
Alnına yazılanları kağıza köçürən adam...
Xəyalə Zərrabqızı

İnsan yalnız ölümə yaltaqlana bilmir...
(Seyran Səxavətin "İt intervüsü” hekayəsindən)
"Aralıdan baxanda Yer kürəsi çürük toxuma oxşayırdı - yaxından baxanda isə oxşamırdı - eləcə çürük idi. Və bu an bu çürük toxumun içindəki milyardlarla toxum da çürüyürdü - ağac toxumu, çiçək toxumu, adam toxumu...”
...Və Sənin ruhun rahatlıq tapa bilmir... çünki biz hələ fərqinə varmasaq da, Sən bu acı gerçəyi bilirsən. Bilirsən ki, bir gün gələcək, "bu çürük toxum - Yer kürəsi fırlana-fırlana yorulub üzü qibləyə dayanacaqdı və bundan sonra bir də yer üzünə yaz gəlməyəcəkdi, toxumlar cücərməyəcəkdi...”
Bəşərin və bəşəriyyətin sürükləndiyi uçuruma baxırsan. Həyatın ağrıyır... Ruhun əzablar içində qovrula-qovrula gücün yazmağa çatır. Hə, bir də pozmağa...
Yazırsan... Bilə-bilə ki, "Səni Səndən savayı kimsə anlamayacaq...” - yenə də bir inamla, nə zamansa Səni anlaya biləcək birinin içində işıq yandırmaq ümidilə yazırsan... Yazıya pozu olmadığını da bilirsən... Amma bütün bunları bilə-bilə əlinə "daban daşı” alıb alnına yazılanları pozmağa çalışırsan. Əzablıdır, deyilmi?!
Kitaba and içib fəqət kitabla müxalifətdə olan bir toplumun içində yaşamaq əski bir bezə atlazdan yamaq vurmaq kimi bir şeydi. Onda görürsən ki, Allahın Sənin adına yazdığı Seyran Səxavət adlı ssenarinin epizodları "Bəşərin komediyası”na uyğun gəlmir...
Şahmat taxtasına oxşayır Dünya... Ağ və Qara... Fiqurlar ancaq şahmat taxtasının üstündə nəyisə həll etmək iqtidarındadırlar... İndi hər şey mahiyyətini - şəklini, formasını, məzmununu elə dəyişib ki, böyüklərin oyununa mən bu uşaq yaşımla sadəcə Mat qalıram... Qaraların sayı durmadan necə artırsa, baxanda adamın gözü alacalanır. Qaralar artdıqca "taxta” qaranlıqlaşır. Ağ xanalardan "Ağ yol”a çıxan keçidi tapa bilmir adam...
Məchulluqlar içində sual işarəsi kimi başımı aşağı dikirəm: görəsən, Biz uduzmuşuq?! - bu yük rahat buraxmır adamın ruhunu...
-Yox, əsla! Biz məğlub deyilik. Oyunu qazanmadan çıxmış ola bilərik. Maddi nələrimizsə olmaya bilər. Amma nə yaxşı ki, YAŞADIQLARIMIZ TANRININ ALNIMIZA YAZDIQLARI KİMİ TƏRTƏMİZDİR... Və belə məğlubiyyətlər yüzlərlə qalibiyyətdən daha şərəflidir...
Hər şeyə rəğmən üzü Aydınlığa doğru yola çıxmışıq... O yolu getmək üçün yolun öz uzunluğu boyda əzablara qatlaşmağa dəyər. Qaranlıqlaşan dünyada çiynini bizə sipər edən, ümidimizi öləziməyə, həyat eşqimizi sönməyə qoymayan - nurdan yoğrulmuş Göy adamları var, nə yaxşı ki... Onların işığına tutunub yaşaya bilirik...
"Bu yaşımda da başa düşməmişəm ki, belə adamların Yerdə nə işi var? Bəlkə, onları göndəriblər ki, Yerdəkilərin işini sahmana salsınlar, onların üzünü Allaha tərəf çöndərsinlər - yoxsa, göylər adamının Yerdə nə iti azıb ki?!”
Göy adamları zamanın nəbzini tuta - zamanla ayaqlaşa bilmir. Bunu bacarsaydılar, onlar da hamıya oxşayardılar, olardılar sıradan adam...
Zamana sığışmayan - zamanla, mühitlə əlbəyaxa olan adamlar özlərinə oxşayırlar. Və özlərindən - Adam olmaqdan daha çox Sözə oxşayırlar - Seyran Səxavət kimi...
Hə, bir də Qapıya... Qapı müqəddəs şeydi... Seyran Səxavət belindən gəldiyi Sözə oxşadığı qədər həm də Qapıya oxşayır. Dünyanın bütün eybəcərliklərinin, yolunu azanların, özünü itirənlərin üzünə çırpılan, yaxşıların, doğruların üzünə daim açıq olan, Haqqın yolunda bütün ömrü boyu təmənnasız xidmət göstərən, həm də qucaq açdığını Qala kimi qoruyan, İşığa sarı açılan Tanrı Qapısına...
Özümü qanandan Onu elə Qala qapısı kimi görmüşəm - alınmaz, əyilməz... Bircə Sözün qabağında diz çöküb...
Dünyanın bu "qaçhaqaç”ında - "adamların düz sözdən, vicdandan, Allahdan qaçdığı, hamının yaddaşına virus düşdüyü bir vaxtda” bu Qapı ondan keçənlərin bircəciyini də unutmayıb.
Yaşatmağı bacarmaq hər kişinin işi deyil, yaşananları ağ kağızın yaddaşında əbədiləşdirmək can üstə olan adama dirilik suyu vermək kimidi. Bunu bacarmaq üçün Seyran Səxavət olmaq lazımdı.
Öz balasından ötrü bir kəsin qapısını döyməyib, bir kəsə ağız açmayıb yalnız Sözün xətrinə hər cür fədakarlığa təmənnasız qucaq açmaq üçün Seyran Səxavət olmaq lazımdı.
Üzünün nurunu sözlərinə töküb bütün yaxşılıqlara yol salmaq - Qapı açmaq üçün Seyran Səxavət olmaq lazımdı.
Qismətinə yazılan adamları Allahın verdiyi pay kimi əzizləmək üçün Seyran Səxavət olmaq lazımdı.
Sən bizim qismətimizə yazılan Tanrı payısan, Ustad!...
Nə yaxşı ki, Varsan! - deyə bildiklərimiz bizə Taleyin ən gözəl qismətidir. Dedikləri Söz isə bizə əmanətdir - Tanrının əmanəti...
Yaxşı ki, Varsan, Ustad! Yüz yaşa! Var ol!
Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!
Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya bildiyin üçün Var ol!
Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!
Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə - anlayanda Biz təmizlənəcəyik...
Həyatımızı zəhərləyən Məmmədtağıları, Salehləri, Zülfəliləri süpürüb yolumuzdan ata bilsək, "ət taxtası”nda əzilmədən "dəyirmanın boğazında”n keçə biləcəyik.
Xəstə təfəkkürləri ciddi ədəbiyyatın sağalda biləcəyini anlaya bilsək, Biz təmizlənəcəyik...
"İt həqiqətləri” ilə "adam həqiqətləri” arasındakı sərhəddi aşa bilsək, Biz təmizlənəcəyik...
Biz o müqəddəs yola - Aydınlığa, aydınlanmağa doğru gedirik.
Qapı müqəddəs şeydi... Qapı hamının üzünə açılmır...
Biz Səni anlayanda, Səndən keçib durulanda Həqiqətə çatacağıq, Ustad! - Qapı üzümüzə açılacaq, Yolumuz Aydınlanacaq...
Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!
Yolçu yolda gərək! Qapımız bağlanmasın... Yolumuz aydın olsun!