APA hadisədir

13 ildir agentlik etibarlı və operativ xəbərləri ilə jurnalistikaya xidmət göstərir
"Azəri-Press” Agentliyi (APA) bir yaş daha böyüdü. Holdinqin fəaliyyətə başlamasından 13 il ötür. APA 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Agentlik həftənin bütün günləri hər altı dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adıçəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət orqanları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan əksər kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları da APA-nın abunəçisidir.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, İran, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir. İndiyədək bir çox ölkənin dövlət və hökumət başçıları, nazirlər, BMT-nin strukturuna daxil olan beynəlxalq təşkilatların rəhbərləri APA-ya eksklüziv müsahibələr veriblər. Agentliyin Avropa Şurasında ofisi var.
APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics” bölməsi fəaliyyət göstərir. "APA Economics”in əsas məqsədi oxucularına ölkədə və dünyada baş verən mühüm iqtisadi yenilikləri operativ və obyektiv şəkildə çatdırmaqdır. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial sahə və s. ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.
"APA-Economics” iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən obyektiv analitik məqalələr, müxtəlif icmallar təqdim edir. "APA-Economics” Azərbaycana "renkinq mədəniyyətini” gətirdi desək, yanılmarıq. "APA-Economics”in tərtib etdiyi bank, sığorta və birja iştirakçılarının renkinqi hər zaman oxucular tərəfindən maraqla qarşılanıb. Bir çox bank, sığorta şirkətlərinin rəhbər şəxsləri "APA-Economics”in tərtib etdiyi renkinqləri istinad mənbəyi kimi göstərir.
APA "Global Certfication Limited” şirkətinin "İSO 9001:2008” beynəlxalq standartı üzrə "Keyfiyyətli İdarəetmə Sistemi” sertifikatına layiq görülüb.
Agentlik 2012-ci ildən etibarən "APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.
13-cü ildönümü münasibəti ilə həmkarlarımızı təbrik etmək və onların ad günü təəssüratlarını öyrənmək üçün bir neçə APA-çı ilə əlaqə saxladıq.
"APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev APA-nın yaradıcılarından biridir. Agentliyin ilk dövrlərinə dair xatirələrini bizimlə bölüşən N.Quliyev o illərdə APA-nın bu zirvəyə yüksələcəyini gözləmədiklərini deyib: "APA-nın yaradılması müzakirələri gedəndə bizim qarşımıza qoyduğumuz əsas məqsəd uzunömürlü, etibarlı, operativ, lider agentlik qurmaq idi. Baxmayaraq ki, biz çox kiçik kollektivlə fəaliyyətə başlamışdıq, özümüzdə bu potensialı görürdük. Əsas odur ki, məqsəd aydın olsun, nə istədiyini, nəyə çatmaq istədiyini biləsən. Yeni yarananda APA-nın bazasında bu gün bu miqyasda bir holdinqin yaranacağını düşünməmişdik. Ancaq çalışqanlığımız, yorulmazlığımız, məqsədimizdən dönməməyimiz, bezməməyimiz, yeni-yeni texnologiyaların tətbiqi, kollektivin peşəkarlaşdırılması nəticəsində APA informasiya agentliyinin dəstəyi ilə yeni təsisatlar yaradıldı və APA Holdinq kimi bir əsər bu gün meydandadır. APA-nın Azərbaycanda yeni medianın ortaya çıxmasında rolu və yeri barədə çox danışmaq olar. Amma bir cümlə ilə demək olar ki, APA mötəbər, etibarlı və operativ xəbərin ünvanı, yeni Azərbaycanda media dövrünün başlanğıcıdır. APA Azərbaycan mətbuatında sözün həqiqi mənasında hadisədir”.
- Bir yerdə uzun müddət qalmaq hər adama nəsib olmur. Bu illər ərzində heç getməyi düşünmədiniz? Sizi APA-da saxlayan nədir?
- Mən tez-tez kollektiv dəyişməyi sevən adam deyiləm. Açığı, APA-da bunu şərtləndirən bir vəziyyət də yaranmayıb. Təbii ki, bu yerdə mən Vüsalə Mahirqızının adını qeyd etməyə bilmərəm. Məhz onun işgüzarlığı, bacarığı, peşəkarlığı nəticəsində APA bu yerlərə gəlib. İşə münasibətdə Vüsalə xanımla mənim yanaşmam demək olar ki, eynidir. Çox nadir hallarda bizim işlə bağlı mövqeyimizdə cüzi fərqlər ortaya çıxa bilər. Bu fərqi də qisa müzakirədə aradan qaldırırıq. İş yerini dəyişməyin əsas səbəbi nədir? Ya rəhbərliklə yola getmirsən, ya kollektiv səni istəmir, ya da maddi təminat qane etmir. Bu 13 ildə bu səbəblərdən heç biri baş verməyib. Ona görə də iş yerimi dəyişməyi düşünməmişəm. APA mənim ikinci evim kimidi. Adam evindən ayrılmağı necə düşünə bilər?
- Zaman-zaman qeyri-ciddi xəbərlərə görə, media tənqid ediləndə, müxtəlif sayt rəhbərləri iddia edirlər ki, oxucu onu tələb edir. Guya ki, şou olmasa, xəbər oxunmaz. Bəs, APA şousuz oxunmağı necə bacarır?
- APA-nın formatı, istiqaməti fərqlidir. APA-nın auditoriyası da fərqlidir. Ucuz şou axtaran oxucu APA-nı tanımaz, tanıması heç lazım da deyil. Şou mədəniyyətin bir hissəsi hesab edilir, APA-da da şou-biznes rubrikası var. Amma ucuz, yersiz, süni qalmaqal, qeyri-ciddi, dedi-qodu səviyyəsində şou APA-lıq deyil. Dünyanın ən öndə gedən agentlikləri də şou-biznesə yer ayırır. Amma səviyyəli şou-biznesə. APA da həmçinin.
Bizim üçün prioritet operativ, dəqiq xəbər yaymaq, ölkə üçün, cəmiyyət üçün, vətəndaş üçün əhəmiyyəti sayılan, dövlətə, dövlətçiliyə xeyir verən, media prinsiplərinə uyan, jurnalistikamızı daha irəli aparan xidmət göstərməkdir. APA-nın bir məktəb olduğunu, ali məktəblərin jurnalistika fakültələrində öyrənildiyini, tədqiq edildiyini yəqin bilirsiniz. APA jurnalistikanın təməl prinsipləri üzərində qurulmuş, ölkənin informasiya siyasətinin, xəbər istiqamətinin müəyyənləşməsində mühüm rol oynayan agentliklərdəndir. Sevindirici haldır ki, APA öz yolu, öz istiqaməti olan, yeni yaranan xəbər agentliklərinin özünü ona oxşatdığı, onun yolunu getməyə çalışdığı bir agentliyə çevrilib. Bizim üçün əsas məsələ oxucunun etibarını qazanmaq, etibarlı xəbərin ünvanı olmaqdır. Xəbərin xarakteri fərqlənə bilər, hətta şou-biznes mövzusunda da xəbər yaymaq olar, əsas odur ki, dəqiq, qərəzsiz, səviyyəli olsun, insanların mənəviyyatına, ailə məsələlərinə qarışılmasın, şəxsiyyətə toxunulmasın. APA öz fəaliyyəti ilə sübut edib ki, oxucunun səviyyəsinə düşmədən oxucunun səviyyəsini qaldırmaq mümkündür. Mən hesab edirəm ki, APA səviyyəli oxucuların agentliyidir.
APA TV-nin Xəbər müdiri, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl da qəzetimizə açıqlamasında Azərbaycan kimi kiçik ölkələrdə bir media qurumunun 13 yaşına çatmasının özünün belə çox ciddi hadisə olduğunu deyib. 13 ildir APA-nın ciddi işlə məşğul olduğunu vurğulayan C.İsmayıl bu 13 ilin düz 11 ilinin onun ömür səhifəsinə yazıldığını deyib: "APA Holding”in məhək daşı olan APA-ya 8 il qəzetçilik fəaliyyəti göstərdikdən sonra gəlmişəm və artıq APA-dakı stajım 19 illik mətbu stajımın yarıdan çoxunu təşkil edir. APA mənim üçün təkcə iş yeri deyil, həm də peşəkar komanda və etibarlı dostlar qazandıran yer deməkdir”.
Kollektivlə münasibətlərinə toxunan Xəbər müdiri deyib ki, işləri həddindən artıq çox olduğundan nə kənardan necə göründüklərini bilir, nə də bununla maraqlanmağa vaxt tapır: 
"Amma tam səmimi deyim, biləsiniz - iş atmosferində heç bir rəsmiyyətdən söz gedə bilməz APA-da. Çünki illərin formalaşmış kollektividir və onun da öz yazılmamış qanunları var. Onlardan ən başlıcası budur ki, planlaşdırmada nə tapşırıq verildisə, mütləq yerinə yetirilməlidir. Köhnə işçilər bu qaydalara çoxdan uyğunlaşıblar ki, hələ də bu kollektivdə çalışırlar, yeni işçilər isə APA-da işləmək üçün bu qaydaya mütləq uyğunlaşmalıdırlar. "APA Holding”ə daxil olan bütün media quruluşlarının rəhbərləri kollektivlə bir otaqda, yanaşı əyləşirlər ki, bu da hər hansı rəsmiyyətə yer qoymur”.
Şou xəbərsiz, sensasiyasız APA-nın necə tanınması ilə bağlı sualıma gəlincə isə C.İsmayıl belə deyib:
"Burda dəqiq, tərəfsiz və vicdanlı xəbərçilik prinsipi əsas rol oynayıb. Azərbaycan vətəndaşlarında "APA yazıbsa, deməli, doğrudur” təəssüratını yarada bilmişiksə, nə mutlu bizə! Bu gün həm də bizə inanan həmin oxucuların bayramıdır. İlk növbədə onları, sonra isə Vüsalə Mahirqızı və Nurşən Quliyev başda olmaqla bütün kollektivimizi təbrik edirəm”.
Agentliyin kriminal yazarı Hafiz Heydərov isə hər şeydən əvvəl APA-nın onun üçün çox doğma olduğunu deyib. Düz 12 ildir APA-nın əməkdaşı olduğunu qeyd edən həmkarımız 2004-cü ildə, APA yaranandan bir neçə ay sonra agentliklə əməkdaşlığa başlayıb: 
"Çox xoşbəxtəm ki, belə bir kollevtivlə qarşılaşmışam. APA mənim üçün çox doğmadır, əzizdir. Bir neçə nəfər var ki, APA-da sevdiyinə qovuşublar. Mən də onlardan biriyəm. Hazırda xanımımla birgə bu agentlikdə çalışıram. Bura mənə ailə qədər doğmadır. APA-nın çox mehriban bir kollektivi var. Vüsalə Mahirqızı başda olmaqla hər bir redaktor sıravi əməkdaşlarla çox səmimi ünsiyyət qurur. Bu hal işimizin ümumi gedişinə müsbət təsir göstərən amillərdəndir. Hər bir jurnalistə belə mehriban kollektivdə çalışmağı arzulayıram”.
P.S. "Şərq” qəzetinin kollektivi olaraq "Azəri-Press” Agentliyini 13 yaşları münasibəti ilə təbrik edir, APA-nın yaradıcı, texniki heyətinə uğurlar arzulayırıq...
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb