Artıq taksilər harada gəldi dayanmayacaq- ELMƏDDİN MURADLI



 
Dayanacaqların pasportlaşdırılmasının tam şəkildə reallaşması uzun vaxt alacaq.
Bu barədə  Sherg.az-a Bakıda taksi dayanacaqlarının pasportlaşdırlımasından danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert  Elməddin Muradlı bildirib.  

Ekspertin qənaətincə, bu addım şəhərdəki sıxlıq və təhlükəsizlik problemlərinin aradan qaldırılmasına effektiv təsir göstərəcək: 

"Uzun müddətdir ki, nəqliyyat ekspertlərini və əhalini taksilərin harada gəldi dayanması narahat edirdi. Şəhərdə sıxlıq yaranır, hərəkətin intensivliyinə ziyan vurulur, avtobus dayanacaqları zəbt edilirdi. Buna görə, vahid taksi dayanacaqlarının yaradılması müzakirə olunurdu. Bu da görülən tədbirlərin başlanğıcıdır. Təqdirəlayiq haldır ki, Bakı Nəqliyyat Agentliyi (BNA) və Dövlət Yol Polisi İdarəsi əvvəlcədən maarifləndirici aksiyalar keçirir. Hələlik Koroğlu metrosu ətrafında nəqliyyatın mübadilə məntəqəsi yaradılıb. Nəticədə bir neçə aydır, avtobuslar, digər nəqliyyat vasitələri mərkəzləşdirilmiş qaydada xidmət göstərir. Bu sahədə tədbirlərin gücləndirilməsi vacib hesab olunur”.

Yeni dayanacaqların xidmət şərtlərinə gəlincə,  E. Muradlı deyib ki, əvvəldən müəyyən olunmuş qaydalar əsasında taksilərin dayanması təmin ediləcək: 

"Bir problem yaranır ki, orada dayanan taksilər ödəniş verəcəksə, dayanacaqda dayanmadan müştəri götürən taksilərin problemi də qalmaqdadır. İstifadə etməyən sürücülərin pul ödəyib-ödəməyəcəyi sual altındadır. Bu kimi mübahisəli məsələlərin gələcəkdə həllini tapacağına ümid edirik. İstənilən halda nəqliyyatın intensiv və təhlükəsiz hərəkətini təmin etmək üçün bu tədbirlər yararlıdır”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində minik avtomobili ilə taksi xidməti göstərən fiziki və hüquqi şəxslər üçün maarifləndirici tədbirlərə start verilib. Bu çərçivədə həmçinin Bakıda taksi dayanacaqlarının pasportlaşdırlımasına başlanılıb.

Ayyət Əhməd