Ankara tezliklə seçim etməyəcək

Türkiyə Rusiyadan “S-400” almaqla heç bir öhdəliyi pozmur


Pentaqon rəhbəri Ceyms Mattis deyib ki, Vaşinqton "S-400”-ü Ankaraya tövsiyə etmir. Bunun müqabilində ABŞ öz müttəfiqi Türkiyəyə alternativ zenit-raket kompleksləri verməyə hazırdır. Mattis bildirib ki, Ankaranın bölgəyə Qərb standartlarına uyğun olmayan raket sistemləri gətirməri NATO-nun mənafeyinə uyğun gəlmir. Məlumat üçün deyək ki, Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında baş tutan görüşdə "S-400”-lə bağlı razılığa yekun vurulub və bu zenit-raket komplekslərinin yaxın zamanda Türkiyəyə gətiriləcəyi deyilib.

Amerika əvvəllər satmadığı "Patriot”u hazırda Türkiyəyə verməyə hazır olduğunu, bunun üçünsə NATO dövləti olan Türkiyənin "S-400”-dən imtina etməsinin vacibliyini bildirib. Əlavə olaraq qeyd edək ki, Rusiya "S-400” zenit-raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonunda göndərəcək. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bildirib. Kojinin açıqlaması ilə "S-400”-lərin Türkiyəyə çatdırılacağı tarixlə bağlı Ankaranın bəyanatı öz təsdiqini tapmayıb. Bir müddət əvvəl Türkiyə müdafiə sənayesinin nümayəndəsi İsmail Dəmir zenit-raket sistemlərinin Türkiyəyə 2019-cu ilin iyul ayına kimi çatdırılacağını bildirmişdi. Ağ Evin Türkiyəni seçim qarşısında qoyması fərqli mənzərənin yaranmasına səbəb olub.

Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan deyib ki, ABŞ rəsmiləri və NATO-nun baş katibi öz bəyanatlarında Türkiyənin müdafiə qabiliyyətini gücləndirmək hüququna malik olduğunu bildiriblər. Ekspertin sözlərinə görə, Türkiyə Rusiyadan "S-400” almaqla heç bir öhdəliyi pozmur: "Bundan başqa, ABŞ başda olmaqla NATO Türkiyəyə "Patriot” hava hücumundan müdafiə sistemini o qədər minnətlə verdi ki, heç verməsəydi ondan yaxşı idi. NATO həmin kompleksi müəyyən dövr üçün icarəyə verdi, sonra yığışdırıb apardı. İndi sual olunur, qonşuluğunda, İraq və Suriyada min cür oyun gedərkən Türkiyə öz hava məkanını qorumamalıdırmı? Əlbəttə, bu sualın cavabı mütləq "hə”dir. Fikrimcə, Türkiyənin Qərbdən olan müttəfiqləri bu məsələni tez-tez gündəliyə gətirməklə rəsmi Ankaraya "Moskva ilə əməkdaşlıqdan əl çək” xəbərdarlıq mesajını göndərirlər. ABŞ və onun Avropadan olan müttəfiqləri Türkiyənin Rusiya ilə yaxınlaşmasını qəbul edə bilmirlər. SSRİ dövründə Türkiyə bir qayda olaraq, birmənalı şəkildə Qərbi müdafiə edib. Bu baxımdan Ankaranın Rusiya ilə münasibətində yaranan istilik Qərbi qıcıqlandırır”.

Analitik bildirib ki, Rusiya ilə Türkiyənin əməkdaşlığı həm də Qərb dövlətlərinin silah bazarında milyonları, yaxud Türkiyə kimi sifarişçini itirməsi deməkdir: "Düzdür, Türkiyə İtaliya və Fransa ilə silah ticarətində əməkdaşlıq etdiyini vurğulayır. Türkiyə rəsmiləri onu da bildirirlər ki, ABŞ Suriya və İraqdakı PKK qruplaşmasının qollarına hərbi avadanlıq sarıdan hər cür yardım edir. Hətta pulla almaq istədiyi silahlar Türkiyəyə satılmadığı halda PKK-ya havayı verilir.

Qeyd edim ki, ABŞ-ın Avropadakı ən yaxın müttəfiqi NATO üzvü Yunanıstan aprelin 4-də Rusiya ilə "Silah sistemi xidmətinin müddətinin uzadılması”na dair dövlətlərarası razılaşma imzalayıb. Yunanıstanın silah arsenalında Rusiya istehsalı olan "S-300”, "Top-M1”, "Osa” zenit-raket kompleksi, "Kornet-E” və "Faqot” tank əleyhinə raket kompleksi, hava yastıqlı "Zubr” desant gəmisi var. Türkiyənin Rusiya ilə silah ticarəti sahəsində elə də çox əlaqəsi yoxdur. Ankaranın tezliklə seçim edəcəyi inandırıcı deyil. Əgər belə bir seçim qarşısında qalarsa, yəqin ki, tərəfsiz mövqe tutmağa çalışacaq. Bu mövqe ətrafında isə uzun müddətli manevr etmək mümkündür”.

İsmayıl