"Almaniyanın mövqeyini Aİ-nin yanaşması hesab etmək olar” - Sabiq XİN başçısı





"Almaniyanın mövqeyini bütövlükdə Avropa İttifaqının yanaşması hesab etmək olar”.

Bunu "Sherg.az”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Eks nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa ölkələrinin öz mövqelərini təkrarlaması mühüm və vacib məsələdir: 

"Almaniya dövlətinin mövqeyinin əhəmiyyəti ondan ibarətdir ki, son aylarda Ermənistanda yaşanan məlum hadisələrdən sonra İrəvan hökuməti tərəfindən müxtəlif iddialar meydana atıldı. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı illərdir davam edən formatı dəyişdirməyə çalışan, yeni təkliflər gündəmə gətirən Ermənistan hakimiyyəti dünya ictimaiyyətinin mövqeyinin dəyişəcəyinə ümid edirdilər. Ancaq bu tipli bəyanatlar erməniləri reallığa qaytarır və onları məyus edir. 

Sözün açığı mən Ermənistan cəmiyyətinin konstruktiv mövqe sərgiləyəcəyinə və danışıqlara hazır olduqlarına inanmıram. Məncə, bu məsələ artıq gündəmdən çıxıb, hazırda aktual deyil. Düşmən ölkədən verilən bəyanatlar da bunu deməyə əsas verir. Amma istənilən halda Avropa ölkələrinin bəyanatları faydalıdır. Sadəcə bir şeyi unutmayaq ki, bu məsələdə həlledici məqam Azərbaycan dövlətinin və xalqının mövqeyidir”.

T.Zülfüqarov xatırladıb ki, ATƏT-in Minsk qrupunun həmsədrləri arasında ən son seçilən ölkə Fransadır. Yəni Rusiya və ABŞ-dan sonra üçüncü vasitəçi ölkə Fransa olub: 

"O vaxtdan etibarən qeyri-rəsmi şəkildə Avropa İttifaqını təmsil edən Fransa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniya başda olmaqla digər Avropa ölkələrinə məlumat verir. Yəni iki ölkənin diplomatları vaxtaşırı siyasi məsləhətləşmələr apararkən Dağlıq Qarabağ münaqişə ilə bağlı da qısa müzakirə aparırlar”.

İsmayıl