Almaniya Türkiyəyə qarşı uğursuz addım atıb

Politoloqlar hesab edirlər ki, bu qərardan tək Türkiyə deyil, Azərbaycan da zərbə alıb


Uydurma erməni soyqırımının tanınmasını nəzərdə tutan layihə iyunun 2-də Almaniyanın parlamentində səsverməyə çıxarılıb və qəbul olunub. Sənəd səsverməyə çıxarılmamışdan öncə bir çox ekspertlər hesab edirdilər ki, Almaniya parlamenti "erməni soyqırımı”nı tanımayacaq.

Onlar iddia edirdilər ki, əgər bu baş verərsə, Almaniya-Türkiyə münasibətləri pozulacaq. Elə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da səsvermə günündən öncə mətbuata açıqlamasında Almaniya deputatlarının yanlış qərar verməyəcəyini ümid etdiyini demişdi. Amma gözləntilər bütün türk dünyasını məyus etdi. 3 milyondan çox türkün yaşadığı Almaniyanın niyə belə addımı atdığı isə çoxlarını düşündürür.

"Türkiyə gözlənilən reaksiyanı verdi”

Almaniya hökuməti ümid edir ki, Bundestaqda qondarma erməni soyqırımınının qəbul edilməsi rəsmi Berlin və Ankara arasında münasibətləri gərginləşdirməyəcək. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, uydurma soyqırımın qəbul edilməsi Bundestaqın azad qərarıdır: "Türkiyə gözlənilən reaksiyanı verdi. Ümid edirəm ki, yaxın günlərdə və ya həftələrdə bizim münasibətlərimiz düzələcək”.

"İki dövlət və iki xalq arasındakı münasibətlər davam edəcək”

Türkiyənin Almaniyadakı səfiri Hüseyin Avni Karslıoğlu jurnalistlərə açıqlamasında deyib ki, Almaniya bundestaqında qondarma erməni soyqırımı ilə bağlı aparılan dinləmələr tarix müəlliminin anlatdığı saxta düşüncələr idi: "Bu saxta qətnamə zərrə qədər fakta və dəlillərə əsaslanmadan, yalnız romanlarda söylənilən duyğulu fikirlərdən ibarət olan qərardır. Amma Almaniyadan fərqli olaraq, Türkiyə duyğularla deyil, məntiq, ağıl və həqiqətlərlə hərəkət edəcək. Yəni sözügedən məsələ ilə bağlı müvafiq addımları və qərarları bu formada atacağıq. Hər şeyə rəğmən Türkiyə-Almaniya dostluğu, iki xalq arasındakı münasibətlər davam edəcək. Buna heç kəsin şübhəsi olmasın. Ancaq yenə də təkrar edirəm ki, Almaniya bundestaqının qəbul etdiyi bu qətnamə emosional qərardır. Çox təəssüf ki, bu qondarma qərarın qarşısını ala bilmədik. Çünki bununla bağlı qərar çox əvvəldən verilmişdi”.

"Almaniya üzərindəki soyqırım yükünü başqaları ilə paylaşmağa çalışır”

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun bildirib ki, Almaniya Bundestaqı tərəfindən qəbul edilmiş qərar həqiqətən həm cahil və uğursuz, həm də hüquq əleyhinə olan qərardır: "Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı verdiyi qərar var. Qərarda deyilir ki, 1915-ci il hadisələri barədə iddialar müzakirəyə açıqdır. Yəni bizim hər zaman dediyimiz məsələni deyiblər”. Səfir vurğulayıb ki, əgər Almaniya həqiqətən beynəlxalq sülh naminə Türkiyə və Ermənistanın yaxınlaşması üçün "yaxşılıq etmək” istəyirdisə, onda ermənilərin onlara diktə etdiyi doqmatik fikirləri qəbul etməməliydi: "Türkiyəni və türk tarixini təktərəfli qaralamaq yerinə, Almaniya deməliydi ki, "ey Ermənistan və Türkiyə, bir araya gəlin, həqiqətləri müzakirə edin və doğru yolu tapın”. Lakin Türkiyə əleyhinə bu qərarın verilməsi həqiqətən Almaniya və Bundestaq adına uğursuz bir addımdır. Həqiqətən qınanılacaq hadisədir. Hadisənin bundan sonra bizim Almaniyaya qarşı hissiyyatımıza təsir etməməsi mümkün deyil. Üstəlik, 3 milyondan çox türk əsilli alman vətəndaşı və orda yaşayan insanlar var ki, onlar da təhqir ediliblər. Belə bir dövrdə bu qərarın qəbul edilməsi onu göstərir ki, bunun arxasında bir çox manipulyasiyalar mövcuddur. Lakin bu da bir gerçəkdir ki, Almaniya üzərindəki soyqırım yükünü başqaları ilə paylaşmağa, Türkiyənin üstünə yıxmağa çalışır”.

"Ermənilərlə Qərb arasında qəribə bir könül bağı var”

ADA-nın professoru Elnur Soltanov açıqlamasında söyləyib ki, Almaniyanın qərarı psixoloji səbəblərlə bağlıdır: "Almanlar hər zaman adları genosidlə birlikdə hallanan millətdir. Özlərinə bu mənada instinktiv olaraq sanki yoldaş axtarırlar. Bəllidir ki, dünyada ilk dəfə soyqırım termini almanlarla bağlı ortaya çıxıb. İstəyirlər ki, soyqırım həyata keçirən yeganə xalq olmasınlar. Hesab edirlər ki, bu ifadə səslənəndə onlar bir qədər arxa plana keçər və təzyiqlər azalar. Qısası, bu mövzuda hədəf olmaqdan yayınırlar. Bu qərar Türkiyəyə dərs olmalıdır. Beynəlxalq media inanılmaz şəkildə Türkiyənin üzərinə gedir. Sanki soyqırım həqiqətdir. Ermənilərlə Qərb arasında qəribə bir könül bağı var. Bu da Türkiyənin əleyhinə çevrilir”. E.Soltanov söyləyib ki, bu hadisə iki ölkənin münasibətlərinə zərərsiz ötüşməyəcək: "Maraqlıdır ki, burada Ərdoğan necə davranacaq. Avropa üçün ən həssas məsələ olan miqrant məsələsində Türkiyə hansı addımları atacaq. Bütün diqqət buna yönəlib. İndiki halda əməkdaşlıq elə bir mürəkkəb səviyyədədir ki, Türkiyənin birdən-birə həmin əməkdaşlıq formalarından geri çəkilərək yenidən miqrantlar məsələsini qaldırması çətin olacaq. Proseslərin sonu maraqlıdır”. Ekspert deyib ki, baş verənlər Azərbaycan üçün yaxşı hadisə deyil. Çünki ermənilərin qurban millət kimi qələmə verilməsi, bizim onların Qarabağı işğal etmələrini ifadə etməmizi çətinləşdirir: "Siyasi mənada da bu bizim üçün yaxşı hal deyil. Çünki sabah Türkiyə bizi dəstəklədiyi zaman deyəcəklər ki, "ermənilərə qarşı genosid edən ölkə”. Yəni bu kimi qərarlar Türkiyənin bizə siyasi dəstəyinə də zərər verir”.

"Belə addımla Türkiyəni sarsıtmaq və qorxutmaq mümkün deyil”

Millət vəkili, politoloq Rasim Musabəyov isə bildirib ki, qətnamə heç bir əhəmiyyəti olmayan və vəziyyəti dəyişməyən qərardır. Amma politoloqun sözlərinə görə, Bundestaqın qərarı iki ölkənin münasibətlərinə xələl gətirəcək: "Bu qərar Türkiyəyə informasiya təzyiqi etmək üçün qəbul olunub. Türkiyə güclü və qüdrətli dövlətdir. Belə addımla Türkiyəni sarsıtmaq və qorxutmaq mümkün deyil. Amma bu, ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək. Türkiyə buna soyuqqanlı yanaşmalıdır. Çünki Fransa, İtaliya bu qərarı qəbul etmişdi. Bununla nə əldə etdilər? Onlarda olduğu kimi Almaniyanın da bu qərarının heç bir hüquqi nəticəsi olmayacaq. Bir müddətdən sonra belə bəyanatları yada salan olmur. Ermənilər bunu bayraq edib, bəlkə də bir ay özlərinə təsəlli verəcəklər”. R.Musabəyov deyib ki, Almaniya Türkiyədən ehtiyat etdiyi üçün bu addımı atdı: "Bu qərarı 50 il bundan qabaq da qəbul edərdilər. O zaman Türkiyədən ehtiyatlanmırdılar. Amma indi Türkiyədən çəkindikləri üçün belə bir addım atıblar. Türkiyə əvvəllər hansısa kredit üçün xahiş edirdi. İndi isə Türkiyə heç kimdən heç nə istəmir. Düşünürlər ki, bu kağız parçasını qəbul etməklə Türkiyəyə təsir edəcəklər. Bu, ikitərəfli münasibətlərə mənfi təsir edəcək və pislik onların özünə qalacaq”.

"Heç Hitlər də bu addımı atmamışdı...”

Politoloq Cümşüd Nuriyev bildirib ki, Almaniya Türkiyədən heyif almaq istəyir: "Çalışırlar ki, Türkiyə zəifləsin. Çox təəssüf ki, Türkiyənin rəhbərliyi uzaqgörən siyasət yürütmür. Bunlar da Almaniyada olan türklərdən və kürdlərdən Türkiyənin özünə qarşı istifadə edirlər. Xolokost qətliamını törədən bir dövlətin erməni "soyqırımı”nı tanıması absurddur. Bütün hallarda bu, təkcə alman-türk münasibətlərinə deyil, eyni zamanda bütün türk dünyasına qarşı yanlış bir addımdır. Təəssüf ki, Almaniya bu addımı atdı”. Politoloq Azərbaycan tərəfinin bu məsələdə Türkiyə üçün ata biləcəyi addımdan da danışıb: "Mən bundan sonrasının gərginləşməsindən qorxuram. Əslində 101 ildən sonra Almaniyanın qondarma erməni soyqırımını tanımasının heç bir siyasi effekti yoxdur. Yəni uğursuz bir şeydir. 101 il ərzində bunu cəmi 11-12 dövlət tanıyıb. Amma Azərbaycan Xocalı soyqırımını 8 il ərzində kifayət qədər dövlətə çatdıra bilib. Biz saxta erməni soyqırımını zərərsizləşdirmək üçün Xocalı soyqırımını tanıtmağa çalışmalıyıq. Bizim Türkiyəyə yeganə köməyimiz bu ola bilər”.

İsmayıl