Ana ölümü: günahın çox yanı var

Tibbin inkişaf etdiyi indiki dövrdə valideyn itkilərinin sayının çoxalması ciddi məsələdir, amma......Bir əlində “çipsi”, bir əlində “Kola” “həkimim deyir piyada gəzmək xeyirdir” deyib axşam gəzintisinə çıxan hamilələr də var
Ana və körpə ölümləri ilə bağlı son illərin mənzərəsi dəhşətlidir. Gənc qadınların doğuş zamanı həyatlarını itirməsi xəbərləri səngimək bilmir. Bölgələrdən gələn bu sayaq xəbərlər artıq paytaxta da ayaq açıb. Ölkəmizin üstünü qara bulud kimi alan bu bəlaya həkim savadsızlığı, ana məsuliyyətsizliyi, preparat çatışmazlığı... kimi səbəblər sadalansa da, xəbərlərin gündən-günə artımı problemin ciddi olmasından xəbər verir.
Qeyd edək ki, daha bir ana doğuşdan sonra həyatını itirib. 8 aylıq hamilə olan Beyləqan rayon Nil qəsəbəsinin sakini Xanəliyeva Elnarə qripə yoluxması səbəbindən bir neçə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Xəstəni müayinə edən həkimlər qeysəriyyə əməliyyatı olunmasını qərara alıblar. Əməliyyatdan sonra uşaq sağ qalsa da, süni nəfəs aparatına qoşulan ana iki gün sonra keçinib. Ana ölümləri ilə bağlı yaranmış vəziyyət getdikcə kütləviləşir. Artıq qadınlar ana olmaqdan çəkinir. Aidiyyəti qurumdan isə yalnız "fakt ciddi araşdırılacaq”, "günahkarlar cəzalandırılacaq” kimi mənasız ifadələr eşidirik. Ölüm faktının üzərindən bir müddət keçdikdən sonra isə hadisə unudulub, gedir. Ölüm faktı baş vermiş tibb müəssisəsinin həkimlərinin hansı cəzanı aldığı da heç bilinmir. Əslində cəzasız qalırlar desək, daha doğru olar. Guya cəzalandırılsalar nə olacaq ki?! Uzaqbaşı töhmət alacaqlar, ya da ki, bir neçə aylığına işdən kənarlaşdırılacaqlar. Bu, gənc bir ananın həyatına qarşılıq ola bilərmi? Bəlkə dünyaya gətirə bilmədiyi körpəsinin həyatına qarşılıq ola bilər? "Hansı ki, həkim istəyər ki, belə bir faciə yaşansın!?” - deyə, həkimlərin məsuliyyətsizliyinə, səhlənkarlığına "don” geyindirənlər heç düşündülərmi hansı ana övladını qucağına almadan ölmək istəyər?! Statuslarından, əlaqələrindən yararlanan həkimlər törətdikləri cinayət qarşısında cəzasız qalır, amma, analarımız ölür axı!..
Əslində doğuş zamanı ana və körpə ölümlərinin səbəbləri, kimlərin daha çox günahkar olduğuna dair yazılar, araşdırmalar müntəzəm olaraq olsa da, problemin aktuallığı yazıların istiqamətini genişləndirməyə vadar edir. Görünür, sadəcə media yox, bütünlükdə cəmiyyət müstəvisində ölkəmizin üzərini qara bulud kimi alan bu bəlaya qarşı mübarizə aparmalıyıq. Bəs, ictimaiyyət üzvləri necə düşünür? Cəmiyyətdə ana ölümlərini gündəmə gətirmək, ictimaiyyətin diqqətini bu problemə cəlb etmək üçün nələr edilməlidir?
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova baş vermiş ana ölümünün səbəbləri haqda indi danışmağın tez olduğunu deyib. Hazırda ölümün səbəblərinin araşdırıldığını vurğulayan direktor bildirib ki, Səhiyyə Nazirliyinin əmrini rəhbər tutaraq ana ölümü olduğu halda 3 gün ərzində tibbi sənədlər Səhiyyə Nazirliyinə göndərilir və Doğuşayardım Komissiyasının mütəxəssisləri tərəfindən təhlil olunur: "Bundan sonra Doğuşayardım Komissiyasının iclası keçirilir və kollegial şəkildə müzakirə olunaraq rəy hazırlanır”.
Komissiyanın sədri qeyd edib ki, Beyləqan rayon Nil qəsəbəsi sakini, Binə qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı cərrahi doğuşdan sonra 3 saylı Klinik şəhər xəstəxanasında ölüb: "O, xəstəxanaya 34 həftəlik hamiləliklə daxil olub. Elnurə Xanəliyevanın diaqnozu 34 həftəlik hamiləlik, dölün bətn daxili xroniki hipoksiyasının kəskinləşməsi, kəskin respirator infeksiya, ağciyərlərin iki tərəfli pnevmoniyası, respirator distress sindromu olub. Qeysəriyyə kəsiyinə ananın ekstragenital xəstəliyinə görə göstəriş edilib. Zahı 4-cü sutkasında vəfat edib. Meyit təşrih olunmayıb”.
Gənc yazar Sevinc El-Sevər bu bəlanın səbəbini əksər hallarda həkimlərimizin səhlənkarlığında görür: "Bu, çox qarışıq məsələdi. Bu mövzuda həm həkimlər, həm də ana olmağa namizəd olan qadınlarımız qınanılır. Bizim qadınlar öz orqanizminə qarşı biganədi. Bu biganəliyi də doğuran mental dəyərlərimizdi. Bizim ölkədə uşaqlar ailənin möhkəmləndirilməsində əsas bağ hesab olunur. Ona görə də gənc xanımlar ailə quran kimi övlad sahibi olmağa tələsirlər. Bəziləri buna psixoloji baxımdan heç hazır da olmurlar. Amma kənardan gələn təsirlərə görə buna məcbur qalırlar. Onlar nəinki psixoloji cəhətdən hazır olub-olmamaları barədə düşünmürlər, heç hamiləlik üçün kifayət qədər sağlam olub-olmadıqlarını da yoxlatdırmırlar.
Bu, həm də əhalinin maddi durumu ilə bağlıdı. Xəstəxanalara, analizlərə, həkimlərə pul xərcləməsin deyə, bütün hamiləliyi boyu heç həkimə getməyən, hətta risk edib evdə uşaq dünyaya gətirən qadınlarımız var. Hamiləliklərini özbaşına hansısa dərmanlarla pozan qadınlar var. Sonra da ciddi problemlər çıxanda, həkimlər nə qədər müdaxilə edir-etsin, köməyi olmur”.
Xanım yazarın sözlərinə görə, ana ölümlərinin digər əsas səbəbi də həkim səhlənkarlığı və savadsızlığından irəli gəlir: "Yuxarıda haqqında danışdığım ilkin səbəblər nə qədər ki, mövcud olacaq, səhlənkar və savadsız həkimlər də bu səbəbləri bəhanə gətirib cəzasız qalacaqlar. Ona görə də bu problemin köklü surətdə həll olunması üçün birinci səbəblər aradan qaldırılmalıdı.
Əhali arasında maarifləndirmə işləri aparılmalıdı. Qadın məsləhətxanalarındakı və doğum evlərindəki rüşvətin kökü kəsilməlidi. Bu sahədə vəziyyət həqiqətən də çox acınacaqlıdır”.
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı isə hesab edir ki, ilk növbədə hamiləliyin sağlam keçirilməsi, problemsiz başa vurulması üçün məlumatlandırmalar aparılmalıdır: "Qəzetdə yazırıq, saytda yayımlayırıq, televiziyada həkimlər danışır, amma hər 10 hamilə qadından yalnız 2-3-ü diqqət edir bunlara, yerdə qalan hamilələr gününü ya "Mcdonolds”da geni dəyişdirilmiş qidalar yeməklə keçirir, ya da Braziliyadan gətirilmiş təhlükəli tərkibə malik quş ətindən dönər yeməklə. Arabir "Kola” içsələr, məsələ tamamlanmış olur. Demək olar ki, heç bir hamilə qidalanmasına fikir vermir. Bir əlində "çipsi” bir əlində "Kola” "həkimim deyir piyada gəzmək xeyirdir” deyib axşam gəzintisinə çıxan hamilələr var. O həkim ona yediklərinin zərər olduğunu da deyir və yaxud heç deməyib, normal savada, məlumata malik olan istənilən qadın bunların zərərli qida olduğunu bilir. Amma həzzindən imtina edə bilmir. Gözü çıxan qardaşdan dərs də almırıq, çünki ölən qadının hamiləliyi boyunca sağlam həyat tərzi keçirməməsi elan edilmir, həkimlər də bu məsələnin fərqinə varmır. İkincisi, ana ölümlərində günahı olan həkimlər ciddi cəzalanmalıdır ki, görk olsun. Məsələn, 2015-ci ildə doğuş zamanı ana ölümündə səhvi olan 42 nəfər tibb işçisinə qarşı inzibati cəza tədbirləri görülüb. 13 həkim isə işdən azad olunub. Ötən ilin 7 ayı ərzində 8 qadın doğuş zamanı ölüb. Bəlkə də elə bu səbəbdən ölüm sayında azalma olub, çünki 2014-cü ildə 25, 2013-cü ildə 24 ana doğuşda ölmüşdü. Deməli, tədbirlər nəticəsini göstərir”. L.Mehralının sözlərinə görə, hamiləlik arası müddətin azlığı da çox ciddi problemdir. Xüsusilə də keysər əməliyyatı olmuş qadınların bu müddətə fikir verməsi vacibdir: "Ən azı 2 il ara ilə hamilə qalmaq vacibdir deyir həkimlər. Amma keysər əməliyyatı yolu ilə ana olan qadın 5-6 aydan sonra bir də hamilə qalır. Hamiləlik yarı olanda əvvəlki əməliyyatda qoyulmuş tikişlər açılır, həm ananın, həm də körpənin həyatına təhlükə yaranır. Yəni bütün hallarda iki yolla məsələdən çıxış var, həm maarifləndirmə, həm də cəzalandırma”.
Məlumat üçün bildirək ki, artıq feysbuk sosial şəbəkəsində ana və uşaq ölümünə etiraz olaraq kampaniya başladılıb. Kampaniyanı sosial şəbəkədə "Gündəlik Teleqraf” qəzetinin əməkdaşı, jurnalist Naibə Qurbanova başladıb. Jurnalist sosial şəbəkədə status yazaraq bu işlə məşğul olan hüquq müdafiəçilərini və jurnalistləri kampaniyaya cəlb edib.
Bir sıra qeyri-hökumət təşkilatı rəhbərləri, hüquq müdafiəçiləri və jurnalistlərin qoşulduğu kampaniya ciddi marağa səbəb olub. Kampaniya iştirakçıları təklif edirlər ki, yaxın zamanlarda ana və uşaq ölümünə etiraz olaraq "Ana olmaq istəmirik!” şüarı altında aksiya keçirilsin.
Aksiya ilə bağlı "Şərq”i məlumatlandıran həmkarımızın sözlərinə görə, bütün dövrlərdə hamiləlik dönəmində qadın ölümləri olub. Amma indi tibbin inkişaf etdiyi bir vaxtda ana ölümlərinin çoxalması narahatlıq doğurur. Bu problemə diqqət çəkmək üçün iki il əvvəl sosial şəbəkədə fəal olan bir neçə qadınla "Ana olmaq istəmirəm” adı altında aksiya etdik: "Bu əslində əhalinin sosial, demoqrafik, sağlamlıq problemi ilə məşğul olan aidiyyəti qurumların diqqətini bu problemə yönəltmək idi. Müşahidə edəndə görürük ki, hər dəfə ana, uşaq ölümündən sonra tərəflər biri-birini ittiham edir. Həkim xəstənin hamiləlik dövründə müayinədən keçmədiyini, xəstənin yaxınları isə müxtəlif səbəblərlə - rüşvət, baxımsızlıq, həkimin növbə dəyişməsi, vaxtından əvvəl doğuşa məcbur edilməsi kimi faktlarla qarşı tərəfi suçlayır. Əslində isə hər iki tərəfin gətirdiyi fikirlər əsaslıdır. Çünki cəmiyyət artıq səbəblərlə tanışdır. Əvvəla, gənc anaların maarifləndirilməsi çox vacibdir. Yəni qadının hamiləlik dövründə mütəmadi olaraq müayinə olunması həm özü, həm körpəsinin sağlamlığı üçün vacibdir. Bu zaman həkim də xəstənin orqanizmi ilə tanış olur, yarana biləcək problemlərin qarşısı vaxtında alınır. Ən əsası diqqəti hamilə qadınların qarşılaşdığı problemə yönəltmək lazımdır. Qadın məsləhətxanaları var, amma müayinə çox bahadır. Ən azı üç aydan bir ana yoxlamadan keçməli, analizlər verməlidir. Sırf maddi problem üzündən analar getmək istəmir. Yenə də problemin kökü maddiyyata gəlib çıxır bu isə tibbi sığorta məsələsini gündəmə gətirir. Diqqət etsəniz görərsiniz ki, ana ölümləri daha çox bölgələrdə baş verir, bu da həkimlə ana arasında ünsiyyətin az olduğundan xəbər verir. Çünki bölgələrdə qadın məsləhətxanaları azdır, bəzi rayonlarda, kəndlərdə isə heç yoxdur. Bizim cəmiyyət üçün bir qədər yad olsa da, çıxış yolu kimi aksiyalar keçirilməsini, cəmiyyətin, aidiyyəti qurumların bu problemə diqqət göstərməsini məqbul sayıram. Qadınlar, xüsusən gənc xanımlar, ana olmağa hazırlaşanlar sağlam gələcəkləri naminə bunu etməlidir. Bundan əlavə, sırf maddiyata görə hamilə qadını müayinə etməkdən, vaxtında doğuşa götürməkdən imtina edən həkimlər cəzalandırılmalıdır”.
Şəymən