Alınan kreditlər mütləq ödənməlidir
“Kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan məlumatlar əsassızdır”
Devalvasiyadan sonra əhali manatın ucuzlaşmasından ehtiyat etdiyi üçün əmanətlərini banklarda yerli valyuta ilə deyil, dollarla saxlamağa üstünlük verir. Buna görə də əhali əlindəki pulu dollara çevirib, banklarda əmanət olaraq yerləşdirməyə başladı. Nəticədə isə banklarda dollar ehtiyatı çoxalıb və manata olan tələbat isə azalıb.
Vəziyyətdən çıxış yolu olaraq kommersiya bankları dollarda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini kəskin aşağı salıblar. "Marja”nın məlumatında, əhalinin dollar əmanətinə axınının qarşısını almaq üçün xarici valyutada, o cümlədən dollarda yerləşdirilən əmanətlər illik 2-8 faiz dərəcəsi ilə qəbul edilib. Halbuki bir müddət əvvəl, banklar manat və dollar hesablı əmanətlərinin faiz dərəcələrini 14 faizədək qaldırmışdılar.
Ekspertlər isə bu prosesin mərhələli şəkildə olacağını proqnozlaşdırırlar.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehdiyev isə bildirib ki, banklar hazırda dollar bolluğundan əziyyət çəkirlər. Əllərində olan dollarları istifadə edə bilmirlər. Banklara dollar axınının artması fonunda dollar kreditlərinə tələbatın azalması az qala banklar üçün ciddi problemə çevrilib.
Əhalidən dollar ifadəsində cəlb etdiyi əmanəti banklar kredit olaraq iqtisadiyyata yönəldə bilmədiklərini vurğulayan iqtisadçı deyib ki, həm əhali, həm də sahibkarlar dollar krediti almaqda maraqlı deyillər. Onların üstünlük verdikləri manat isə banklarda yoxdur: "Devalvasiyadan sonra insanlar banklara axın edib, öz əmanətlərini dollara çevirdilər. Banklar da manat qıtlığını aradan qaldırmaq üçün əhaliyə verilən kreditləri dollarla verməyə başladılar. Bu isə vətəndaşlara sərf etmədiyi üçün bankların bu qərarı onların etirazına səbəb oldu. Bütün bunların fonunda bankların da dollarla olan qazanclarını yerləşdirmək imkanları məhdudulaşıb. Onlar da dollarla yerləşdirilən əmanətlərin həcmini azaltmaq üçün faiz dərəcəsini aşağı salırlar. Əslində bu, gözlənilən idi. Çünki əhaliyə verilən kredit faizlərinin aşağı salınması üçün istənilən halda qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınması zəruridir”.
A.Mehtiyevin sözlərinə görə, indiki halda dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcəsinin kəskin aşağı salınmasının başlıca səbəbi bankların dollarla olan vəsaitləri yerləşdirməklə bağlı qarşılaşdığı problemdir.
Əmanətlər üzrə faiz dərəcəsinin aşağı salınmasından sonra dollarla verilən kreditlərin faizinin aşağı salınma ehtimalına gəldikdə isə ekspert deyib ki, banklar dollarla qəbul edilən əmanətlər üzrə faiz dərəcəsini hələ ki, yenicə azaltmağa başlayıblar. Hələlik məlum deyil ki, əhali aşağı salınmış faizlərlə banklara əmanət qoymağa maraqlı olacaqlarmı? Ola bilsin ki, banklar bundan çəkindirici bir amil kimi də istifadə etsinlər: "Yəni ki, insanlar dollarla qoyulan əmanətlərin faiz dərəcəsinin aşağı olduğunu görüb, öz vəsaitlərini banka manatla qoymaqda maraqlı olsunlar”.
Kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı yayılan məlumatların tamamilə əsassız olduğunu vurğulayan iqtisadçı belə bir hadisənin baş verməsinin mümkünsüz olduğunu deyib: "Bu məsələ ümumiyyətlə, müzakirəyə gəlməyən bir məsələdir. Kimlərsə ağlına gələn replikanı ortaya atıb, sosial şəbəkələr də bunu geniş şəkildə müzakirəyə çıxarıb. İndiki halda kiçik məbləğli kreditlərin dövlət tərəfindən qarşılanacağı ilə bağlı məsələ ciddi müzakirə predmeti deyil. Daha doğrusu, müzakirə oluna bilməz. Alınan kredit mütləq ödənməlidir”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, kredit borclarının dövlət tərəfindən deyil, ayrı-ayrı bankların özləri tərəfindən silinməsinə ehtiyac var. Bir sıra inkişaf etməkdə olan ölkələrdə bankların kiçik həcmli borcların bağışlanması hallarına rast gəlinir: "Dövlət tərəfindən borcların silinməsi həm dövlət üçün əlavə xərc deməkdir, həm də bu proses bankları və kredit borcu olanların məsuliyyətini azalda bilər. Eyni zamanda, bu kredit ödənilməsinə məsuliyyətlə yanaşan borclu ilə həmin pulu məsuliyyətsiz xərcləyən arasında diskriminasiya olacaq. Məsələn, təsəvvür edək ki, bir vətəndaşımız kredit götürüb və öz əmək haqqısına qənaət edərək, yumşaq desək, bəzi hallarda "uşağının boğazından kəsərək” həmin krediti vaxtlı-vaxtında qaytarıb, digəri isə bankdan borc alıb gedib Türkiyədə istirahət edib və sonradan da həmin pulu geri qaytarmayıb. Belə olan halda borcların silinməsi o deməkdir ki, sanki kredit ödənişlərinə məsuliyyətlə yanaşan doğru etməyib, borcla istirahət edən və onu geri ödəməyən düzgün edib. Çünki o, krediti məsuliyyətsiz xərclədi, amma onun borcu bağlandı. Əslində isə, doğru edən öhdəliyinə məsuliyyətlə yanaşandır.
Borcların bağışlanması isə kredit götürənlərin əksəriyyətində "yenidən borcumu siləcəklər” arxayınçılığı yarada bilər ki, bu da bank sektorunda problemli kreditlərin həcmini kəskin artıra bilər. Düşünürəm ki, borcların bağışlanması ümumi şəkildə bütün kreditlərə deyil, fərdi olaraq ayrı-ayrı müqavilələrə tətbiq edilə bilər. Ailənin sosial statusundan asılı olaraq bunun tətbiq edilməsi mümkündür. Məsələn, elə ailə var ki, kredit götürüləndən sonra ailə başçısı dünyasını dəyişib və qəza keçirərək əmək qabiliyyətini itirib. Həmin ailələrə verilən kreditlərin banklar tərəfindən bağışlanması və ya güzəştlərin tətbiq edilməsi olduqca vacibdir. Bu həm də sosial korporativ məsuliyyət prinsipinə uyğundur. Bu baxımdan, bütün kreditlərin deyil, sosial statusundan asılı olaraq bir sıra borcların bağışlanması arzuolunandır”.
Şəymən