Allah o ailəni xoşbəxt eləsin, nümunə oldu

Rayon maşınlarınınBakıya girişi qadağan olunduğundan bəy gəlini qatarla paytaxta gətirdiDeməli, bu ailənin təməli artıq sağlam əsaslar üzərindədir
Balakəndən bir ailə gözəl nümunə göstərib. Rayon qeydiyyatlı avtomobillərin gündüz saatlarında paytaxta girişinə qadağanı nəzərə alan bu ailə Bakıya gəlini qatarla gətirib. Necə deyərlər, "elimizin toy kimi gözəl adəti”nə elimizə uyğun hörmət-izzətlə, mədəni şəkildə yanaşıblar. Heç kimi əziyyətə salmayıblar, heç kimi gəlin maşını karvanına qoşub, siqnal səsini şəhərlə bir edib, əhalinin rahatlığını pozmayıblar.
Elliklə qatara bilet alıb, gəlinlə bəyi də qatara mindirib paytaxta üz tutublar. Nə özləri tıxaca düşüb, nə də başqalarını yola qoyublar. Avtomobillərini paytaxtın girəcəyindəki dayanacaqda saxlamaq məcburiyyətində də qalmayıblar. Heç kimlə çənə-boğaz olub, "mən ölüm, toyumuz var, şəhərə getməliyik” deyib, yüngül saqqal da olmayıblar. Bəlkə də balakənli bu ailənin hərəkəti çoxlarına qəribə görünə bilər.
Amma əsas odur ki, ailə də, qohum-əqrəba da, sakit, rahat şəkildə paytaxta yetişiblər.
Məlumdur ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı dəfələrlə xəbərdarlıqlar edib. Toy karvanlarının yol-nəqliyyat qəzalarına səbəb olduğunu, toyların yasa çevrildiyini təəssüflə bildirib. Amma bütün bu deyilənlər sanki daşa dəyir. Toy sahibləri yüksək səsli siqnallarla və maşın karvanları ilə gəlin-bəy müşayiət etməkdən vaz keçmir. Bu toy karvanları səbəbindən saatlarla tıxaclarda qalanları heç veclərinə də almırlar. Tıxacda qalanların da gücü söyüşə çatır. Toy sahibinin yeddi arxa dönənini söyüşlərə "qərq edirlər”.
Qarğış yiyəsi oldunuzmu?!
Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının üzvü Vüqar Tofiqli də balakənli ailənin addımını təqdir etdi:
- Çox mədəni addımdır, Allah o ailəni xoşbəxt eləsin. Deməli, bu ailənin təməli artıq sağlam əsaslar üzərindədir. Nə qədər görürük ki, toy karvanlarındakı maşınlar avtoxuliqanlıq edir, səs siqnallarından lüzumsuz yerə istifadə edirlər, qarşı yola çıxırlar, süni sıxlıq yaradırlar, yolun hərəkət hissəsini tuturlar, maşınların hərəkətinə mane olurlar, işıqforda da dayanmırlar. Guya ki, bunlar xüsusi imtiyaza malikdirlər. Bəylə-gəlin olmaq insana heç bir xüsusi imtiyaz vermir. Sən yolun hərəkət hissəsindəsənsə, hamı kimi sən də yol-hərəkəti qaydalarına tabe olmalısan. Bəylə-gəlin valideynləri üçün, qohumları üçün əzizdir, toy günündə hamı onları təbrik edir. Amma ictimai yerdə heç kimin digərindən üstünlüyü yoxdur. Hər kəs qanunlara, ictimai qaydalara uyğun davranmalıdır. İnsanda gərək mədəniyyət olsun, etik davranışları bilsin. Bir insan yolu keçmək istədikdə, görürsə ki, kimsə orada dayanıb, deyir, bağışlayın, icazə verin, keçim. Bu, adi bir mədəniyyət nümunəsidir. Toy günü isə biz nə qədər mədəniyyətsizliyin şahidi oluruq. Maşınlar şadlıq saraylarının qarşısında düzülür, avtomobillərin hərəkəti iflic olur. Kiməsə görə, kimsə evinə, işinə gecikir.
Maarifləndirmə işi aparılmalıdır ki, belə kobud hərəkətlərə yol verilməsin. Sürücülər də düşünməlidir ki, onun hansısa səhlənkarlığı, səhv hərəkəti faciələrə səbəb ola bilər. Toy yasa çevrilər. Bu işdə ağsaqqallar, ailələrin böyükləri xüsusilə diqqətli olmalıdır və hamını qayda-qanuna riayət etməyə çağırmalıdırlar. Amma bəzən irəli düşən elə böyüklər olur. Cavanlara öyüd-nəsihət verməkdənsə, özləri qaydaları pozurlar. Ümumiyyətlə, cəmiyyətimizdə ətrafdakıları nəzərə almaq mədəniyyəti zəifdir. Təkcə toylarda belə olmur, yasda da belədir. Biri yas çadırı qurur, yolu bağlayır, insanlar bilmir, haradan keçib-getsinlər.
Görürsünüz, balakənli bu ailə necə çıxış yolu tapıb?! Burda pis nə var, qəbahət sayılacaq nə var? Qatara miniblər, sakitcə, rahat bir şəkildə Bakıya gəliblər. Tam təhlükəsiz. Həm də sərfəli.
Məlahət Rzayeva