“ASDP seçkilərə müstəqil qatılacaq”

Araz Əlizadə: “Biz bloklaşmanı və birləşmə variantını dişimizə çox vurmuşuq”



Parlament seçkisi yaxınlaşdıqca, siyasi partiyaların fəaliyyəti aktivləşir. Partiyalar istər blok şəklində, istərsə də təkbaşına seçkiyə hazırlaşmağa başlayırlar. Amma müstəqil olaraq seçkiyə qatılmaq qərarı alan Azərbaycan Sosial-Demokrat Partiyası hələ ki, hazırlıq prosesinə başlamaq fikrində deyil. Seçkiyə hazırlıqla bağlı "Şərq”in suallarını cavablandıran ASDP sədri Araz Əlizadə vaxtından əvvəl hərəkətə keçməyi məqsədəuyğun hesab etmir.

- Araz bəy, rəhbərlik etdiyiniz partiya parlament seçkilərinə hazırlaşırmı?

- Mən görkəmli şairimiz Mirzə Ələkbər Sabir qədər Azərbaycan xalqının psixologiyasını bilən ikinci bir şəxs görməmişəm. Rəhmətlik yazırdı ki, "çırmanırıq keçməyə çay gəlməmiş”. Əksər partiyaların vaxtından əvvəl seçkiyə hazırlaşmağı da şairimizin haqlı olduğunu göstərir. Hesab edirəm ki, seçkiyə 3-4 ay qalmış hazırlığa başlamaq kifayətdir. Bu müddət ərzində dairələrin və namizədlərin müəyyən edilməsi mümkündür. Amma bizdə 1 il əvvəldən başlayırlar hazırlaşmağa, seçkiyə lap az qalmış isə mövqelərini dəyişirlər. Yəni deyirlər ki, filan dairədən Həsənlə yox, Hüseynlə gedirik və s.

- 3 ay ərzində seçkiyə tam hazırlaşmaq nə dərəcədə mümkündür?

- Seçki daimi prosesdir. ASDP ən yaşlı partiyadır və 25 ildir Azərbaycanın siyasi səhnəsindədir. Eyni zamanda ölkədə yaranmış ilk partiyadır. Bizim partiyanın rəhbərliyi də, üzvləri də seçkinin necə keçirildiyini və monitorinqlərin necə aparıldığını çox gözəl bilirlər. Düzdür, əvvəllər biz də tez hazırlaşırdıq, üzvlərimizə kurslar keçirdik. Amma eyni şeyi təkrarlayaraq insanları bezdirməyin mənası yoxdur.

- Əksinə, bir çox siyasi partiya rəhbərləri hesab edirlər ki, seçki bitən kimi dərhal növbəti seçkiyə hazırlaşmaq lazımdır...

- Onsuz da seçkilər bir-birinin ardınca gəldiyi üçün proses daimi olur. Amma bir şeyi nəzərə almaq lazımdır ki, bu gün bizim partiyamızda çalışanların heç biri maaş almır. Yəni onlar aylıq məvaciblə deyil, könüllülük əsasında işləyirlər. Partiya funksionerləri isə maaş alan adamlara deyilir. İndi mən könüllü çalışan adamlara 1 il qabaqdan necə deyim ki, siz iş-gücünüzü atın, gəlin seçkiyə hazırlaşın. Bu, gülməli çıxar axı.

- Hansısa blokda təmsil olunacaqsınızmı, yoxsa seçkiyə təkbaşına getməkdə qərarlısınız?

- Yox, artıq qəti şəkildə qərarımızı vermişik. ASDP parlament seçkisinə müstəqil şəkildə qatılacaq.

- Çoxları iddia edirlər ki, indiki şəraitdə təkbaşına seçkiyə getmək partiyalara uğur gətirməyəcək. Bu yanaşmaya münasibətiniz necədir?

- Biz bloklaşmanı və birləşmə variantını dişimizə çox vurmuşuq. Əfsuslar olsun ki, Azərbaycan siyasətçilərində birləşmək və bloklaşmaq mədəniyyəti yoxdur. Əgər ölkə siyasətinin tarixinə baxsaq, görərik ki, bütün yaranmış bloklar seçki başlayan kimi dağılır. Çünki hərə yorğanı öz üzərinə çəkməyə çalışır. Belə mənasız bloklar kimə lazımdır?!

- Bəs ayrı-ayrı partiyaların seçki öncəsi bir-biri ilə razılaşması nə dərəcədə mümkündür?

- ASDP ölkədə yeganə sol partiyadır. Biz hər hansı millətçi partiya ilə necə razılaşa bilərik?! Onlarla platformalarımızı uyğunlaşdırmaq heç cür mümkün deyil.

- Mütəmadi keçirilən iqtidar-müxalifət görüşləri barədə fikriniz necədir? Ardıcıl dialoqlar siyasi partiyalarla bağlı mövcud olan problemləri aradan qaldıracaqmı?

- İqtidar və müxalifət arasında təşkil olunan "dəyirmi masa”lar olduqca yaxşı tendensiyadır. Orada bir çox mühüm məsələlər müzakirə olunur. Hər partiya sədri öz təklifini verir, iradını bildirir və eyni zamanda problemlərini çatdırır. Yəni qarşımızda duran məsələləri həll etməyə çalışırıq. Düşünürəm ki, ümumi nəticəyə gəlmək mümkün olmasa da, səs çoxluğu ilə bir sıra problemlərin həll edilməsi mümkündür.

İsmayıl