AMEA-nın bakalavriat səviyyəsi üzrə təhsil təşkiletmə təklifinə REAKSİYA

Rafiq İsmayılov:"Elmin inkişafına xidmət edəcək bir müəssisənin birdən-birə təhsil ocağına çevrilmək niyyətini anlaya bilmirəm"



"Milli Elmlər Akademiyasının (AMEA) gördüyü işlərlə şişirdilməsi arasında mütənasiblik yoxdur”.

Bunu "Sherg.az”a AMEA-nın bakalavriat səviyyəsi üzrə tələbələr qəbul etmək planına münasibət bildirərkən filologiya üzrə fəlsəfə doktoru, tanınmış naşir, təhsil eksperti Rafiq İsmayılov söyləyib. 

O vurğulayıb ki, Azərbaycanda akademiyaya xərclənən pullar və elmin inkişaf səviyyəsi üst-üstə düşmür:

"Yəqin ki, akademiya rəhbərliyi bu yolu tutub. Bakalavriat səviyyəsində tələbə yetişdirilməsinin nə dərəcədə düşünülməsi sual altındadır. Elmin inkişafına xidmət edəcək bir müəssisənin birdən-birə təhsil ocağına çevrilmək niyyətini anlaya bilmirəm. 

Bütün dünyada akademiya alimlərin klubudur. Bizdə isə bu elmi mərkəzdir, alimlər elmlə məşğul olmalıdırlar. AMEA isə tələbə yetişdirmək fikrinə düşüb. Ümid edirəm ki, bu təşəbbüsün nəticəsi yaxşı olar.

AMEA-nın yəqin ki, elmi potensialı var və bakalavrların qüvvəsindən istifadə etmək istəyirlər. Ancaq ali təhsilin qurulması, onun effektiv yönləndirilməsi çətin prosesdir. 

Ölkənin elmi mərkəzi elmlə məşğul olmalıdır. Magistratura təhsilini müəyyən qədər anlamaq olar, bu dərəcəni seçən şəxslər elmlə məşğul olmaq istəyirlər. Bakalavriat pilləsi isə daha çox universitetlərin məşğul olacağı sahədir”.

Qeyd edək ki, AMEA-nın prezidenti Akif Əlizadə akademiyada bakalavriat səviyyəsi üzrə təhsilin təşkilindən danışıb. O bildirib ki, dövlət başçısının bu məsələyə də dəstək verəcəyinə ümid bəsləyir.

Aysel Aslan