Türkiyə hökuməti İŞİD və PKK-nı təftiş edir, kameralarda görüntülər var
Türkiyənin paytaxtında, dəmiryol vağzalında törədilən qanlı terror aktı qardaş ölkənin yenidən qarışmasına səbəb olub. Vağzala gedən körpünün altında törədilən iki partlayış nəticəsində 96-a yaxın şəxs ölüb, 200 nəfər isə yaralanıb. Terror hadisəsinin törədilməsi ilə bağlı fərqli iddialar gündəmə gəlməkdədir.
Ancaq Türkiyə kəşfiyyatının ilkin açıqlamalarına görə, Ankarada baş vermiş partlayışı Suriya kəşfiyyatı (Muxabərat) planlaşdırıb. Açıqlamada həmçinin, Suriya kəşfiyyatının hazırladığı partlayışda canlı qüvvə olaraq PKK terror təşkilatının üzvlərinin istifadə olunduğu bildirilir. Xatırladaq ki, Ankarada baş vermiş qanlı terror hadisəsi ilə bağlı araşdırma aparmaq məqsədilə Ankara baş polis idarəsinin tərkibində xüsusi əməliyyat qrupu yaradılıb. Əməliyyat qrupu hər iki partlayışın baş verdiyi nöqtədən toplanan dəlillər üzərində araşdırma apararaq araşdırmanın nəticələrini müzakirə edib. Terror təşkilatlarının və xarici ölkələrin kəşfiyyat orqanlarının son bir ayda nəzərə çarpan aktivliyi xüsusi araşdırılıb. Əldə olunan ilkin nəticə isə terror aktının arxasında Əsəd rejiminin kəşfiyyat orqanı olan Muxabəratın olduğudur. Aparılan araşdırma zamanı həmçinin son dövrlərdə xüsusilə PKK-nın Suriya qolu olan PYD ilə yaxınlaşan Muxabəratın hücum üçün PKK-nın fədailərindən istifadə etdiyi məlum olub. Məlumat üçün deyək ki, bu, Suriya kəşfiyyatının Türkiyədə törətdiyi ilk terror aktı deyil. Bundan əvvəl də Hatay vilayətinin Reyhanlı rayonunda bənzər terror aktı təşkil edilib.
"Bu hücumlar Türkiyəni Suriyaya çevirə bilməz”
Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib ki, həyata keçirilən terror aktları inkişaf etməkdə olan bir ölkənin qarşısını almaq məqsədi daşıyır. Baş nazir bildirib ki, hazırda istintaq getdiyindən detalları açıqlamaq istəmir. Lakin terroru törədənlərdən birinin Kandildən təlimat aldığı artıq bəllidir: "Texniki araşdırmalar aparılıb. İlkin olaraq, İŞİD-lə bağlı məsələni araşdırırıq. "DHKP-C” və PKK-nı təqib edirik. Bu üç qruplaşma bizim üçün suçlu olaraq görülür”. Baş nazirin sözlərinə görə, 3-4 gün öncə İstanbulda intiharçı-terrorçu tutulub: "Daha bir terrorçu tutmuşuq, ancaq çoxlarının bundan xəbəri yoxdur. Ankarada aksiya keçirilən gün "KCK” ("Kürd İcmaları Birliyi”) aksiyaya qatılmayacağını bildirib. Bu, təsadüfdürmü? Bunlara diqqət edilməlidir”.
Tanınmaz halda olan cəsədlərin kimliyi DNH testindən sonra bilinəcək
Ankaradakı barış mitinqini qana bulayan terrorla bağlı istintaq davam etdirilir. Əsas diqqət məhkəmə tibbi ekspertizanın nəticələrinədir. İlkin istintaqda bədənləri parçalanmış üç cəsəddən ikisinin kamikadzelərə aid olduğu müəyyən edilib. Şahidlərin ifadələri və təhlükəsizlik kameralarının araşdırılması şübhələri partlayış nəticəsində binaya sıçramış cəsəd parçalarına yönəldib. Şahidlərdən biri kamikadzenin qara əba geyinmiş, kürəyində çanta olan kişi olduğunu bildirib. Digər şahid isə kamikadzelərdən birinin qadın olduğunu iddia edib. CHP lideri Kamal Kılıçdaroğlu isə bildirib ki, Baş nazir Əhməd Davudoğlu ilə görüş zamanı Baş nazir kamikadzelərin ikisinin də kişi olduğunu deyib. Təhlükəsizlik kameralarında isə dəmiryol stansiyasına tərəf gələn bir nəfər diqqət çəkib. Bu şəxsin terrorçulardan biri olduğu bildirilib. Polisə ifadə verən azyaşlı bir uşaq isə stansiyada dörd nəfər şübhəli gördüyünü deyib. Məhkəmə tibbi ekspertizasından bildirilib ki, cəsədlər tanınmaz haldadır və kimə aid olduğu ancaq DNH testindən sonra bilinəcək.
Partlayışla bağlı yeni detallar ortaya çıxıb
Türkiyənin "ulkehaber.com” saytının yaydığı məlumata görə, partlayışdan dərhal sonra təhlükəsizlik qüvvələri hadisə yerinə gələrkən bir qrup onlara müqavimət göstərib. Saytın yazdığına əsasən, həmin qrup hadisə yerində araşdırma aparılmasından bərk narahat olub. İddialara görə, partlayış öncəsi və sonrası sahədə bir qrup hazırlıqlı vəziyyətdə dayanıb. Həmçinin, mitinqin təşkilatçıları arasında İnqilabi Fəhlə Həmkarlar İttifaqları Konfederasiyası "DİSK”, Zəhmətkeşlərin Həmkarlar İttifaqları Konfederasiyası "KESK”, Türk Təbibləri Birliyi, Türk Mühəndis və Memar Odaları Birliyi "TMMOB” kimi həmkarlar ittifaqları və peşə təşkilatları yer alıb. Mitinqə qeyri-hökumət təşkilatları ilə yanaşı, PKK-nın siyasi qolu HDP də qatılıb.
Terror hadisələrinin arxasında dayanan 3 əsas amil...
MTN nazirinin sabiq müavini Sülhəddin Əkbər deyib ki, baş verən hadisəni qiymətləndirmək üçün üç əsas faktora diqqət yetirmək lazımdır: "Birincisi, hazırda Türkiyə dövləti, onun silahlı qüvvələri, xüsusi xidmət orqanları eyni zamanda bir neçə terror təşkilatına qarşı mübarizə aparır: PKK, İŞİD və digərlərinə qarşı. İkincisi, Türkiyə gərgin ictimai-siyasi atmosferdə seçkiyə gedir və burada həm daxili, həm müəyyən xarici qüvvələrin siyasi maraqları var. Üçüncüsü isə Rusiyanın müdaxiləsindən sonra Suriya böhranının mürəkkəbləşməsini nəzərə almaq lazımdır. Məncə, bu terror hadisəsinin səbəbləri, təşkilatçıları axtarılarkən onun arxasında duran qüvvələrə və bu üç amilə diqqət yetirmək gərəkdir.
Qlobal miqyasda yanaşsaq, "soyuq müharibə” bitəndən sonra yeni dünya nizamının yaranması prosesi gedir və görünür ki, bu proses hələ çox çəkəcək. Bu prosesdə bütün qlobal və regional güclər öz təsir sferalarını artırmaq istiqamətində bəzən hərbi vasitələrlə, bəzən də yumşaq gücdən istifadə edərək ciddi səy göstərirlər. O baxımdan Yaxın və Orta Şərqin, eyni zamanda postsovet məkanının geopolitik taleyinin həll olunduğu bir zamanda Türkiyə də böyük regional güc kimi nəzərə alınır”.
Türkiyənin bölgədə ABŞ, İsrail, Rusiya və İranla maraqları toqquşur
Politoloqun sözlərinə görə, Türkiyənin kənar məsələlərə müdaxiləsinin qarşısının alınması üçün onun daxilən zəiflədilməsi müəyyən güclərin hamısının marağındadır: "Bu baxımdan Türkiyədə baş verən prosesləri yalnız daxili ictimai-siyasi və ya etnik-siyasi faktorlarla baxmaqla qiymətləndrmək düzgün olmazdı. Eyni zamanda xarici faktorları da nəzərə almaq lazımdır. Həm Balkanlarda, həm Qafqazlarda, həm də Yaxın və Orta Şərqdə gedən proseslərdə Türkiyənin aktiv iştirakı bu regionlarda marağı olan Rusiya və İran kimi həm regional güclərin, həm də böyük güclərin - ABŞ, İsrail, Avropa Birliyi və bəzi Avropa Birliyi ölkələrinin marağındadır. Təbii ki, son hadisələri də nəzərə alsaq, Türkiyənin Suriyada aktiv rol oynamaq istəməsi, orda xüsusi strateji maraqları olan Rusiya və İranın maraqları ilə toqquşur və bu baxımdan da hətta Rusiyanın sanksiyalar tətbiq edildiyi bir zamanda, Türkiyəyə ehtiyacının artdığı bir zamanda Ankara ilə qarşılaşmaqdan çəkinməməsi onu göstərir ki, bu regional güclərin, xüsusən də Rusiya və İranın Suriyada strateji maraqları çox ciddidir və onlar hərbi gücdən istifadə etməkdən belə çəkinməyəcəklər.
İsmayıl