- “Təhsildən xəbərsiz komanda missiyasını davam etdirir”
Keçmiş deputat, təhsil eksperti Etibar Babayev Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə REAL TV əməkdaşlarına qarşı baş verən hadisəyə münasibət bildirib.
Sherg.az xəbər verir ki, Etibar Babayev məktəblərdə tərbiyə məsələsinin arxa plana keçdiyini, təhsil sistemindəki idarəetmə problemlərinə və ictimai biganəliyə diqqət çəkib.
Ekspert qeyd edib ki, şagirdlərin davranışını qınamaqla yanaşı, bu cür halların yaranmasına səbəb olan amillər də araşdırılmalıdır.
O bildirib ki, Azərbaycan orta məktəblərində təhsilin mühüm tərkib hissəsi olan tərbiyə işi faktiki olaraq məktəbin əsas funksiyalarından kənarda qalıb. Etibar Babayevin fikrincə, təhsil menecerləri bu prosesdə məsuliyyət daşıyırlar.
Etibar Babayevin sözlərinə görə, şagirdlərin həm sinifdə, həm də məktəbdənkənar davranışlarına məktəb rəhbərliyi və müəllimlər tərəfindən lazımi diqqət yetirilmir. O, bu vəziyyəti “ictimai biganəlik sindromu” kimi xarakterizə edib.
Ekspert təhsil sahəsində kadr siyasətini də tənqid edib. O, Elm və Təhsil naziri Emin Əmrullayevin orta təhsilin idarəetmə strukturlarına müxtəlif sahələrdən kadrların gətirilməsinə və məktəb təcrübəsi olmayan şəxslərin direktor təyin edilməsinə diqqət çəkib.
“Emin Əmrullayev orta təhsilin idarə edilməsi strukturlarına yüksək vəzifələrə “Azərşəkər”, “Ticarət limanı”, “Azgranata”, “Astaraçay”dan kadrlar gətirəndə, məktəb anlayışından xəbəri olmayanları kütləvi şəkildə məktəb direktoru təyin edəndə Azərbaycan təhsilinə edilən bu saymamazlığa televiziyalar biganə qaldılar. Bu da nəticə. Gərək başınıza hadisə gələydi ki, hiddətlənəydiniz?”, – deyə Etibar Babayev vurğulayıb.
O, sonda bildirib ki, baş verən hadisəyə münasibətdə yaranan ictimai narazılıq zamanla səngiyə bilər, lakin təhsil sistemindəki problemlər həllini tapmadığı təqdirdə davam edəcək.
“Tezliklə hirsiniz soyuyacaq, ancaq təhsildən xəbərsiz Emin Əmrullayev və onun dağıdıcı komandası missiyalarını axıra qədər yerinə yetirməkdə davam edəcəklər. Yarımçıq işləri hələ qalır…”, - deyə ekspert fikrini yekunlaşdırıb.