Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi ilə bağlı Ankaranın Asrı məzarlığında anım mərasimi keçirilib. Mərasimə Azərbaycan Kültür Dərnəyi başqanı Cəmil Ünal, Məhəmməd Əmin Rəsulzadə adına Ankara Anadolu litseyinin müdiri Hüseyn Qazi Yıldırım və başqa şəxslər qatılıblar. Tədbirdə iştirak edənlər böyük liderin ruhunu yad edərək onunla bağlı düşüncələrini bölüşüblər.
Rəsulzadənin məzarı başında çıxış edən Azərbaycan Kültür Dərnəyi başqanı Cəmil Ünal deyib ki, bugün Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi, aramızdan ayrılışının isə 64 illiyidir.
Bununla barəbər onun qurduğu Azərbaycan Kültür Dərnəyinin də 70 illiyidir: "Hamımız bu hadisələri üst-üstə yaşayırıq. Rəsulzadə türk dünyasının yetişdirdiyi Atatürk qədər dəyərli və mühüm şəxsiyyət olub. Məhəmməd Əmin Rəsulzadə Şərqə ilk dəfə olaraq demokratik, hüquqi, insan haqqlarına önəm verən bir Cümhuriyyət qurub. Təəssüflər olsun ki, bu böyük insan 1920-ci ildə qurduğu Cümhuriyyətlə, doğub böyüdüyü Vətəni və ailəsi ilə vidalaşmadan mühacirət etməyə məcbur qalıb.
Lakin buna baxmayaraq, Rəsulzadə geridə buraxdığı heç nəyi əsla unutmayıb, son nəfəsinə qədər müqəddəs amalı uğrunda mübarizə aparıb. Ona görə də Rəsulzadə bugün də yaşayır. Böyük dövlət adamları öldükdən sonra da yaşayırlar”.
Azərbaycanlı sənətçi Nuriyyə Hüseynova da bəyan edib ki, insan üçün ən böyük zənginlik mal-mülk deyil, illər sonra da xalqın ürəyində yer etməsi, xoş təəssüratlarla yad edilməsidir:
"Rəsulzadə ad qoyub gedənlərdəndir. Harada bir türk və azərbaycanlı varsa, mütləq M.Ə.Rəsuzladəni hörmətlə yad edir. Əminəm ki, onu sevənlər ideyasını da daim yaşadacaqlar”.
Məhəmməd Əmin Rəsulzadə adına Ankara Anadolu litseyinin müdiri Hüseyn Qazi Yıldırım da Rəsulzadəni bütün türk dünyasının milli qəhrəmanı adlandırıb:
"Rəsulzadənin məzarı başında olmaq mənim üçün qürurvericidir. Azərbaycan və Türkiyə qardaşdır, ona görə də Rəsulzadə bizim də böyüyümüzdür. Məhəmməd Əmin Rəsulzadə adına Ankara Anadolu litseyinin müdiri olmaqdan qürur duyuram. Bizim litsey təhsil səviyyəsinə görə Türkiyədə ilk onluğun içindədir. Bu da M.Ə.Rəsulzadəyə yaraşan məqamdır. Mən hamını litseyimizi ziyarət etməyə dəvət edirəm”.
İsmayıl