“İlanlar sadəcə düzənliklərdə yox, otluq, kolluq ərazilərdə, daşın altında da olurlar”
Artıq yuvalardan çıxıblar
May ayında 4 nəfəri ilan sancıb
“İlanlar sadəcə düzənliklərdə yox, otluq, kolluq ərazilərdə, daşın altında da olurlar”
“İlanlar sadəcə düzənliklərdə yox, otluq, kolluq ərazilərdə, daşın altında da olurlar”
May ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancması diaqnozu ilə 4 nəfər xəstə gətirilib. Şöbə müdiri, baş toksikoloq Azər Maqsudovun sözlərinə görə, gürzə ilanın sancdığı şəxslərdən üçü kişi, biri isə qadın olub: "Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti isə orta ağır idi. Hazırda bütün xəstələrin vəziyyəti stabilləşib”.
Toksikoloq qeyd edib ki, ilan sancması halı Bakının Xəzər və Qaradağ rayonunda baş verib. Bir nəfər xəstə isə Balakəndən gətirilib: "Bundan əlavə qara qurd dişləməsi ilə bağlı 2 çağırış olub, amma zəhərlənmə kimi dəyərləndirilməyib. Bu, hörümçəyin bir növüdür. Bir çağırış isə sarı əqrəb dişləməsi ilə bağlı olub”.
Maqsudov deyib ki, ilan, qara qurd dişləyən yeri kəsmək, yandırmaq, hansısa müdaxilə etmək olmaz: "Bu hallar çox zaman fəsad verir. Yara əmələ gəlir ki, onun da müalicəsinə uzun zaman lazımdır. Yaranı təmiz tənziflə bağlamaq və tez həkimin nəzarətinə çatdırmaq lazımdır ki, həkim mütəxəssis əvvəlcədən həssaslığı yoxlasın, zərdab vursun və xəstəni nəzarətə götürsün”.
Yaz-yay aylarında ilan sancmalarının artmasının xüsusi bir səbəbi var, ya sadəcə təsadüfdür?
Bu barədə "Şərq”ə açıqlama verən Zooloji Muzeyin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatovanın sözlərinə görə, soyuq aylarda ilanlar qış yuxusuna gedirlər deyə, gözə dəymirlər:
"Oktyabr ayından mart ayına qədər onlar sabit həyat sürürlər. Aprel ayının əvvəllərindən sonra isə aktivləşməyə başlayır və yerin üzərinə çıxırlar. Bədən temperaturlarını bərpa etdikdən sonra qida axtarışına çıxırlar ki, 4-5 ay müddətində itirdikləri enerjini geri alsınlar. May ayında isə adətən ilanların cütləşmə dövrü olur”.
Səbinə xanım deyib ki, ilanlara bütün təbii yaşayış ərazilərində rast gəlmək mümkündür, ancaq bəzi yerlər var ki, orada daha çox olurlar. Xüsusən də, Aran rayonlarında, yarımsəhralarda, düzənlik ərazilərində: "Yaz-yay aylarında ilanlar artmır, sadəcə olaraq insanlar açıq havada və təbiət qoynunda çox olduğu üçün ilanlarla da tez-tez rastlaşırlar. İnsanlar bir balaca ehtiyatlı olsalar, heç bir təhlükə ilə qarşı-qarşıya gəlməzlər. İlanlar sadəcə düzənliklərdə yox, otluq, kolluq ərazilərdə, daşın altında da olurlar. Onlar məskən saldıqları yeri havanın temperaturuna uyğunlaşdırırlar. Yaz aylarında daha çox torpağın üstündə olurlar. Havalar istiləşdikcə isə sərin yerlər axtarırlar”.
Azərbaycanda mövcud olan ilan növlərinin bir o qədər də zəhərli olmadığını vurğulayan S.Bünyatovanın fikrincə, zəhərli ilanlardan ancaq gürzələr fəsiləsinin növləri yayılıb. Son araşdırmalara görə, Azərbaycanda 6 növü zəhərli ilan növü məlumdur. Zəhərli ilanların hamısı da dediyim kimi, gürzələrə aiddir. Onların zəhəri olduqca təhlükəlidir.
Ən geniş yayılan gürzə isə Levantiya gürzəsidir. Dünyada isə elə təhlükəli ilan növləri var ki, üç dəqiqə ərzində öldürücü təsir edir. Levantiyanın zəhəri onlar qədər öldürücü olmasa da, təhlükəlidir:
"İlan sancma hallarında insanın həyatını xilas etmək üçün ilk tibbi yardım çox önəmlidir. İlanın dişi iynənin ucu qədər nazik olduğundan ilan sancan anda onun zəhəri bədənə yayılır. Heç bir ədəbiyyatda ilan sancan nahiyəni yandırmaq, kəsmək tövsiyə olunmur. Ancaq sovurucu alətlə ilan zəhərini damarlardan xaric etmək lazımdır. Şpris vasitəsilə də zəhərin bir hissəsini çıxartmaq olar. Daha sonra isə ilan sancan şəxsə çoxlu maye vermək lazımdır ki, zəhəri yusun. Bəzən belə fikirlər səslənir ki, ilan sancan yeri ağızla sovurmaq olar. Bu, qətiyyən yolverilməzdir. Ağızdan zəhər qana keçə bilər. Əgər dodaqda, damaqda yara varsa, dişdə hansısa problem varsa, zəhər mütləq şəkildə bədənə yayılır.
İlan sancan şəxs heç bir halda hərəkət etməməlidir. İnsan hərəkət edərsə, bu zaman bədəndə qan dövranı güclənir və zəhər daha sürətlə digər orqanlara yayılır. Hətta təcili yardım maşınına qədər xəstəni xərəkdə aparmaq lazımdır. Təcili yardım maşını gələnə qədər yaranı yuyub, soyuq su ilə "kompres” etmək lazımdır. Bütün bunlar isə sadəcə olaraq qan dövranının sürətini azaltmağa xidmət edir ki, zəhər əsas orqanlara çatmasın. Araşdırmalara görə, 2 saat ərzində ilan sancan şəxs tibb məntəqəsinə çatdırılmalıdır, əks halda o, həyatını itirə bilər. Düzdür, orqanizmdən də çox şey asılıdır. İlan sancmasından daha çox yaşlı insanlar və uşaqlar ölür. Ümumiyyətlə, zəhərlənmə sancmadan dərhal sonra inkişaf edir. Bu zaman zərərçəkənin yaşı, iqlim və s. faktorlar da əhəmiyyət kəsb edir”.
Qeyd edək ki, ilanların daha çox antisanitar yerlərdə peyda olduğunu deyən mütəxəssislərə görə, ilan təhlükəsindən qorunmaq üçün, ilk növbədə yaşayış yerinin səliqə-sahmanlı olmasına diqqət edilməlidir. Çalışmaq lazımdır ki, ilan üçün əlverişli şərait olmasın.Təmizlik nə qədər çox olsa, təhlükə də bir o qədər minimum səviyyəyə enər. İlanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün şərait olmamalıdır. Əgər yaşadığınız yerdə ilanın gizlənməsi, yumurta qoyması, sərinlənməsi üçün yer, qurğu varsa, ora ən kəskin iyli maye, bitki qoymaqla ilandan qorunmaq olar.
Şəymən