
Anaların psixologiyası pozulub
Valideynlər uşaqla məşğul olmaq istəmir, ona görə belə kriminal hadisələr yaşanırBu gün ailədə sanki iki yabançı bir evdə qalır, iki yad adam bir evdə yaşayır

Son aylar cəmiyyəti ən çox sarsıdan xəbərlərdən biri də qatil analar mövzusudur. Bu ilə qədər bir ananın öz övladlarını əlləri ilə öldürməsi bizə yad bir hadisə idi. Çünki bir toplum olaraq bu cür cinayətlərin kişilər tərəfindən törədilməsinin zaman-zaman şahidi olmuşuq. Ancaq təəssüflə qeyd etməliyik ki, qadınlarımız da kişilərimizdən "geri qalmırmış”.
Sosial problemlər, çətinliklər ola bilər, amma bunlar bir anaya övladlarını öz əlləri ilə boğub öldürməsi, bıçaqlaması üçün əsas ola bilməz. Görünən odur ki, söhbət həm də ciddi psixoloji problemlərdən də gedir.
Qeyd edək ki, son bir ayda ölkədə iki ananın öz övladlarını öldürməsi kimi dəhşətli hadisə yaşanıb. "Şeytana uyub” iki azyaşlı qızını əlləri ilə boğan anadan fərqli olaraq, budəfəki "qəhrəman”ımız iki azyaşlı oğlanlarının boğazını kəsib. Dərhal hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları orada bıçaq xəsarətləri almış uşaqlardan birinin artıq ölməsini, digərinin isə ağır vəziyyətdə olmasını aşkar ediblər.
DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, faktla bağlı dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb və həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə cinayətin sırf ailə-məişət münaqişəsi zəminində Ramal Əliyevin həyat yoldaşı, yəni uşaqların doğma anası olan Sədaqət Babayeva tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Qadın ilkin ifadəsində törətdiyi cinayəti tam etiraf edib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, son zamanlar sadəcə övlad qatili olan anaların yox, bütövlükdə cəmiyyətdə psixoloji problemlərin miqyası artmaqdadır: "Bu gün insanlar psixoloji problemlərdən çox əziyyət çəkirlər. Heç bir ana, ata övladına durduğu yerdə xəsarət yetirməz. Ümumiyyətlə, bir insan durduğu yerdə insana xəsarət yetirməz. Düşünürəm ki, bu ana ilə bağlı məhkəmə tibbi ekspertizası aparılacaq. Güman ki, ana psixoloji problemlər yaşayıb və bu səbəbdən də iki uşağına qarşı bu cür dəhşətli bir cinayət törədib, onların başını kəsib. Məsələ burasındadır ki, insanlarımız psixoloji sağlamlıqlarının qeydinə qalmırlar. Çünki bir insanın dişi ağrıyanda səhər olmasa da, o biri gün həkimə müraciət edir. Ancaq bir insanın psixoloji rahatsızlığı olanda "sabah, biri gün gedərəm” deyib, bəzən illərlə həkimə getməyini təxirə salır. Seans prosesində insanlardan soruşuruq ki, neçə vaxtdır, həkimə gəlməyi fikirləşirsiniz? Biri deyir 3 il, biri deyir 2 il... Yəni insanlar həmişə fikirləşirlər ki, bu, düzələr. Problem ortadan qalxacaq, həll olunacaq və sair... Əslində həll olunmur, daha da dərinləşir. Bir problem, yeni problemlərə yol açır. Böyük ehtimalla, bu olayda ananın psixoloji problemi var. Bir şeyi də nəzərə alın ki, bəzən analarda hamiləlikdən sonra psixoloji və psixiatrik narahatlıqlar arta bilər. Hamiləlik dönəmində bu, daha çox baş verir. Bunlar ətrafdakı insanlar tərəfindən diqqətə alınmalıdır. Bu gün insanın psixikasına təsir göstərən çoxlu faktorlar var və bunlardan ən birincisinin internet olduğunu deyə bilərik. Yaxud mobil telefonlar da həmçinin... Yəni texnologiyanın inkişafı insanlarda məmnunluq hissini sıfıra endirir. Sağlam adam da bir də görürsən ki, dəli olmaqdan qorxur. Sürət əsrində yaşamağımız insanların psixoloji durumuna çox böyük təsirini göstərir. Ona görə də çox yaxşı olardı ki, insanlarımız fiziki sağlamlığı ilə yanaşı, psixoloji sağlamlığının da qeydinə qalsınlar. Bunun üçün hamının psixoloq yanına getməsinə gərək yoxdur. Ən azından, çıx təbiət qoynunda, bir vaxt keçir. Ən azından get, ailənlə vaxt keçir, zövq al... Uşaqla zaman keçir. Bu gün valideyn uşaqla məşğul olmaq istəmir. Bu gün ailədə sanki iki yabançı bir evdə qalır, iki yad adam bir evdə yaşayır.
Bunlar həllini tapmalıdır. O zaman bu cür problemlər də az olacaq. İndi biz baş verən cinayət hadisəsinə münasibət bildirib, bunu deyirik. Ancaq istintaq prosesində düşünürəm ki, orada çox
məqamlar ortaya çıxacaq. Heç bir səbəb olmadan bir ana durub, öz uşağını öldürməz. Ananın ata ilə münasibətini araşdırmaq lazımdır. Genetik faktoru araşdırmaq lazımdır ki, ananın nəslində bu cür problemi olan adam olubmu? Anada problemlər hamiləlikdən qabaq, yoxsa sonra baş verib? Ya hansı hadisədən sonra baş verib. Bu, həm araşdırma, həm də maariflənmə işi olardı”.
"Təmiz dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə hesab edir ki, Gəncədə ananın iki övladından birini öldürməsi, ikincini isə ağır yaralaması qətiyyən Azərbaycan xanımının davranışına xas deyil: "Azərbaycan qadını deyəndə ilk növbədə övladına görə özünü ölümə verən fədakar ana obrazı canlanır. Bu hadisədə bəlli olmayan səbəblər var. Qatilə bəraət qazandırmağın mümkünlüyünü hesab etmirəm. Lakin məhkəmə-tibbi ekspertizası, eləcə də sosial iş sahəsində ixtisaslaşan şəxslər hadisədən əvvəl baş verən prosesləri araşdırmalıdır”.
M.Zeynalovanın sözlərinə görə, artıq 2-ci olan bu hadisə SOS-dur: "Hadisə törədilənə qədər bu insanın dünyagörüşü, ailə münasibətləri, psixi vəziyyəti, dini baxışları, əri tərəfindən hansısa zorakılığın olub-olmaması, qayınana-qayınata münasibətləri, bir sözlə, hər şey araşdırılmalıdır. Çünki bu, Azərbaycan üçün sıradan bir hadisə deyil. Bu artıq SOS-dur. Əgər hadisə soyuqqanlı törədilibsə, onda ehtimallar müxtəlif ola bilər. İstintaq getdiyi üçün hansısa ehtimalı irəli sürüb çaşqınlıq yaratmaq istəmirəm. Amma burda 2 aspekt mümkündür - soyuqqanlı həyata keçirilən qətl və ya affekt vəziyyətinə çatdırma nəticəsində baş verən qətl. Əgər hadisə birinci ehtimalla bağlıdırsa, o zaman bu, geniş araşdırılmalıdır”.
Şəymən