Atdığımız hər gülləyə cavab verə bilmirlər

Düşmən Qarabağda yaşamağın böyük təhlükə olduğunu anlamalıdır



Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Mütəmadi olaraq atəşkəsi pozan erməni silahlı birləşmələri ötən gecə bütün cəbhəboyu təxribat xarakterli fəaliyyətlərini həyata keçirməyə çalışıblar. Lakin təcavüzkar düşmən ordusu xeyli itki verərək geri çəkilib. Ermənistanın rəsmi qurumları da cəbhə xəttində itki verdiklərini təsdiqləyiblər. Azərbaycan Müdafiə Nazirliyi də cəbhədə baş verən son insidentlə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunub ki, regiondakı hərbi-siyasi vəziyyətdən istifadə etməyə çalışan erməni silahlı bölmələri dekabrın 4-nə keçən gecə cəbhənin müxtəlif istiqamətlərində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqın etməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələri düşməni qabaqcadan aşkar edərək, onun hərəkətinin qarşısını qətiyyətlə alıb. Erməni tərəfi xeyli sayda itki verərək, geri çəkilməyə məcbur edilib. Düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin bir giziri yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçu tibb müəssisəsinə təxliyə edilib. Onun sağlamlığına heç bir təhlükə yoxdur və həkimlərin nəzarəti altındadır.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, Ermənistan addımlarını regional şəraitə uyğun atır. Xüsusilə, Rusiya və Türkiyə arasındakı gərgin münasibətdən qaynaqlanaraq, vəziyyəti daha da qəlizləşdirirlər: "Rusiyada müəyyən şovinist dairələr Türkiyəyə zərbə vurmağa, münasibətləri korlamağa çalışırlar. Ermənilərin də hadisələrdə siyasi çıxarları və maraqları var. Bəlli ritorika ilə onlar xal toplayır, tarixi düşmənçiliyi körükləyirlər. Rusiya politoloqları da tez-tez məşhur anqlosak prinsipini təkrarlamağı xoşlayırlar və deyirlər ki, "düşməninlə başqasının əli ilə savaş”. Bu o deməkdir ki, Kremldə Ermənistana ciddi ehtiyac duyulur. Moskva bu istiqamətdə iki zərbə vura bilər. Ya Türkiyə əleyhinə təxribatları gündəmə çıxarar, ya da əvəzini Azərbaycandan çıxar”. Deputatın sözlərinə görə, cəbhə xəttindəki bütün hərəkətlər birbaşa Ermənistanın daxili siyasətinə indekslənib: "Görünən odur ki, son dövrlər cəbhə xəttində atəşkəsin mütəmadi pozulması, bölgədəki gərginliklə birbaşa bağlıdır. Ancaq məsələ burasındadır ki, ermənilər Qarabağ faktoru ilə Azərbaycana zərbə vura bilmirlər. Müdafiə Nazirliyinin açıqladığı məlum əməliyyatda erməni tərəfi həm texnika baxımından, həm də canlı qüvvə etibarı ilə ciddi itki verdi. Ümumiyyətlə, 2015-ci il ermənilər üçün uğursuz keçdi. Hərbi cəhətdən onlar böyük zərbələr aldılar. Aydındır ki, erməni tərəfdə atəş əmrini hərbi komandan yox, Ermənistanın Prezident Aparatı verir. Referendum öncəsi Ermənistanda yaşanan prosesləri izləyirik. Xalq konstitusion islahatlar adlı aksiyanın sadəcə mərəkə olduğuna qərar verdi və onu boykot etdi. Cəbhə xəttindəki vəziyyəti gərginləşdirmək isə Ermənistandakı xalqı cilovlamağın ən yaxşı alətidir. Ermənistan hakimiyyəti də məhz bundan istifadə edir. Obrazlı desək, 1990-cı illərdə Qarabağ münaqişəsi Azərbaycanın dövlət quruculuğuna zərbə vururdu, indi isə Ermənistana zərbə vurur”. Z.Oruc deyib ki, Azərbaycan Silahlı Qüvvələri mütəmadi olaraq atəşkəsi pozmalı və erməni ordusuna yadelli işğalçılar olduqlarını xatırlatmalıdır: "Bu, bir çoxlarına qəribə görünür. Amma düşmən Qarabağda yaşamağın böyük təhlükə olduğunu anlamalıdır. Nəzərə almalıyıq ki, bizim atdığımız hər gülləyə qarşı ermənilərin cavab vermək imkanı yoxdur. Fikrimcə, Azərbaycan erməniləri siyasi və hərbi tələlərə çəkməlidir”.

İsmayıl