"Apandisit əməliyyatı zamanı hər yüz nəfərdən biri ölür" - "Sanitar itki"

"Tibbi savadı olmayan insanların həkimə səhlənkar deməyi düzgün deyil”
Bu sözləri "Sherg.az”a Azərbaycanda Daun sindiromlu uşağın dəfələrlə səhv əməliyat edilməsi ilə bağlı danışarkən Azəbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, həkim səhlənkarlığını ekspertiza müəyyən edir:
"İxtisaslı mütəxəsislər sözügedən hadisəni öyrənib, bunun səhlənkarlıq olduğunu müəyyənləşdirməlidir. Bəlkə xəstənin vəziyyəti ağır olub və o xəstəxanaya gec gətirilib. Gec gətirilərsə, həkimin göstərdiyi tibbi yardım heç bir nəticə verməyəcək. Ona görə də, bu məsələdə ekspert rəyi olmadan həkimi ittiham etmək olmaz. Belə hadisə olarsa, vətəndaşlar həkim səhlənkarlığı ilə bağlı hüquqi prosedurlara baş vurmalıdır. 
Mütəxəsislər tərəfindən müəyyən edildikdən sonra hüquq mühafizə orqanlarının nümayəndələri lazım olan qanunu tətbiq etməlidirlər. Bəzi vətəndaşlar tibbi savadlarının olmamasına görə, baş verən hadisələri öz bildikləri kimi yozur və hadisəyə həkim səhlənkarlığı adını verirlər. 
Ümumiyyətlə, təbabətdə istənilən xəstəliklə bağlı "sanitar itki" adlanan bir anlayış var.  Bizim ən asan hesab elədiyimiz "apandisit" əməliyyatı zamanı hər yüz adamdan biri dünyasını dəyişir. Bu, normal "sanitar itki" hesab olunur. Məsələ tam aydınlaşdırılmalıdır. Kompleks ekspertiza keçirilməlidir. Həkim müayinə və müalicəni düzgün, vaxtında etməyibsə, deməli burada səhlənkarlığa yol verilib. Yəni vaxtında müayinə olunmur, müdaxilə edilmir, düzgün müalicə olunmur bu zaman həmin hal səhlənkarlıq kimi dəyərləndirilə bilər. 
Elə çətin diaqnozlar var ki, bir çox elmi tadqiqat institutları da onu müəyyənləşdirə bilimir. Bu zaman həkimin səhlənkarlığından söhbət gedə bilməz. Həkim səhlənkarlığı mürəkkəb məsələdir. Bir hadisə baş verən kimi ona dərhal "həkim səhlənkarlığıdır” demək olmaz”.
Vətəndaşların səhhətlərində yaranan ən xırda problemnlərlə bağlı xaricə üz tutmasına toxunan S.Cəlaloğlu bildirib ki, Azərbaycanın səhiyyəsi olduqca acınacaqlı vəziyyətdədir:
"İstər tibb kadrlarının hazırlanması, istər səhiyyənin təşkilatı, istərsə də adam başına dövlət büdcəsindən ayrılan vəsait çox azdır. Biz dünyada bu göstəricidə ən aşağı yerlərdəyik. Elə ölkələr var ki, bir ilk dövlət büdcəsindən adambaşına 300- 400, 1000-2000 dollar pul ayrılır. Azərbaycanda adambaşına illik 30 manat səhiyyə xərci ayrılıb. Bura həm tikinti,həm yeni avadanlıqların alınması, həm də pulsuz mualicə daxildir. Bununla da heç kəs Azərbaycanda tibbi yardım ala bilməz. Onlar da buna görə xaricə üz tuturlar”.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən klinikaların birində daun sindromlu uşağı dəfələrlə səhv əməliyyat ediblər və nəticədə böyrəyinin işləmə funksiyası 25 faizə düşüb.
Kənan Eynuroğlu