoxdur. Yaxşı olardı ki, sözügedən məsələ ilə bağlı valideyninin özünün məsuliyyəti artırılsın. Düzdür, mövcud qaydalara görə, qanunvericilik istisna etmir ki, aliment verilmirsə və alimentdən qaçan şəxsi müəyyənləşdirmək mümkün deyilsə, dövlət həmin ailəyə alimenti ödəyir. Sonradan həmin şəxsin özünə qarşı iddia qaldıraraq, onun əmlakından, yaxud da aldığı gəlirlərdən həmin vəsaiti tuta bilər. Elə bir qayda bu gün mövcuddur və ölkə qanunvericiliyi bunu istisna etmir. Ancaq yaxşı olardı ki, mövcud qanunvericilik bir az da təkmilləşdirilsin və həm də sərtləşdirilsin. Yəni valideyn aliment ödəmədikdə tək inzibati yox, eyni zamanda, cinayət məsuliyyəti daşısın. O zaman sözügedən problem bu dərəcədə kritik səviyyədə olmayacaq və çox rahat şəkildə tənzimlənəcək. O zaman Aliment Fondunun yaradılmasına elə bir ehtiyac qalmayacaq. Bütövlükdə nəzəri cəhətdən yanaşanda belə bir fondun yaradılması normal ola bilər, amma gəlin olanımızdan danışaq. Yaxşı olardı ki, mövcud qanunvericilikdə nələr nəzərdə tutulubsa, heç olmasa, onları həyata keçirək. Ondan sonra adıçəkilən fond haqqında düşünək. Bir məqamı da nəzərə almaq lazımdır ki, belə bir fondun yaradılması əslində çoxsaylı insanların alimentdən yayınmasına gətirib çıxara bilər. Belə bir fond dövlət tərəfindən yaradılacaqsa, o zaman aliment verməkdən yayınanların sayı daha çox olacaq. Hamı arxayın olacaq ki, fond hesabına aliment ödəniləcək və s. O cümlədən, müvafiq dövlət orqanları alimentdən boyun qaçıran şəxslərin məsuliyyətə cəlb olunmasına çalışmayacaq ki, vəsaiti sonradan ödətdirsinlər. O üzdən, düşünmürəm ki, belə bir fondun yaradılmasına zərurət var”.

Şəymən