Artıq rəsmi Bakının mövqeyi güclənməkdədir
“Düşmən ölkənin rəhbərliyi fərqindədir ki, Azərbaycanın səbr kasası dolmaq üzrədir”
"Erməni mətbuatı böyük təşviş içində hadisələrin analizini aparır”
İyulun 2-dən Azərbaycan Ordusunun növbəti genişmiqyaslı təlimləri başlayıb. Ayın 6-dək davam edəcək 5 günlük təlimlərə 20 min nəfərədək şəxsi heyət, 120 tank və digər zirehli texnikalar, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatanlar, 30-a yaxın müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
Təlimlərdə silahlanmaya yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışları keçiriləcək, ən mürəkkəb döyüş taktikaları tətbiq ediləcək. Ekspertlərin fikrincə, hərbi təlimlər faktiki surətdə işğal altındakı ərazilərimizin azad edilməsi üçün sonuncu əsas məşq sayıla bilər. Bu baxımdan təlimlər yekun müharibə hazırlığı qənaəti də yaradır. 2018-ci ilin yarısı arxada qalsa da, bugünədək sülh danışıqlarında heç bir müsbət dinamikanın müşahidə edilməməsi, əksinə, işğalçı tərəfin daha radikal mövqeyə köklənməsi Azərbaycana artıq ayrı seçim saxlamayıb. Bəzi xarici hərbi ekspertlərə görə, Azərbaycan genişmiqyaslı təlimlər fonunda yeni və modern hərbi qüvvələrini münaqişə zonasına yerləşdirmək hədəfi güdür. Başqa sözlə, geosiyasi şərtlərdən asılı olaraq lokal və ya daha geniş miqyaslı müharibəyə hazırlıq görür. İstənilən halda indiki böyük təlim daha bir neçə aspektdən diqqət çəkir.
Məsələ ondadır ki, 5 günlük təlim iyunun 26-da Bakıda keçirilən möhtəşəm parad və həmin paradda ilk dəfə Türkiyə birləşmələrinin iştirakından cəmi bir neçə gün sonraya təsadüf edir. Bu, hər şeydən öncə işğalçı Ermənistana silsilə güc nümayişinin davamıdır. Ümumiyyətlə, Ermənistandakı son hakimiyyət dəyişikliyindən sonra İrəvan-Moskva münasibətlərində Azərbaycanın xeyrinə işləyən qeyri-müəyyənlik yaşanmaqdadır. Komandasını Rusiyaya rəğbəti olmayanlardan quran baş nazir Nikol Paşinyana və prezident Armen Sarkisyana Kremldə hələ ki, etimad formalaşmayıb.
Siyasi müşahidəçilərin fikrincə, Azərbaycan ordusu son aylar cəbhə xəttinə yaxın poliqonlarda ard-arda hərbi birləşmələr səviyyəsində intensiv təlimlər keçirməklə Ermənistanda həqiqətən panika yaradıb. Bunu düşmən ölkə KİV-lərində gedən həyəcanlı yazı və şərhlərdən də görmək olar. Üstəlik, 26 iyun hərbi paradında çıxışı zamanı prezident İlham Əliyev bir daha bəyan elədi ki, "müharibə hələ bitməyib, onun yalnız birinci mərhələsi bitib”. Bu, düşmən tərəfə aydın bir ismarıcdır ki, Azərbaycan işğal rejiminə sonsuzadək dözmək fikrində deyil. Azərbaycan böyük məbləğdə vəsait sərf edərək aldığı, özünün istehsal etdiyi silah və döyüş sistemlərini vitrinə qoyub paslatmağı düşünmür. Lazım olan anda bütün müasir hərbi texnikalar düşmən üzərində tətbiq ediləcək. Erməni ekspert Ara Papyan da Azərbaycan ordusunun paradın ardınca irimiqyaslı hərbi təlimlərə başlamasına diqqəti çəkərək deyib ki, Azərbaycan ordusu təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan və Tavuş istiqamətində də qüvvə cəmləşdirir: "Təhdid bu baxımdan daha da artıb. Azərbaycan cəmiyyəti müharibəyə başlamağa hazırdır. Əgər ordu irimiqyaslı təlimlər keçirirsə, növbəti mərhələ müharibə ola bilər. Çünki təlimlərdən müharibəyə keçmək asandır”.
Hərbi təlimlərlə bağlı "Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, hadisələrin xronoloji ardıcıllığı Ermənistanda ciddi təşviş yaradıb. Deputatın sözlərinə görə, 26 iyunda Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı möhtəşəm hərbi parad keçirilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və hərbi texnikalar nümayiş etdirməsi, o cümlədən hərbiçilərimizin yüksək döyüş ruhu düşmən tərəfdə "göy gurultusuna” səbəb olub:
"İrəvan paradın şokundan ayılmamış iyul ayının 2-də 5 günlük genişmiqyaslı hərbi təlimlərə start verildi. Əslində düşmən tərəfə iyul ayının 1-də də zərbə vuruldu. Rusiyanın tanınmış siyasi-ictimai xadimlərinin və deputatlarının iştirakı ilə Cocuq Mərcanlıda əhəmiyyətli konfrans keçirildi. Tədbirdə Kremlə yaxın simaların münaqişə ilə bağlı səsləndirdiyi fikirlər və ətraf rayonların Azərbaycana qaytarılmasının zəruriliyinin vurğulanması göstərdi ki, həm hərbi, həm ideoloji, həm də diplomatik müstəvidə Azərbaycan hücum siyasətini uğurla həyata keçirir. Artıq rəsmi Bakının mövqeyi güclənməkdədir.
Erməni mətbuatı böyük təşviş içində hadisələrin analizini aparır. Qeyd edirlər ki, Rusiyada hakim partiyaya məxsus deputatların dilindən Azərbaycanın mövqeyinin müdafiə olunması Rusiyanın rəsmən və birmənalı şəkildə Azərbaycanı dəstəkləməsi anlamına gəlir. Son günlər Ermənistanın baş naziri Paşinyan "hər an döyüşə hazır olmaq”dan danışır.
Düşmən ölkənin rəhbərliyi fərqindədir ki, Azərbaycanın səbr kasası dolmaq üzrədir. Bütün ermənilər qorxu içindədir. Bilirlər ki, Azərbaycanın güclü ordusu istənilən an öz torpaqlarını müharibə yolu ilə azad etmək iqtidarındadır. Yeganə çıxış yolu işğalçı Ermənistanın ərazilərimizi qeyd-şərtsiz azad etməsidir. Əks halda bütün məsuliyyət indiki erməni rəhbərliyinin üzərində olacaq”.
İsmayıl