Ankara həbsdə israrlıdır: ABŞ iki addımdan birini atmalıdır


Ya Fətullah Güləni birdəfəlik Türkiyəyə təhvil verməli, ya da onu Pensilvaniyada ev həbsinə məhkum etməlidir

ABŞ terrorçu başı Fətullah Gülən barədə 2 gün ərzində qərar verəcək. Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. Bozdağ məhz Fətullah Gülənin təlimatı ilə Türkiyə Silahlı Qüvvələrində FETÖ üzvü olan hərbçilərin çevrilişə cəhd etməsinə heç kimin şübhə etmədiyini, hazırda dəlillərin də bunu ortaya qoyduğunu vurğulayıb:

"Biz ABŞ-dan daha öncə 4 cinayətə görə, Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini və təcili həbs edilməsini istədik. Türkiyə və ABŞ arasında cinayətkarların təhvil verilməsi barədə razılaşmanın 9-cu maddəsinə görə, ABŞ Fətullah Güləni həbs etmək məcburiyyətindədir. Həbsdən sonra Türkiyədən əlavə dəlillər istənilə bilər. ABŞ vitse-prezidenti Co Baydenlə keçirdiyimiz ikitərəfli görüşdə, o, Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı ABŞ-a konkret dəlillər təqdim edildiyini bildirdi. Həmin dəlillərlə bağlı yekun qərar 1-2 gün ərzində açıqlanacaq. Fətullah Gülənin müvəqqəti həbs edilməsi ilə bağlı da yaxın günlərdə qərar veriləcək”. ABŞ-ın tərəddüdü ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Vaşinqton Türkiyənin israrlı tələblərinə cavab olaraq iki addımdan birini atmalıdır. Ya Fətullah Güləni birdəfəlik Türkiyəyə təhvil verməli, ya da onu Pensilvaniyada ev həbsinə məhkum etməlidir: "Şəxsən mən birinci versiyanın reallaşacağına o qədər də inanmıram. Baxmayaraq ki, 1980-ci illərdə iki müttəfiq dövlət arasında ekstradisiya ilə bağlı saziş imzalanıb. Həmin sazişə əsasən, ABŞ heç bir qanun pozuntusuna yol vermədən, üstəlik, hansısa dəlil-sübut istəmədən belə Fətullah Güləni Türkiyəyə təhvil verə bilər. Çünki bir müddət əvvəl Türkiyədə həbs edilən amerikalı terrorçu məhkəməsiz-filansız ABŞ-a verildi. Ancaq buna baxmayaraq, Vaşinqton FETÖ liderini təhvil verməyə yanaşmır. Görünür, bunun arxasında bilmədiyimiz gizli bağlantılar var”. Politoloq bildirib ki, Fətullah Gülənin ev həbsinə alınması müəyyən qədər mümkün görünür: "Türkiyəni ən çox narahat edən Fətullah Gülənin qaçma ehtimalı və özünü çox rahat aparmasıdır. Yüzlərlə insanın qətlində əli olan Gülən xarici jurnalistlərə asanlıqla müsahibə verərək Türkiyəni ittiham edir, aşağılayır. Buna görə də Ankara tələb edir ki, terrorçu şəbəkənin başçısını göz altında saxlasınlar. ABŞ-ın bu istiqamətdə hansısa addım atacağı gözləniləndir”.

İsmayıl