“Bundestaq uydurma erməni soyqırımını qəbul edirsə, onda ermənilərin 1918-ci ildə Bakıda törətdikləri həqiqi soyqırım hadisəsi və eləcə də “Xocalı soyqırımı” ilə bağlı qərar qəbul etsin”
Almaniya parlamenti tarixi saxtalaşdırıb
Musa Qasımlı: “Belə qətnamələr türk milləti üçün bir anlam daşımır və kimsə türk millətinin etmədiyini onun boynuna qoya bilməz”
“Bundestaq uydurma erməni soyqırımını qəbul edirsə, onda ermənilərin 1918-ci ildə Bakıda törətdikləri həqiqi soyqırım hadisəsi və eləcə də “Xocalı soyqırımı” ilə bağlı qərar qəbul etsin”
“Bundestaq uydurma erməni soyqırımını qəbul edirsə, onda ermənilərin 1918-ci ildə Bakıda törətdikləri həqiqi soyqırım hadisəsi və eləcə də “Xocalı soyqırımı” ilə bağlı qərar qəbul etsin”
Dağlıq Qarabağ məsələsində prinsipiallıq və ədalət umduğumuz bir dövlət, ATƏT-in hazırkı sədri, üç milyondan artıq türkün yaşadığı Almaniya saxta erməni soyqırımını parlament səviyyəsində tanıdı. Bununla da qardaş Türkiyəyə qarşı qərəzini ortaya qoyan bu dövlət avtomatik şəkildə Azərbaycana da böyük pislik etmiş oldu.
Çünki bir ölkənin və ya qüvvənin Türkiyəyə münasibəti eyniylə Azərbaycana münasibətinin göstəricisi sayılır. Aydın məsələdir ki, ermənilərin Türkiyəyə qarşı əsassız ittihamlarına, o cümlədən torpaq iddialarına bu yolla bəraət qazandıranlar Dağlıq Qarabağ məsələsində obyektiv və qərəzsiz münsif ola bilməzlər. Təbii ki, ermənilərin ərazi iddialarının yerinə yetirilməsi nə faktiki olaraq mümkündür, nə də ssenaristlər əslində bunu istəyir. Onlar sadəcə Türkiyəni basqı altında saxlayıb iki məqsədə nail olmağa çalışırlar. Onların birinci məqsədi Türkiyəni siyasi güc meydanından sıxışdırmaq və Qarabağ məsələsində Ankaranı neytral vəziyyətə salmaqdır. İkinci hədəfləri isə Türkiyənin Qarabağ problemini əsas gətirərək tətbiq etdiyi sərhəd embarqosunun ləğvinə nail olmaqdır. Sözsüz ki, Türkiyənin bu məsələlərdə güzəştə getməsinin ən böyük zərəri Azərbaycana dəyə və ölkəmiz Qarabağ probleminin həllində yeganə müttəfiqini də itirə bilər. Politoloqlara görə, Bundestaqın məlum qərarı mühüm bir həqiqəti də ortaya qoydu. İndiyədək ABŞ və digər xarici dövlətlər "erməni soyqırımı”yla bağlı hər hansı qərar qəbul edəndə bunu lobbiçilik fəaliyyətilə əsaslandırırdılar. İddia edirdilər ki, guya, həmin qərarlara imza atan dövlətlərdə erməni lobbiləri güclü olduğundan və bu istiqamətdə ardıcıl siyasət yürütdüklərindən, ölkə siyasiləri seçkilərdə səs qazanmaq üçün onların nazıyla oynamağa məhkumdurlar. Almaniyanın bu addımı isə tamamilə başqa mətləblərdən xəbər verir. Məlum olduğu kimi, Almaniya türk mühacirlərinin ən çox yaşadığı Avropa ölkəsidir. Burada 3 milyondan çox türkiyəli məskunlaşıb. Cənubi və Şimali Azərbaycandan, həmçinin digər islam ölkələrindən Almaniyaya pənah aparanları da hesaba qatsaq, türk lobbisinin əhatə dairəsini xeyli genişləndirmək olar. Bundestaqdakı səsvermənin nəticələrinə nəzər salanda isə bu təsir imkanının qətiyyən işə yaramadığını görürük. Məlumata görə, 631 millət vəkilindən yalnız biri layihənin əleyhinə səs verib, bir nəfər isə tərəfsiz qalıb. Digər millət vəkilləri isə yekdilliklə qətnaməyə "hə” deyiblər. Ekspertlərə görə, bu faktı Türkiyənin öz diaspora işini yetərli səviyyədə qura bilməməsiylə izah etmək mümkün deyil. Buradan belə bir nəticə hasil olur: "Erməni soyqırımı” qərarları hansısa sosial bazanın səsini əldə etmək istəyindən doğmur. Əksinə, hansısa güclü iradə hətta bu layihələrə qarşı olanları belə, öz istəklərinin ziddinə addım atmağa məcbur edir. Deməli, zorla Türkiyə və Azərbaycana qəbul etdirilən, yaxud etdirilməyə çalışılan "soyqırım” yalanı böyük güclərin əlində təzyiq vasitəsidir.
Bütün bu faktlar erməni kartının dünya gücləri tərəfindən türk xalqlarına qarşı istifadə edildiyini, əsas hədəfin isə Türkiyə və Azərbaycan olduğunu təsdiqləyir. Məqsəd ərəb dünyasının baş ağrısına çevrilən yəhudi məsələsinə bənzər süni problem yaratmaq və türk gücünün inkişafının qarşısını almaqdır.
Millət vəkili Musa Qasımlı Almaniya Bundestaqının qərarını ikili standartların aşkar rüsvayçı nümunəsi adlandırıb. Deputatın fikrincə, məqsəd Türkiyəyə təzyiq etmək, türk millətini gözdən salmaqdır: "Almaniya parlamentinin qəbul etdiyi qətnamə tarixin saxtalaşdırılmasıdır. Çünki tarixdə "erməni soyqırımı” deyilən bir şey olmayıb. Əslində, Birinci Dünya müharibəsinin gedişində əvvəlcə erməni silahlı dəstələri Şərqi Anadoluda, Cənubi Azərbaycanda və Cənubi Qafqazın müxtəlif yerlərində mülki türk, müsəlman əhaliyə qarşı kütləvi soyqırımı törədiblər. 1918-1920-ci illərdə isə türk torpaqlarında yaradılan daşnak Ermənistan soyqırımı dövlət siyasətinə çevirib. İndiki Ermənistan isə Azərbaycana qarşı hərbi təcavüzünün gedişində Xocalıda mülki azərbaycanlı əhalini soyqırıma məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət edib. Bənzər qətnamələr buna qədər də qəbul edilib və bundan sonra da qəbul edilə bilər. Onların heç biri gerçək tarixi dəyişdirə bilməz. Nə qədər qəbul edilsə də, belə qətnamələr türk milləti üçün bir anlam daşımır və kimsə türk millətinin etmədiyini onun boynuna qoya bilməz. Yaxşı olardı ki, Almaniya Bundestaqının deputatları Xocalıda törədilənə də diqqət yetirərdilər. Ümumiyyətlə, soyqırımdan söhbət gedəndə Almaniya daim susmalı, utanaraq başını aşağı salmalıdır”.
ADP sədri Sərdar Cəlaloğlu da bildirib ki, Bundestaq uydurma erməni soyqırımını qəbul edirsə, onda ermənilərin 1918-ci ildə Bakıda törətdikləri həqiqi soyqırım hadisəsi və eləcə də "Xocalı soyqırımı” ilə bağlı qərar qəbul etsin: "O zaman biz deyərdik ki, Almaniya parlamenti tərəfsizdir, ədalətlidir və doğrudan da tarixdə baş verən hadisələrə laqeyd qala bilmədi. Eyni zamanda "soyqırım” haqqında qərarın qəbul edilməsi əslində ermənilərin azərbaycanlılara, müsəlmanlara, türklərə qarşı etdikləri bütün hərəkətlərə haqq qazandırmaq və dəstək vermək deməkdir. Çox maraqlıdır ki, indiyədək "soyqırım” iddiası ilə çıxış edən və bunu tanıyan heç bir ölkə, bu hadisələrin hüquqi cəhətdən araşdırılmasında maraqlı olmayıb. Hər halda bir cinayət baş veribsə, bu, hüquqi cəhətdən təsdiq olunmalıdır. Bundan sonra ona siyasi qiymət verilməlidir. Bu baxımdan əgər bu məsələ ilə bağlı beynəlxalq məhkəmələrdə hansısa hüquqi qərar yoxdursa, Almaniya Bundestaqının da qərarının heç bir hüquqi əsası yoxdur. Hesab edirəm ki, bu, çox utancverici qərardır. Partiyamızın bununla bağlı bəyanatı olacaq”.
İsmayıl