Amerika və Rusiya generallarının Finlandiya görüşü...

“Avropa rus raketlərindən çox narahatdır”



Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovla amerikalı general Cozef Danford arasında növbəti görüş keçiriləcək. Xatırladaq ki, tərəflər arasında əvvəlki iki görüş Azərbaycanda, paytaxt Bakıda baş tutub. Lakin generalların budəfəki təması Finlandiyada olacaq. Finlandiya Müdafiə Nazirliyinin məlumatına görə, görüş Helsinkidə keçiriləcək.

Hər iki general ayrı-ayrılıqda prezident və ordu rəhbərliyi ilə müzakirələr aparacaq. Rusiya və ABŞ təmsilçilərinin budəfəki görüşünün Bakıda deyil, Finlandiyada planlaşdırılmasını şərh edən ekspertlər danışıq məkanı kimi məhz Skandinaviya ölkəsinin seçilməsinin mühüm səbəblərinin olduğunu deyiblər.

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında deyib ki, son zamanlar KİV-lərdə həm Baltikyanı respublikalar, həm də bütövlükdə Avropa ölkələri üçün Rusiya təhdidinin olması barədə fikirlər dolaşır. Bəzi media qurumları NATO üzvü olmayan Finlandiyanı da Rusiyanın hədəfində olan ölkələr sırasına daxil edirlər: 

"Baş Qərargah rəislərinin növbəti görüşündə sırf Avropa məsələləri, xüsusən, Skandinaviya problemi təhlükəsizlik kontekstindən müzakirə olunacaq. Amerika Rusiyadan təminat almaq istəyir ki, Moskvanın Kalininqrada yerləşdirdiyi "İsgəndər-M” raketləri Avropanın şimalını təhdid etməyəcək. Avropa ölkələri bu raketlərdən çox narahatdır. 

Onlar hesab edirlər ki, Kalininqrad vilayətinə lazım olduğundan daha artıq silah-sursat yığılıb. Bölgənin hərbiləşdirilməsi qitə üçün ciddi təhlükə sayılır. NATO üzvü olmasa da Finlandiya və Danimarka bu təhdiddən narahat olduqlarını dilə gətirirlər”. Analitik bildirib ki, əgər Bakı görüşündə NATO-Rusiya arasında Ukrayna, Gürcüstan, Suriya, Yaxın Şərq və Cənubi Qafqaz problemləri müzakirə edilirdisə, indi əsas diqqət Şimali və Mərkəzi Avropanın üzərindədir: "Görüşdə Rusiyanı narahat edən məqamlar da müzakirə ediləcək. 

NATO Şimali Avropada "Dəmir canavar” kod adı altında genişmiqyaslı təlimlərə başlayıb. Təlimlərdə müxtəlif silah növlərindən istifadə etməklə döyüş hazırlığının yüksəldilməsi nəzərdən keçirilir. Qərb ölkələri gizlətmirlər ki, bu təlimin məqsədi Avropanın şimalını Rusiyadan qorumaqdır. Yəni generalların Helsinkini seçməsi problemlərin birbaşa qaynaqlandığı məkana diqqət çəkmək məqsədi daşıyır”.

İsmayıl