Amerikalı həmsədr 7 rayonun qaytarılmasını gündəmə gətirir

Amma Rusiya və Fransa rəsmiləri bir dəfə də olsun bu məsələni açıq formada ifadə etmirlər



"Dağlıq Qarabağın statusu müəyyən edilməli və işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi” radiosuna müsahibəsində deyib. Uorlik bildirib ki, Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır:

"Biz regional və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrə etiraz etmirik. Azərbaycan və Ermənistanın istədikləri kimi bu məsələni qaldırmaq hüququnu dəstəkləyirik. Ümid edirik ki, münaqişəni danışıqlar yolu ilə həll etmək üçün Ermənistan və Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq Minsk Qrupu ilə sıx əməkdaşlıq edəcək”. Amerikalı həmsədr bildirib ki, sülh prosesində irəliləyiş əldə etmək üçün Azərbaycan və Ermənistan prezidentləri arasında dialoqun baş tutması vacibdir. Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, prezidentlərin görüşü o zaman fayda verə bilər ki, Dağlıq Qarabağ ətrafı 7 rayonun Azərbaycana qaytarılmasına birmənalı münasibət bildirilsin: "Heç olmasa Dağlıq Qarabağın statusu müəyyən edilənə qədər ermənilər Azərbaycan ərazilərindən çıxarılmalıdır. Proses uzandıqca Ermənistan həyasızlaşır, quduzlaşır. İşğalçı rejim dünənə qədər Dağlıq Qarabağdan kənar 7 rayonun qaytarılmasına müəyyən mənada razılıq verirdi. Amma indi tamamilə başqa mövqe sərgiləyir. Sərsəmlər iddia edirlər ki, guya Kəlbəcər onlarındır. Hesab edirəm ki, Azərbaycan dövləti ilk olaraq 7 rayonun qaytarılması üçün ciddi cəhd etməlidir. Dağlıq Qarabağın status məsələsi "Madrid prinsipləri”nə görə, referendum yolu ilə nəzərdə tutulub. Referendumun necə keçirilməsi, bölgəyə sülhməramlı qüvvələrin hansı formada gətirilməsi sonrakı mərhələnin işidir. İlk olaraq ətraf rayonların geri alınması uğrunda səylərimizi artırmalıyıq. Konkret olaraq ermənilərdən "hə”, ya da "yox” cavabını aldıqdan sonra digər addımları atmalıyıq”. Ekspertə görə, Amerikalı həmsədr Ceyms Uorlik hər zaman 7 rayonun qaytarılması məsələsini dəstəkləyir və gündəmə gətirir. Amma Rusiya və Fransa rəsmiləri bir dəfə də olsun bu məsələni açıq formada ifadə etmirlər. Onsuz da, hamımız yaxşı bilirik ki, Moskva və Paris işğalçı Ermənistanın arxasında dayanır. ABŞ isə bir növ orta mövqeyi tutmağa çalışır. Amma son dövrlərdə Amerikanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallaşmasının şahidi olmaqdayıq”. Q.Hüseynlinin sözlərinə görə, həmsədrlərin yeni təkliflərində 7 rayon məsələsi də ola bilər, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi də: "Sülhməramlı qoşunu ermənilər şərt kimi irəli sürürlər. Amma problem ondadır ki, təcavüzkar düşmən 7 yox, 5 rayonun boşaldılmasında israr edir və digər iki rayonun, Kəlbəcər və Laçının geri qaytarılmasına razılıq vermir. Həmçinin, sülhməramlıların tərkibində rus qoşunlarının olması da narahatlıq doğuran məsələdir. Bu baxımdan, yeni təklifləri elə hazırlamaq lazımdır ki, bölgədə Rusiyanın təsir gücü zəifləsin”.

İsmayıl