Alimlərin üzünə gün doğdu, Mərdəkanda istirahət edəcəklər

Firudin Cəlilov: “Bunu ancaq alqışlamaq olar”Nizami Cəfərov: “Xəbəri eşidəndə çox sevindim”
Azərbaycanda alimlər gələn ilin yazından xüsusi istirahət zonalarında istirahət edə biləcəklər. Bunu Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, alimlər üçün Azərbaycanın bir neçə yerində - Pirqulu, Xızı və Mərdəkanda istirahət və yaradıcılıq evlərinin yaradılması nəzərdə tutulub.
İ.Həbibbəyli bildirib ki, artıq AMEA-nın Mərdəkandakı "Pioner” düşərgəsi adlanan binası əsaslı şəkildə yenidən qurulmaqla orada "Yaradıcılıq Evi” yaradılır. Tikintinin başa çatmaq üzrə olduğunu deyən İ.Həbibbəyli əlavə edib ki, 2015-ci ilin sonuna qədər orada işlər müəyyən qədər tamamlanacaq. 2016-cı ilin yazında isə həmin ev istifadəyə veriləcək: "Bina həm də internetlə təmin ediləcək. Alimlərin binada müxtəlif informasiya texnologiyaları vasitəsilə yaradıcılıq fəaliyyətlərini davam etdirmələri üçün hər cür imkanı olacaq”.
Sabiq təhsil naziri, professor Firudin Cəlilov "Şərq”ə açıqlamasında alimlər üçün istirahət və yaradıcılıq evinin yaradılmasını müsbət dəyərləndirib: "Bunu ancaq alqışlamaq olar. Bilirsiz ki, yazıçılar üçün də Mərdəkanda belə evlər yaradılıb. Amma alimlər üçün indiyə qədər hansısa istirahət və yaradıcılıq məkanları təsis edilməyib. Əgər yaratsalar, çox gözəl olar. Xüsusən, imkansız və gənc alimlər üçün bu cür imkanların qurulması müsbət nəticələr verər. Alimlərin maddi vəziyyəti yaxşı deyil. Heç olmasa, onlara yaradılan şəraitdən istifadə edərək elmlə, yaradıcılıqla məşğul olarlar. Həm də ailəvi istirahət edərlər”.
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov da alimlər üçün yaradılan imkanlardan məmnun olduğunu bildirib: "Xəbəri eşidəndə çox sevindim. Ümumiyyətlə, son illər AMEA tərəfindən alimlərin maddi vəziyyətini və yaradıcılığını yaxşılaşdırmaq istiqamətində xeyli işlər görülüb. İndiki təşəbbüs də təqdirəlayiq haldır. Əminəm ki, tikintilər başa çatacaq. Əsas odur ki, buna maraq olsun. Hesab edirəm, elmi yaradıcılığın artırılması dövlətin marağında olan məsələdir. Elmə xüsusi qayğı lazımdır. Elmə qayğı isə alimlərə diqqətdən keçir. Alimlərə biganə münasibət elm üçün problemlər yaradır”.
İsmayıl