“Atəşkəslə bağlı mənim də mövqeyim fərqli idi”
Pənah Hüseyn: “Amma ola bilsin ki, hökumətdə başqa hansısa məlumatlar var idi. Ona görə də atəşi dayandırmaq haqqında Moskvada sənədə imza atıldı”
Aprelin 2-də işğalçı Ermənistan ordusunun təxribatları nəticəsində atəşkəsin pozulması, qoşunların təmas xəttində gərginliyin yaranmasına rəvac verdi. Faktiki olaraq şiddətli döyüşlər irimiqyaslı müharibənin başlamasına zəmin yaratmışdı.
Ermənilərin təxribatlarına layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələri, torpaqlarının işğaldan azad edilməsi üçün istənilən gücə malik olduğunu nümayiş etdirdi. Təmas xəttində yüzlərlə itki verən düşmənlər anladılar ki, Azərbaycan torpaqlarını işğaldan azad edib, ərazilərində bəslənən terrorçuları məhv etmək qabiliyyətindədir. Üç gün davam edən döyüşlərdən sonra, Moskvada yenidən atəşkəs haqqında razılıq əldə edildi.
"Üçgünlük müharibə” adlandırılan döyüşlərlə bağlı fikirlərini "Şərq”ə açıqlayan sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib ki, Azərbaycan öz torpaqlarını azad etmək üçün hərəkətə keçməlidir... Konstitusiyamızda da bu, ümdə vəzifə olaraq Silahlı Qüvvələrimizin üzərinə qoyulub. Beynəlxalq hüquq da deyir ki, Azərbaycanın torpaqlarını işğaldan azad etmək hüququ var. Aprelin 2-də düşmən təxribat törətdi, biz də bu hüququmuzdan istifadə etməyə çalışdıq.
Azərbaycan Ordusu, əsgərimiz fədakarlıq nümayiş etdirdi. Döyüş əzmini, torpaqlarımızı işğaldan azad etmək üçün var gücü ilə irəli atıla bilmək cəsarətini əsgərimiz ortaya qoydu. Düşmən tərəf xeyli itki verdi, biz də şəhidlər verdik. Xalqımız da bu dövrdə çox böyük əzmkarlıq nümayiş etdirdi, döyüş əzminin olduğunu sübut etdi. Çox sevindirici haldır ki, Azərbaycanın ictimai-siyasi qüvvələri yekdil olduğunu göstərdi. Yəni siyasi qüvvələr döyüş dövründə öz borcunu yerinə yetirdi. İstisnasız olaraq, xalq, ordu, siyasi qüvvələr Qarabağ məsələsində bir olduğunu nümayiş etdirdi. İqtidara əlbəttə ki, bu hadisələrlə bağlı suallar var. Amma hesab edirəm ki, Qarabağla bağlı baş verənlər qarşılıqlı ittihamlar üzərində deyil, aydınlatma səviyyəsində olmalıdır. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Kiçik uğurlar qazansaq belə, əzmkarlığımız ortadadır. İnşallah, Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunmasında daha böyük uğurlarla bizləri sevindirəcəklər.
- Qoşunların təmas xəttində Ermənistanın təxribatı ilə atəşin pozulması Bişkək protokolunu qüvvədən salmış oldu. 3 günlük döyüşlərdən sonra Moskvada bu protokol sanki yeniləndi. Bu prosesi necə dəyərləndirirsiz?
- Ümumiyyətlə, 1994-cü ildə vəziyyətin gərginliyi ilə bağlı, Bişkəkdə imzalanan atəşkəs protokolu illərdir gündəmdən düşüb. Zaman-zaman təmas xəttində atəş səsləri eşidilib. Bişkək protokolunda uğursuz cəhdlər olub. O sənəddə atəşkəsin müddəti göstərilməyib. Atəşkəsin bir il, beş aylıq, üç aylıq və ya hansısa illik, aylıq müddəti olmalıdır. Bişkək protokolunun qarantı kimi, o dövrdə Rusiya tərəfi çıxış etmişdi. İndi də bu qarantiyadan istifadə edərək rəsmi Moskva müdaxilə etdi. Bununla da növbəti dəfə atəşkəs haqqında sənəd imzalandı. Birinci Azərbaycan tərəfi atəşkəs istəyini bildirdi, birtərəfli atəşi dayandırdı. Amma işğalçı Ermənistanın silahları susmadı, vəziyyət bununla daha da gərginləşdi. Şəxsən mənim mövqeyim fərqlidir. Cəmiyyətdə bir çoxları kimi, bir vətəndaş olaraq atəşin belə tez dayandırılmasını gözləmirdim. Bunun tərəfdarı da deyildim. Siyasi baxımdan da, AXP-nin də təmsil olunduğu partiyaların koalisiyası, tələb etdi ki, bu məsələdə qətiyyətlilik və ardıcıllıq nümayiş etdirilsin. Amma ola bilsin ki, hökumətdə başqa hansısa məlumatlar var idi. Ona görə də atəşi dayandırmaq haqqında Moskvada sənədə imza atıldı. Əlbəttə, müəyyən suallar var. Əsas olan odur ki, imkan verilməməlidir ki, bu suallar cəmiyyəti qütblərə bölsün. Sadəcə anlaşılan şəkildə bir aydınlatma olmalıdır.
- Rusiyanın XİN başçısı Sergey Lavrov Bakıya gəldi, Qarabağ məsələsinin sülh yolu ilə həll olunması istiqamətində bir neçə planın olduğunu dedi. Sizcə, həmin planlar nədən ibarətdir?
- Rusiya tərəfinin əvvəllər də, təmas xəttində baş verən son hadisələrdən sonra da müxtəlif bəyanatları olub. Əlbəttə ki, bu bəyanatlar, ümumiyyətlə, Kremlin planlarının heç biri Azərbaycan üçün qəbuledilməzdir. O planlar hansılardır?! Kreml bu haqda danışmır. Konkret olaraq, hesab edirəm ki, Lavrovun dediyi mənasız bir şeydi. Ortada yeni heç bir plan yoxdur.
Təbii ki, bu hadisələr Rusiyanın niyyətinin nə olduğunu bir daha ortaya qoydu. Bunu Azərbaycan qəbul edə bilməz ki. Lavrovdan sonra baş nazir Medvedyev səfər etdi, bəyanat verdi. O, bəyanatında "münaqişə dondurulmuş vəziyyətdə saxlanılmalıdır” dedi. Bu tipli bəyanat rəsmi Bakının mövqeyinə uyğun deyil. Ona görə də Azərbaycan bunu qəbul etməyəcək. Bu da onu göstərir ki, Qarabağ münaqişəsinin hərbi yolla həlli bundan sonra gündəmdə olacaq.
- Fikirlər var ki, son hadisələrdən sonra Azərbaycanın sülh danışıqları masasında mövqeyi gücləndi...
- Məsələ odur ki, Qarabağ münaqişəsinin həlli mürəkkəb olaraq qalır. Biz arzu edirik ki, Azərbaycan üçün uğurlu nəticələr əldə edilsin. Torpaqlarımız işğaldan azad edilsin.
- Növbəti dəfə atəşkəs imzalansa da, bunun kövrək olduğu qənaəti var. Sizcə, bundan sonra da belə döyüşlər baş verə bilərmi?
- Təbii ki, torpaqlarımız azad edilməlidir. Bunun üçün biz hər an beynəlxalq hüququn verdiyi icazədən istifadə edə bilərik. Atəşkəs hər zaman müvəqqəti xarakter daşıyır. Biz torpaqlarımızı işğaldan azad edib, qələbə qazanmadıq ki, bundan sonra atəşin pozulmayacağını bəyan edək. Hamıya məlumdur ki, status-kvonun saxlanılması ermənilərə sərf edən variantdır. Azərbaycan isə status-kvonun dəyişdirilməsinə çalışır. Bunun üçün bütün mümkün addımlar atılmalıdır. Atəşkəs taktiki məsələdir, ona görə də əbədi ola bilməz.
Anar Bayramoğlu