Almaniyanın anti- Azərbaycan mövqeyi...

Musa Qasımlı: “Almaniya tanklarla əldə edə bilmədiyinə siyasətlə, banklarla nail olmağa çalışır”
Fikrət Yusifov: “Almaniya özünü “Human Rights Watch” səviyyəsinə endirib”



Ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının uğurunu qəbul edə bilməyən xarici dairələr qarayaxma və təzyiq kampaniyasını davam etdirirlər. Həmin qüvvələr ölkəmizə qarşı yalan və qərəz dolu kampaniyalarını "insan hüquqları” donuna bürüməyə çalışırlar. Elə Almaniya dövlətinin son davranışları da bu qəbildəndir. Azərbaycanda keçirilən ilk Avropa Oyunlarına qarşı qərəzli yanaşma ortaya qoyan Almaniya mətbuatı böhtan kampaniyasında xüsusi yer tutur.

Özlərini "insan hüquqlarının müdafiəçisi”, "demokratiyanın inkişafının” hamisi kimi təqdim edən almanların bu dəyərlərdən necə sui-istifadə etməsinə dair yetərincə faktlar var. Azərbaycana qarşı növbəti siyasi provokasiya bu yaxınlarda Bundestaqın deputatları tərəfindən qəbul edilmiş və rəsmi Bakının haqlı narazılığına səbəb olan "Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair tələblər” adlı qətnamə oldu. Bakıdakı və Berlindəki diplomatik qurumlarımız Azərbaycan tərəfinin ölkəmizə qarşı qeyri-obyektiv xarakter

daşıyan sənədi dəyərləndirən aydın mövqeyini ifadə etdilər. Son bir neçə ildə Avropada, xüsusilə də Almaniyada Azərbaycana qarşı məqsədli kampaniyanın aparıldığını qeyd edən azərbaycanlı diplomatlar, deputatlar və siyasətçilər Almaniya parlamentinin nümayəndələrinin təxribat xarakterli addımlarının Bakı və Berlin arasındakı ikitərəfli əlaqələrə ziyan verə biləcəyini vurğuladılar. Şübhəsiz ki, almaniyalı deputatların "demokratik dəyərlər naminə” təbliğatının ilk Avropa Oyunlarının keçirildiyi bir vaxtda irəli sürülməsi təsadüf deyil. Ehtimal ki, bu, ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaqda və Azərbaycan-Almaniya əlaqələrinin dinamik inkişafına mane olmaqda maraqlı olan müəyyən siyasi qüvvələr tərəfindən əvvəlcədən planlaşdırılmış hərəkətdir. Almaniya Bundestaqının qətnamələri Azərbaycan ərazisinin bir hissəsinin işğalı faktını tanısa da, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun üzvü kimi heç bir əməli tədbir görməyib və bir sıra Avropa dövlətləri kimi təcavüzkarı öz adı ilə çağırmaqdan imtina edib. Bu isə Almaniyanın Azərbaycana qarşı mövqeyindəki səmimiliyi şübhə altına qoyur. Son aylar Almaniyada islamofobiya meyilləri də güclənib. Almaniyanın "Bertelsmann” fondunun apardığı sorğunun nəticələrinə əsasən, hər 2 almandan biri islam dinini təhlükə mənbəyi hesab edir. Hüquq-mühafizə orqanları isə irqi zəmində baş verən cinayətləri faktiki olaraq araşdırmır. Korrupsiya Almaniyada biznes fəaliyyəti ilə məşğul olmaq üçün maneə hesab edilmir. Saxtakarlıq və korrupsiya riskləri tikinti, səhiyyə və dövlət xətti ilə satınalmalar sektorunda daha qabarıq şəkildə özünü göstərir. Almaniya Cinayət Məcəlləsində rüşvətxorluq maddəsi şirkətlərə deyil, fərdlərə tətbiq edilir. Belə ki, fərdlər tərəfindən rüşvətin verilməsi, ödənilməsi və qəbul edilməsi qeyri-qanunidir. Korrupsiya halları Almaniyanın dövlət orqanlarında da geniş yayılmış haldır. Ölkədə insan haqlarının pozulması, korrupsiya və digər neqativ hallara qarşı keçirilən etiraz aksiyalarının qarşısı isə polis tərəfindən qəddar şəkildə alınır. Almaniya hökumətinin dünyada söz və məlumat azadlığı məsələlərinə əsl münasibətini göstərən faktlardan biri də "Əl Cəzirə” telekanalının əməkdaşı Əhməd Mənsurun Misirin hüquq-mühafizə orqanlarına təhvil verilməsi məqsədilə Berlin Hava Limanında saxlanılmasıdır.

Bundestaqda "Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qətnamənin qəbuluna Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin yaydığı bəyanatda deyilir ki, sözügedən qətnamə Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir. Məlumatda qeyd olunur ki, hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir: "Azərbaycan Respublikasında heç bir şəxs öz jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır. Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, həmçinin, qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd olunsa da, bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur”.

Millət vəkili, professor Musa Qasımlı da Almaniyanın son zamanlar Avropada hegemonluq iddialarının artması və bunun fonunda bir çox ölkələrə, o cümlədən Azərbaycana qarşı qeyri-səmimi münasibət göstərməsi və ikili standartlar yürütməsinə münasibət bildirib. Professor deyib ki, Almaniya tanklarla əldə edə bilmədiyinə siyasətlə, banklarla nail olmağa çalışır: "Almaniya iki Dünya müharibəsi görmüş və hər ikisində acınacaqlı şəkildə məğlub edilmiş, ikincisində isə parçalanmış bir dövlətdir. Birinci Dünya müharibəsində məğlub edildikdən sonra Almaniyada revanşizm, yəni, qisas almaq meyilləri artdı. 1930-cu illərdə Almaniyanın nəinki qitədə, həmçinin, dünyada hegemonluq etmək cəhdləri "anqlosakson geosiyasəti”nə zidd olduğu üçün bəzi dövlətlər yürütdükləri siyasətlə Almaniyada nasional-sosialistlərin hakimiyyət başına gəlməsinə laqeyd qaldılar. Nəticədə az sonra İkinci Dünya müharibəsi törədildi. Müharibənin yekununda Almaniya məğlub edildi və parçalandı. Birləşmədən sonra Almaniya yeni bir

siyasət yürüdərək, daha çox iqtisadi cəhətdən güclənməyə diqqət yetirdi. Almaniyanın birləşməsinə razı olmuş bir sıra Qərbi Avropa dövlətləri artıq özlərinə sual edirlər ki, "görəsən biz, birləşməyə icazə verməklə səhv etməmişik ki?”. M.Qasımlının sözlərinə görə, dünyanın bəzi regionlarında Almaniyanın maraqlarının Avropanın bir sıra dövlətləri və ABŞ ilə toqquşduğu şübhəsizdir: "Bu ölkə Şərqdə siyasətini yürütmək üçün daha çox ikili standartlardan istifadə edir. Məsələn, Almaniya Bundestaqı digər ölkələrin daxili işlərinə kobud surətdə müdaxilə edir, ölkədə islamofobiya və mühacirlərə qarşı hərəkat artır və s. Belə hərəkətlərin arxasında erməni lobbisi və diasporunun durduğu şübhəsizdir. Almaniyanın ikili standartlarının konkret məqsədləri var. Azərbaycanı və ya digər ölkələri sıxışdırmaq, bununla nəyəsə nail olmaq. Əlbəttə ki, Azərbaycana qarşı təzyiqlər və ikili standartlar heç bir nəticə verməyəcək. Təcrübə sübut edir ki, ən yaxşı yol təzyiqlər və ikili standartlar deyil, qarşılıqlı faydalı əməkdaşlıqdır”.

Tanınmış iqtisadçı-professor Fikrət Yusifov da "Tarixin güzgüsündəki alman cinayətləri” sərlövhəli məqaləsi ilə Almaniyanın anti-Azərbaycan kampaniyasına tutarlı cavab verib. Xarici dillərə tərcümə olunan məqalədə bəzi ölkələrin və müxtəlif təşkilatların Azərbaycana qarşı tutduğu ədalətsiz mövqe tənqid olunub və qərəzli davranışları doğuran səbəblərdən söz açılıb. Məqalədə Azərbaycanda "insan haqlarının vəziyyətinə” dair Almaniya Bundestaqında qəbul olunmuş qətnamənin ortaya çıxmasını şərtləndirən amillər ardıcıllıqla göstərilməklə bu sənədin Azərbaycandakı real vəziyyətlə üst-üstə düşmədiyi konkret faktlarla ortaya qoyulub. Məqalənin əsas xəttini isə ötən əsrin əvvəllərində Almaniyanın bəşəriyyətə bəxş etdiyi iki böyük müharibəyə dair tarixi reallıqlar təşkil edir. Müəllif qeyd edir ki, bu gün "insan haqları”, "demokratiya” adı altında Azərbaycana təzyiq göstərib öz maraqlarını təmin etməyə çalışan Almaniya ötən əsrin 30 ili ərzində dünyanı fəlakət burulğanında saxlayıb, milyonlarla günahsız insanın haqqı və hüququ onların özü ilə bərabər konslagerlərdəki sobalarda və qaz kameralarında yandırılıb. Məqalədə vurğulanıb ki, tarixin qan yaddaşının möhkəmlənməsində misilsiz "əməyi” olmuş Almaniya təkcə İsrail xalqına deyil, bütövlükdə insanlığa qarşı soyqırım həyata keçirib və bu cinayəti bütün acıları ilə yaşamış xalqlar arasında azərbaycanlılar da var. Professor Fikrət Yusifov deyib ki, məqalənin Almaniyanın rəsmi dairələrinə və müxtəlif xarici təşkilatlara göndərilməsində məqsəd Azərbaycanın vətəndaş cəmiyyətinin mövqeyini növbəti dəfə sərgiləməkdir: "Biz vətəndaş cəmiyyətinin bir institutu olaraq Azərbaycana qarşı yürüdülən məkirli siyasətə etiraz edir və bunun hansı maraqlara söykəndiyini yaxşı bilirik. Son məqaləmizlə də göstərməyə çalışdıq ki, başqalarını heç bir əsas olmadan "insan haqları”nı pozmaqda ittiham edənlər əslində bu tip pozuntuların ilk nümunələrini yaradanlar, bəşəriyyətə qarşı ağır cinayət törədənlərdir. Bu insanlar nəhayət anlamalıdırlar ki, biz dövlətin maraqlarını hansısa ölkənin istək və arzularının qurbanına çevirə bilmərik. Azərbaycanın vətəndaş cəmiyyəti həmişə olduğu kimi bu gün də dövlətçiliyə sadiqdir və ölkəmizə, onun müstəqilliyinə qarşı atılacaq istənilən addıma layiqli şəkildə cavab verə biləcək gücdədir. Bizim deməyə həmişə sözümüz var”. F.Yusifov vurğulayıb ki, Almaniya kimi dünya siyasətini müəyyənləşdirən nəhənglərdən birinin ali qanunverici orqanı özünü "Human Rights Watch” səviyyəsinə endirib, QHT kimi davranırsa, bu, Azərbaycan cəmiyyətində bütövlükdə Almaniya dövlətinə qarşı arzulanmaz münasibətin formalaşmasına zəmin yaradır.

İsmayıl