“Amerika kəşfiyyatında bu informasiya haradandır..." - Deputat




"Amerika kəşfiyyatında bu informasiya haradandır, bilmirəm, amma Qarabağda məhz bu il savaşın başlayacağını deyə bilmərik”

Bunu Sherg.az-a ABŞ Milli Kəşfiyyat Agentliyinin dünyadakı risklər barədə hesabatında yer alan bu il Azərbaycanla Ermənistan arasında Qarabağda tammiqyaslı hərbi əməliyyatlar həyata keçirilməsi proqnozunu şərh edərkən millət vəkili Fəzail İbrahimli deyib. 

O bildirib ki, ABŞ Kəşfiyyat İdarəsinin hesabatının nəyə söykəndiyini demək çətindir:

"Qarabağda genişmiqyaslı müharibənin başlanması iki halda ola bilər. İlk olaraq, Azərbaycan hiss etsə ki, beynəlxalq hüquq normaları müstəvisində Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil, təbii ki, onda öz torpaqlarını azad edəcək. Bu zaman irimiqyaslı müharibə başlana bilər. İkinci halda isə Ermənistanın avantürist hərəkətləri ilə bağlı müharibə başlaya bilər. 

Güman etmirəm ki, ermənilər bu addımlara cəsarət edə bilsin. Çünki onun nə iqtisadi, nə hərbi, nə də ölkə daxilində stabilliyi buna imkan verir. Yəni hər hansı addım atarsa, bugünkü Ermənistan hakimiyyətinin çökməsinə gətirib çıxarar. Müharibə Ermənistanın vəziyyətini çürümüş bir ağacın sınıb, yerə düşməsinə bənzədər”.

Qeyd edək ki, hesabata əsasən, Azərbaycanla Ermənistan arasında separatçı Dağlıq Qarabağ regionuna görə gərginlik 2016-cı ilin aprelində alovlanıb. Və hər iki tərəfin kompromislərə getmək niyyətinin olmamağı, daxili təzyiqlərin artması nəticəsində 2017-ci ildə tammiqyaslı hərbi əməliyyatların başlanması imkanları qalır.

Aysel Aslan